Musa Zalov: «Əgər ölkə daxilində yaşayanların bu imkanları əllərindən alınıbsa, bunu xaricdə yaşamağa məcbur olanlar etməlidir»
Son illər respublikamızda vətəndaş cəmiyyəti institutları və müstəqil düşünən şəxslərə qarşı təqiblər artıb. Bir ildən çoxdur başlanan həbs dalğası artıq cəmiyyətdə kifayət qədər nüfuzu olan şəxslərin də həbsə düşməsi ilə nəticələnib. Bu təqiblərdən yayına bilər isə ölkəni tərk etmək məcburiyətində qalıb.
- Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına qarşı təqiblərin arxasında Sizcə hansı məqsəd durur?
- Vətəndaş cəmiyyətinin formalaşması sahəsidə əsas ağırlıqlardan biri də Qeyri-Hökumət Təşkilatlarının üzərinə düşür. Bunun üçün əhali arasında maarifləndirmə işinin doğru-düzgün şəkildə aparılmasının müstəsna əhəmiyyəti var. Azərbaycanda da vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi qarşıda duran vacib məsələlərdən biri idi. Artıq son illər avrointeqrasiyanın güclənməsində də vətəndaş cəmiyyətləri institutları müstəsna rol oynayırdı. Çünki vətəndaş cəmiyyəti institutlarının ölkədə, dünyada ictimai, siyasi vəziyyətin formalaşmasında böyük rolu var idi. QHT-lərin maarifçilik istiqamətində fəaliyyəti, onların cəmiyyətin alt qatlarına asanlıqla nüfuz edib, dövlətin öz üzərinə götürə bilmədiyi funksiyaları reallaşdırması işini yerinə yetirirdi. Belə olan halda vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin idarə olunmasında rolu artırdı. Bu isə xalq qarşısında hesabatlılıqdan çəkinən hökuməti narahat etməyə bilməzdi. Məhz bu səbəbdən hökumət müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini əngəlləməyə başladı. İlk mərhələdə əngəllər keçirilən tədbirlərin qarşısının alınması, vətən camiyyəti institutları fəallarının təzyiqlərə məruz qoyulması şəklində özünü göstərirdi. Amma bunlar ölkədə normal cəmiyyət qurulmasını qarşısına məqsəd qoyan, cəmiyyətin maarifləndirilməsi ilə onun inkişafına nail olmaq istəyən cəsarətli insanları yollarından döndərə bilmədi. Belə olan halda hökumət digər alətləri işə saldı. Öncə vətəndaş cəmiyyəti institutlarının bütün maliyyə mənbələrini dondurdu. Qrantların qeydiyyatının dayandırılması ilə bu qurumları hərəkətsiz hala gətirdi. Ardınca hələ də süzünü deməyi bacaran vətəndaş cəmiyyəti institutları fəallarını ya həbsə atdı, ya da mühacirətdə yaşamağa məcbur etdi. Bütün bunların arxasında isə əldə etdiyi hakimiyyəti nəyin bahasına olur-olsun qorumağı qarşısına məqsəd qoyan hökumətin hakimiyyət hərisliyi və daha rahat idarə etmək istəkləri durur.
- Siyasi partiyaların onsuz da zəif olduğu, azad mətbuatın olmadığı bir şəraitdə, QHT-lərin də sıradan çıxarılması cəymiyyətə nə vəd edir?
- Ölkədə siyasi partiyaların fəaliyyəti onsuz da iflic edilmişdi. Həmçinin, siyasi partiyaların cəmiyyətin tələblərini qarşılaya bilməməsi onlara qarşı olan inamı azaltmışdı. Belə olan halda hakimiyyətin istənilən addımına aşağının müqavimətinin stimullaşdırılması azad mətğbuatın üzərinə düşürdü. Amma Azərbaycan mətbuatı da xeyli müddətdir ki, birtərəfli informasialar verir. Elektron mətbuat tam şəkildə, çap mətbuatı isə 90 faizə yaxın hakimiyyətin təsiri altında idi. Yeganə alternativ fikir yayıcısı olan Azadlıq radiosunun qapılarının möhürlənməsi isə cəmiyyət üçün olan son nəfəsliyin də qapadılması idi. Amma müəyyən təbii qanunauyğunluqlar var ki, onların istiqamətini dəyişmək o qədər də asan deyil. Məsələn, əgər yerin altından bir bulaq qaynayırsa, onun qarşısının böağlanması ilə bu bulağın üzə çıxmasını dayandırmaq olmaz. Həmin bulaq istər-istəməz başqa bir yerdən qaynayacaq. Siyasi partiyaların fəaliyyəti əngəlləndi, QHT-lər fəallaşdı, QHT-lərin fəaliyyətinin qarşısı alındı mətbuat önə çıxdı, azad mətbuatın önü kəsildi gənclər təşkilatları, sosial media bu missiyanı üzərinə götürdü. Artıq köhnə qanunlar və metodlarla cəmiyyəti idarə etmək mümkün deyil. Sosial media vasitəsi ilə bir gündə milyonlarla insanı bir yerə toplamaq mümkündür. Buna görə də bu mərhələdə cəmiyyəti ayaqda saxlamaq lazımdır. Əgər ölkə daxilində yaşayanların bu imkanları əllərindən alınıbsa, bunu xaricdə yaşamağa məcbur olanlar etməlidir.
- Vəziyyətdən çıxış yolunu necə görürsünüz?
- Artıq dünyada analoji təcrübələr var və bunları nəzərə almadan davam etmək mümkünsüzdür. Cəmiyyəti uzun müddət zor gücünü idarə etmək olmaz. Sərhədlər nə qədər daralsa, aqressiya da o qədər artır. Cəmiyyətdə olan enerji hansısa formada boşalmalıdır. Sərbəst toplaşmaq azadlığına yol verməmək, sərbəst seçim imkanlarını insanların əlindən almaq, azad medianı boğmaq, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini qadağan etməklə hakimiyyət öz sonunu yaxınlaşdırır. Bu mərhələdə sadəcə mübarizəni sivil yollarla davam etdirmək lazımdır. Azərbaycan cəmiyyəti hər cür zorakılığın əlehinədir. Biz ölkə konstitusiyasının vətəndaşlara verdiyi hüquqların reallaşdırılmasını istəyirik
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?