Qəzada ölən piyadanın yaxınları xəstəxanaya hücum etdi - VİDEO Bakının Sabunçu rayonunda piydanı vuran sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. 1969-cu il təvəllüdlü Əhmədov Vasif Nazim oğlu axşam saatlarında evinə qayıdarkən qeyd edilən ərazidə yolu keçmək istəyib. Yol qaranlıq olduğundan Vasif Əhmədov yaxınlaşmaqda olan maşını görməkdə çətinlik çəkib. Nəticədə hələlik markası və qeydiyyat nişanı dəqiqləşdirilməyən avtomobil 46 yaşlı Vasif Əhmədovu vurub. Avtomobilin sürücüsü dayanıb piyadaya yardım etmək əvəzinə, ərazidən uzaqlaşıb. Ətrafdakılar təcili yardım çağırıblar. Yaralı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralı xəstəxanaya daxil olarkən ona qarnının küt travması diaqnozu təyin edilib.
Ailə üzvlərinin bildirdiyinə görə, Vasif Əhmədov xəstəxanaya gətirilən zaman onun huşu özündə olub. Ancaq xəsarətləri ağır olduğu üçün o, cərrahi əməliyyatdan sağ çıxa bilməyib.
Bundan sonra mərhumun qəzəbli yaxınları xəstəxanaya hücum edərək, əməliyyatxananın qapısının şüşəsini sındırıblar.
Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hazırda piyadanın ölümünə səbəb olan sürücünün axtarışları davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?