Azərbaycanda yol-nəqliyyat hadisəsi (YNH) zamanı sığorta hadisəsi üzrə kompensasiya almaq istəyənlər vəsaitin böyük hissəsini mənimsəyən fırıldaqçılarla üzləşirlər.
Bunu jurnalistlərə İcbari Sığorta Bürosunun (İSB) Kompensasiya və subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva deyib.
Onun sözlərinə görə, bəzi hallarda özlərini sığorta agenti və ya hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən insanlar kompensasiya almağın çox çətin olduğunu iddia edərək aldatma yolu ilə kompensasiyanın böyük hissəsini mənimsəyirlər.
F.Nuriyeva YNH zamanı zərər görənləri kompensasiyaya görə İSB-yə şəxsən müraciət etməyə çağırıb:
“Kompensasiya almaq üçün büroya şəxsiyyət vəsiqəsinin surətini, dəymiş ziyanın ağırlıq dərəcəsi barədə həkimdən arayış təqdim etmək lazımdır. Əlillik halında ekspert qrupundan əlilliyin alınması vaxtı, şəraiti və əlilliyin qrupunu əks etdirən arayış, ölüm halında isə tibbi ekspertizanın ölümün səbəbi haqqında hesabatı, ölüm haqqında şəhadətnamə, eləcə də ölən şəxsin qohumu olduğunu təsdiq edən sənədlər lazımdır”.
O, qeyd edib ki, YNH nəticəsində xəsarət alanın ölməsi halında kompensasiya 5 min manat, birinci qrup əlillik alınarkən 4 min manat, ikinci qrup üçün 3 min manat, üçüncü qrup üçün 2 min manat, orta ağır travma alarkən 1,5 min manat, yüngül dərəcəli travmada isə 750 manat təşkil edir:
“Kompensasiya xəsarət alan tərəfə yalnız poçt vasitəsilə göndərilir” (Trend).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?