QHT-lərlə bağlı qanun layihəsi sərt təpki ilə qarşılanıb
Ölkənin bir sıra ictimai təşkilatları hökumətin vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş siyasətinə etiraz bəyanatı yayıblar. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan Turan-a daxil olmuş bəyanatda deyilir: “Son vaxtlar birləşmək, toplaşmaq və ifadə azadlıqları ilə bağlı hüquqi bazanın və siyasi mühitin sərtləşdirilməsi istiqamətində ardıcıl antidemokratik addımlar atılır. Sərbəst toplaşmaq azadlığına qadağalar, bununla bağlı irihəcmli cərimələrin tətbiqi, kütləvi həbslər, QHT-lərə artıq nəinki regionlarda, hətta Bakidakı otellərdə konfranslarin kecirilmələrində suni maneələr, cəmiyyətdəki problemlərin mətbatda qabardılmaması ilə baglı müxalifət və müstəqil media nümayəndələrinə xəbərdarlıqlar, ümumilikdə sivil topluma garşı mərkəzləşdirilmış təzyiq həlqəsinin tərkib hissəsidir. Hazırda qeyri-hökumət təşkilatları, siyasi partiyalar və dini birliklərin iqtisadi əsasları və maliyyə fəaliyyətinin daha da sərtləşdirilməsi və bununla bağlı fantastik cərimələrin, hətta əmlak müsadirəsi sanksiyaların tətbiqini nəzərdə tutan yeni qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması da bu siyasətin davamı kimi qiymətləndirilməlidir. Biz, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu siyasətə etiraz edərək bəyan edirik ki, bütün bunlar ölkədə birləşmək, toplaşmaq və ifadə azadlıqlarının məhdudlaşdırılmasına xidmət edir. Hesab edirik ki, bəyan edilən siyasi kursla birbaşa ziddiyyət təşkil edən bu siyasət ölkədə demokratik proseslərin və vətəndaş cəmiyyətinin inkşafına əngəl yaratmaqla dövlətin imicinə ciddi zərbə vurur. Bütün bu basqıların və sivil toplumla bağlı qanunvericiliyə yeni dəyişikliklər layihəsinin ölkədə vətəndaş cəmiyyəti təşkilatlarnın fəaliyyətinə vuracaq ağır təsirləri nəzərə alaraq, siyasi hakimiyyəti belə təşəbbüslərdən çəkinməyə cağırırıq. Eyni zamanda Milli Məclisin rəhbərliyinə və hər bir millət vəkilinə müraciət edərək belə bir mürtəce qanun layhəsini müzakirəyə çıxarmamağa və ona səs verməməyə çağırırıq. Biz, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri öz növbəsində bildiririk ki, parlament və hökumət səviyyəsində bu qanun layihəsi də daxil olmaqla birləşmək, toplaşmaq və ifadə azadlıqları ilə bağlı hüquqi bazanın liberallaşdırılması məqsədi ilə bütün məsələlərin konstruktiv müzakirələrində maraqlıyıq və bu müzakirələrə hazırıq. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomaik missiyalara müraciət edərək müzakirələrə və həqiqi vətəndaş - hökumət dialoqunun başlanmasına dəstək verməyə çağırırıq”. Qeyd edək ki, bəyanata 50-dən cox QHT dəstəkləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?