Yəqin ki, əslən Laçın rayonundan olan Adil Ağayevin hüquq-mühafizə orqanı əməkdaşlarına etdiyi müraciətlər nəticəsiz qalmayacaq. Çünki, bugünkü qanunvericiliyimiz minbir hoqqalara qol qoyan istənilən şəxsin, lazımınca cəzalandırmasına imkanlar açır
Son illər ictimai həyatımızda vətəndaş hüquq və azadlıqlarının pozulması, dələduzluq əməllərinə qol qoyanların minbir cildə girmələri, kimlərinsə olmazın olaylarla üz-üzə qalmaları, hansısa xoşagəlməz addımların atılması və.s kimi problemlər tüğyan etdikcə, bütün bunlar daha çox müzakirə olunan mövzulardan birinə çevrilir. Bəzi şəxslərin belə bir yolu seçməklə atdıqları addımlar, var-dövlət hərisliyi, çox zaman onları qanunun gücü ilə üz-üzə də qoyur. Əksər hallarda isə, həmin şəxslərin lazımi cəza almaları ilə də nəticələnir. Faciəli hal odur ki, bu cür əməl sahiblərinə qarşı zaman-zaman hüquq-mühafizə orqanı əməkdaşları yetərincə mübarizə aparsalar da, yenə də onlar aludə olduqları əməllərindən əl çəkmək istəmirlər. Elə hallar da olur ki, minbir dələduzluq əməlləri ilə üz-üzə qalanlar, nəinki hüquq-mühafizə orqanı əməkdaşlarına, hətta media qurumlarına da müraciət etmək zorunda qalırlar.
2013-cü ildən minbir oyun qaydalarının qurbanı olan Ağayev Adil Rüstəm oğlu da, bu gün üzləşdiyi problemini həll edə bilmədiyi üçün, ayrı-ayrı KİV üz tutmaq məcburiyyətində qalıb. Məqsədi, yalnız üzləşdiyi problemin ictimailəşməsinə nail olmaqdan ibarətdir. Məsələn, bir neçə gün bundan öncə o, “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı şikayət ərizəsində yazır ki, “mən əslən Laçın rayon sakini olsam da, 2012-ci ildən Abşeron rayonu “28 May” qəsəbəsində kirayədə yaşayıram və Tərtər rayonu Heydər Əliyev prospekti ev-27 ünvanında da qeydiyyatdayam. 2013-cü ildə sərfəli qiymətə ev almaq fikrinə düşdüyümdən, fikrimi bütün doslara, yaxınlara, hətta qohumlarıma da bildirdim. Məqsədim ev alıb nişanlı oğluma toy etmək idi. Həmin ilin avqust ayının sonlarında Nazim adlı qohumum mənə bildirdi ki, “əmim Arif Əhmədov ev almaqda sənə köməklik göstərə bilər”. Onun belə bir açıqlamasından sonra mən Arif Əhmədovla Goranboy rayonunda, daha dəqiq desəm məcburi köçkünlər yaşayan kənddə görüşdük və görüşümüzdə Nazim də iştirak etdi. Ümumi söhbət zamanı Arif bildirdi ki, “məcburu köçkünlər üçün yaşayış mənzilləri tikilir, həmin mənzillərdən birini sənə münasib qiymətə düzəldə bilərəm. Bütün sənədlərin qanuni olacaq və hər hansı saxtakarlığa da yol verilməyəcək”. O, onu da vurğuladı ki, “üçotaqlı mənzilin qiyməti 13 min manatdır, qohum olduğun üçün mənə çatacaq puldan 2 min manatını sənə güzəşt edəcəm. Yəni, 11 min manat pul verərsən, 3 ay müddətinə üçotaqlı mənzili lazımi sənəd-sübutu ilə birlikdə sənə verərəm” dedi. Həmin gün mən ona inandım və üstümdə olan 4 min manat pulu Arifə verib bildirdim ki, qalan pulu da evi təhvil verəndə verərəm. O, mənim belə bir təklifimə razı olmadı və onu vurğuladı ki, istənilən məbləğ əvvəlcədən ödənilməlidir. Belə olan təqdirdə verəcəyim 7 min manat pulu Nazimin vasitəsilə, yəni birinci dəfə 5 min manatı, ikinci dəfə isə 2 min manatı Arifə çatdırdım.
