Dünən Sumqayıt şəhər İcra Hakimiyyətində yeni başçı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə ilk görüşünü keçirib
Yeni başçının tənqid hədəfi ilk növbədə Təhsil şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov olub.
Zakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirib.Vaqif Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovub.
Digər məlumata görə, Zakir Fərəcovun tənqid etdiyi şəxslərdən biri Sumqayıt şəhər Arxitektura və Memarlıq İdarəsinin rəis müavini Kamil Məmmədov olub. İcra başçısı son illər şəhərdə bu sahədə ciddi qanun pozuntularına yol verildiyini və bu əməlinə görə Kamil Məmmədov da olmaqla hər kəsin cavab verəcəyini bəyan edib.
İclasda şəhər Kommunal Təsərrüfatı Departamentinin rəhbəri, eləcə də şəhər təsərrüfatına cavabdeh olan digər şəxslər də Zakir Fərəcovun qınağına tuş gəliblər.
Məlumatda qeyd edilir ki, icra başçısının Dezinfeksiya İdarəsinin rəisi ilə maraqlı dialoqu da olub. Zakir Fərəcov rəisə hər gün Bakıdan Sumqayıta gəlib-getdiyini, aylıq əmək haqqının 300 manat olduğunu xatırladaraq, bu məbləğin onun bahalı avtomobilinin heç yanacaqpulu etmədiyini bildirib. İcra başçısı son illər Sumqayıtda əhalinin narazılığına səbəb olan məsələlərlə bağlı daha ciddi faktlarının olduğunu və buna heç kəsin məsuliyyətdən yaxa qurtarmayacağını vurğulayıb.
Qeyd edək ki, Eldar Əzizov Gəncədən Sumqayıta icra başçısı təyin olunandan sonra bu şəhərdə çox sayda vəzifəyə öz adamlarını təyin edib. Zakir Fərəcovun yaxın zamanda həmin şəxslərin hamısını işdən çıxaracağı istisna edilmir. (modern.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?