Ümid Partiyası imzatoplama kampaniyasına yerli məmurların müdaxiləsi ilə bağlı bəyanat yayıb. Moderator.az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, ötən seçkilərdə olduğu kimi bu seçkidə də yerli hakimiyyət orqanlarının imzatoplama kampaniyasına müdaxiləsi davam edir.
Bəyanatda qeyd edilir ki, icra hakimiyyətlərinin tapşırığı ilə Ümid Partiyasından olan namizədlərə imza vermiş şəxslər sonradan yerli icra nümayəndələrinin qəzəbinə tuş gəlir, onlardan zorla öz imzalarından imtina etməsi tələb olunur: "Bəzi rayonlarda namizədin imza vərəqlərinin cırılaraq məhv edilməsinə, qaçırılmasına cəhdlər edilir. Beyləqan , Gədəbəy, Sabunçu, Yevlax, Ağsu, Qazax və bir sıra başqa rayonlarında xüsusi olaraq bu cür hallara rast gəlinir".
Bəyanatda bildirilir ki, Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Vaqif Allahverdiyevin tapşırığı ilə icra nümayəndələri Ümid Partiyasının - 81 Saylı Beyləqan şəhər dairəsindən namizədi Anar İsayevə imza vermiş şəxslərə, onların qohumlarına təzyiq başlayıb: "Namizədə imza vermiş şəxslərdən aldadılaraq imza alındığı barədə bəyanat vermələri tələb olunur. Ümid Partiyası yerli icra hakimiyyəti nümayəndələrinin imzatoplama kampaniyasına müdaxiləsini qəti şəkildə pisləyir, bu cür qnunsuzluqların dayandırılmasını tələb edir. Bildirir ki, bu ciddi qanun pozuntusudur, Seçki Məcəlləsinə ziddir. Bu cür hadisələrin baş verməsi indidən seçkinin qeyri-demokratik, qeyri-bərabər və qeyri-şəffaf şəkildə keçiriləcəyindən xəbər verir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?