Ümumi razılaşdığımız 3 ay tamam olduqdan sonra, Nazimlə Goranboy rayonuna getdik və Ariflə görüşdük. Görüş zamanı ona bildirdim ki, mən mənzili almağa gəlmişəm. Həmin an Arif vurğuladı ki, “söz verdiyim mənzil hələlik düzəlmir, sənə Abşeron rayonu ərazisindəki “Pereküşkül” qəsəbəsində yeni tikilən binadan mənzil verəcəyəm” dedikdə, əvvəl etirazımı bildirsəm də, sonradan razı olmağa məcbur oldum. Dərhal Arif vurğuladı ki, “tikinti işləri 2014-cü ilin may-iyun aylarında başa çatacaq və həmin vaxtda da, söz verdiyim mənzili sənə təhvil verəcəyəm” dedi.
Mən tikintisi davam etdirilən binalara yaxın ərazidə kirayədə yaşadığımdan, tikinti işləri başa çatan kimi təkrar Nazimlə Arifin yanına getdim. Bu zaman o, yenidən bir aylıq möhlət vaxtı istədi və bildirdi ki, “sizə verilməli olan evlər, məcburi köçkünlərə mənzillər paylanıb qurtardıqdan sonra veriləcək”. Üç ay vaxt keçdikdən sonra təkrar Nazimlə Arifin yanına getdim və budəfəki görüşümüzdə oğlumla bərabər, bacım oğlu da iştirak edirdi. Ümumi məqsədimiz Arifə verdiyimiz 11 min manat pulu geri tələb etmək idi. Bu zaman o, aldığı pullları geri qaytarmağa hazır olduğunu bildirdi və bütün şəhidlərin ruhuna and içdi ki, sənin evin düzəlmək
üzrədir. Arif əslən Xocalı rayonundan olduğuna görə, mən onun belə bir andına inandım. Amma, əslində.....
Bizim söhbətimizdən təqribən bir ay da vaxt keçdi və gördüm ki, Arifdən heç bir səs-soraq çıxmır, belə olan təqdirdə məcbur olub Nazimlə yenidən onun yanına getdim. Bu dəfə isə Arif bildirdi ki, “Sumqayıt yolunda tikilən evdə mənzilin hazırdır və sən də digərləri ilə birlikdə 2014-cü ilin sonunadək mənzilinə köçəcəksən”. Həmin ilin dekabrında bir daha Arifin yanına getdim və onunla son söhbətimi etmək qərarına gəldim. Apardığımız ümumi söhbətdə Arifin həyat yoldaşı, oğlu və qardaşı qızı iştirak etsə də, onunla mübahisəmiz yarandı və bu zaman Arif bildirdi ki, “verdiyin pul azlıq təşkil etdiyi üçün mənzilini düzəldə bilmirəm. Əgər sən 4 min də əlavə pul verə bilsən, mənzilini 2015-ci ilin 05 yanvarınadək sənə verəcəyəm” dedikdə, onun vədlərinə qəti etirazımı bildirdim və verdiyim 11 min manat pulun geri qaytarılmasını tələb etdim.
