Zakir Fərəcov abadlaşdırmaya abad küçədən başlayır
Sumqayıtın icra başçısı Sülh küçəsindəki dükanların sökülməsinə qərar verib. Həmin küçədə fəaliyyət göstərən dükan sahibləri isə bundan əvvəlki abadlaşma üçün bankdan götürdükləri kreditləri hələ verib qurtarmayıblar.
Sumqayıtın məşhur Sülh küçəsində yerləşən dükan və obyekt sahibləri etiraz aksiyası keçirə bilərlər. Buna səbəb Sumqayıtın bir neçə gün əvvəl təyin olunan icra başçısı Zakir Fərəcovun həmin küçədə yerləşən dükan və obyektlərin sökülməsi ilə bağlı verdiyi əmrdir. Bu barədə məlumatda bildirilir ki, Zakir Fərəcov Sülh küçəsinin yeridən abalaşdırılması və küçənin genişləndirilməsi barədə tapşırıq verib.
Qeyd edək ki, Avtovağzaldan başlayaraq, dəniz kənarına, Sumqayıtın simvoluna çevrilmiş məşhur «Göyərçin» abidəsinə qədər uzanan Sülh küçəsi şəhərin əsas və ən abad küçələrindən biri hesab olunur. Keçmiş icra başçısı Eldar Əzizov da Sumqayıta təyin olunduqdan sonra abalıq işlərini məhz bu küçədən başlamışdı. Bir müddət əvvəl isə Eldar Əzizovun tapşırığı ilə həmin küçədə yerləşən dükanlar və obyektlər bahalı materiallarla şüşələnmiş və üzlənmişdi.
Məsələ orasındadır ki, dükanların üzlənməsi üçün dükan sahibləri bankdan kredit götürüblər və hələ də banka kredit ödəyirlər. Yeni icra başçısı Zakir Fərəcovun bu qərarı isə dükan sahiblərini çox pis vəziyyətdə qoyub. Çünki Zakir Fərəcovun bu qərarı ilə onlar iflas edəcəklər. Faktiki olaraq dükan sahibləri bir daha borc götürüb dükanlarını «abalaşdırmaları» imkansızdır. Bu üzdən də Sumqayıtda qarşıdurmanın olması ehtimalı var. Mənbə bildirir ki, əgər Zakir Fərəcov dükanların sökülməsi fikrindən daşınmasa, şəhərdə qarışıqlıq düşə bilər və Sumqayıtda buna maraqlı olanlar da var.
Mənbə iddia edir ki, əslində Zakir Fərəcovun da əsas məqsədi bir çox dükan sahiblərini iflas etdirməkdir. Çünki o halda icra başçısı o dükanları başqasına , öz yaxınlarına satmaq imkanı əldə edəcək.
Qeyd edək ki, yeni icra başçıları özlərindən əvvəlki icra başçılarının apardığı abalıq işlərini söküb yenidən tikmələri bir adət halını alıb. Buna görə isə hər il dövlət və əhaliyə milyon manatlarla ziyan dəyir.
Sorğu
Yeni dizaynımız necədir?