Pentensiar Xidmət rəisinin bütün vəzifələri pulla satdığı deyilir
Son günlər ölkə mətbuatı ədliyyə nazirinin müavini, nazirliyin penitensiar xidmətinin rəisi, polis general-mayoru Mədət Quliyevin qanunsuz əməlləri barədə məqalələr dərc edir. Həmin məqalələrin bir qismini istinadla biz də dərc etmişdik. Bu yazılardan sonra redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bizə təqdim olunan faktlar çox ilgincdir. Amma onların nə dərəcədə həqiqət olmasi barədə əlimizdə sübutlar yoxdur. Amma məlumat verən mənbənin Pentensiar Xidmətdə baş verən hadisələri dəqiq bildiyinə şübhəmiz yoxdur. Mətbuatda gedən yazılar doğrudursa, onda sizə təqdim olunan yazıların həqiqəti əks etdirdiyinə şübhə qalmır. Elə buna görə də, təqdim olunan faktların bir hissəsini oxuculara təqdim edirik. Mənbə bildirir ki, Mədət Quliyev bu vəzifəni icra etməyə başlayan kimi 500 - dən çox gənc əməkdaşı (kiçik və orta rəis heyəti) ədliyyə orqanlarında tutduğu vəzifədən azad edib. Çıxarılan şəxslərin yerinə qeyri-peşəkarlar təyin olunmaqla yanaşı, Baş idarədə və cəzaçəkmə (CM və MTCM) müəssisələrində əksər əməkdaşların formal şəkildə vəzifə tutduğu da bildirilir: “Penitensiar müəssisələrdə və Baş idarədə əməkdaşlarının vəzifəyə təyin olunması bir qayda olaraq ödənişlidir. Tanışlıqla vəzifəyə təyin olunan, lakin lazımi miqdarda pul verməyən əməkdaş uzağı bir ay ərzində tutduğu vəzifədən azad olur”. Mənbə PX-də vəzifə tutan bəzi şəxslərin ödədiyi pulların miqdarını da yazır: “Mühafizə Alayının komandiri Mehman Məmmədovdan vəzifəsində saxlanmasına görə, 200.000 AZN pul alınıb. 2012-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına rəis vəzifəsini icra edən Elnur İsmayılovdan 100.000 AZN pul, 9 saylı CM-yə rəis vəzifəsinə təyin olunan Süleyman Həsənovdan 60.000 AZN pul alınıb”. Ümumiyyətlə isə CM və MTCM-rə rəis vəzifəsinə təyin olunmağa görə 70-100 min, cəzaçəkmə müəssisələrinə rəis müavini təyin olunmağa görə 15-25 min, müəssisədən Baş İdarəyə inspektor vəzifəsinə təyin olunmaq üçün isə 5-10 min manat pulun lazım olduğu bildirilir. Mənbə iddia edir ki, PX-yə nəzarətçi kimi işə qəbul üçün 12-15 min, zabit kimi isə 25-30 min manat xərcə düşmək lazım olur: “Eyni zamanda, bütün müəssisə rəisləri hər ay PX rəisinə aylıq pul verir. Aylığın məbləği isə müəssisədə saxlanılan məhkumların sayından, rejimindən, istehsalat imkanlarından, imtiyazlı şəraitin düzgün təşkil olunmasından və digər amillərdən asılıdır. Məhkumların sayına uyğun olaraq məhkumlardan yığılmış pulun 60 faizi PX rəisinə çatdırılır”. “Aznews.az”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?