Onu da qeyd edim ki, Arifə verdiyim 11 min manat pulun hamısını banklardan kreditə götürmüşdüm və həmin pul üst-üstə mənə 20 min manata başa gəlmişdi. Elə ki, onunla aramızda mübahisə daha da qızışdı, bu zaman söhbətdə iştirak edən Arifin həyat yoldaşı, oğlu və qardaşı qızı söz verdilər ki, “sən əlavə 4 min manat pulu verə bilsən, evin mütləq düzələcək. Əgər 10 yanvar 2015-ci il tarixə qədər evin düzəlməsə, o halda pulunu geri qaytaracağıq” dedilər. Ariflə mübahisə etdiyimdən, mən onlara bildirdim ki, bu dəfə pulu Arifin qardaşı qızına verəcəyəm. Bu məqsədlə Bakıya qayıtdım və bankdan kreditə 4 min manat pul da götürdüm. İki gün sonra isə, Goranboya qayıtdaraq Arifin qardaşı qızına zəng etdim ki, pulu ona verə bilim. Onun mobil telefonuna zəng çatmadığından, Nazimin məsləhəti ilə 4 min manat pulu, Arifin həyat yoldaşı Dünya xanıma verib bildirdim ki, 10 yanvaradək mənzilim düzəlməsə bu 4 mini səndən, qalan 11 mini isə Arifdən alacağam dedim. 10 yanvar günü Arifə zəng etdikdə o, bu dəfə başqa bəhanə söylədi ki, “Xocalı soyqırımının ildönümü münasibətilə evlərin paylanması fevral ayının sonuna qaldı”. Mart ayının əvvələrində ona zəng etdim ki, 15 min manat pulu hazırla gəlib götürürəm dedikdə, Arif bildirdi ki, “sən mənə hədə-qorxu gəlmə. Get kimə nə deyirsən de. Oğlum təhsil şöbəsində müavin, kürəkənim isə Xocalı RPŞ-də müstəntiq vəzifəsində çalışır. Odur ki, sənin mənə nəsə etməyə gücün çatmaz” dedi.
Onun belə bir cavabından sonra, məni Ariflə tanış edən Nazimlə Xocalı RPŞ-nə getdik ki, Arifin şöbədə müstəntiq işləyən kürəkəni Sərhəd müəllimlə görüşüb, problemin varlığını onunla müzakirə edək. Ümumi söz-söhbət zamanı Sərhəd müəllim vurğuladı ki, “sizdən xahişim odur ki, məni belə bir söz-söhbətlərə qatmayın. Artıq Arifin əməllərindən gileylənənlərin giley-güzarından cana doymuşam” dedikdə, onu bildirdim ki, Sərhəd müəllim, o, sizin adınızdan istifadə edir, kimlərisə də hədələyir. Sizdən xahiş edirəm ki, gəl sən bu məsələni həll et, mən hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmayım. Sərhəd müəllim məni dinlədikdən sonra bildirdi ki, “siz Arifgilə gedin, mən zəng edib onlara sözümü deyəcəyəm” dedikdə, biz onların evinə üz tutduq. İlk əvvəl Arifgildə onun oğlu Turalla görüşdük, hansı ki, o, atasının dediyi kimi təhsil şöbəsində deyil, orta təhsil ocaqlarının birində direktor müavini işləyirmiş. Problemlə bağlı müzakirə aparılarkən Tural bildirdi ki, “atam sizdən aldığı pulu tanımadığı bir şəxsə verib, bu gün də ondan ala bilmədiyi üçün pulunuzu geri qaytara bilmir. Mən həmin pulu bir ay müddətində sizə qaytaracağam, odur ki, heç bir yana şikayət etməyin” deyə vəd verdi.
Turalın vəd verdiyi vaxt başa çatsa da, problem həllini tapmadı və belə olan təqdirdə Arifə təkrar zəng edib bildirdim ki, sən pulu kimə vermisənsə həmin şəxsin adını de, görüşüb birlikdə söhbət edək və problemi yoluna qoyaq. O, ilk öncə Qaçqınlar və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışan yüksək çinli vəzifə sahiblərindən birinin adını çəksə də, sonradan fikrindən daşındı. Belə olan halda ona çatdırdım ki, indi mən Bakıya gedirəm, sənin əməllərinlə bağlı lazımi orqanlara müraciətlərimi ünvanlayacağam deyə fikrimi ona bildirdim.
Elə ki, Bakıya qayıdırdım, həmin vaxt Arifin oğlu Tural zəng edib mənə bildirdi ki, “kürəkənimizin əmək haqqı kartına uyğun yalnız 7 min manat pul götürə bilmişik, qalan pulu da bir ay ərzində çatdıracağıq” deyə söz versə də, təəssüflər olsun ki, bu günə qədər də
qaytarmayıblar. Artıq bu gün elə bir vəziyyət yaranıb ki, zəng edib pulumu onlardan istəyəndə, mənə hədə-qorxu gəlirlər və bildirirlər ki, “Arifin pul verdiyi adam nə vaxt pulu geri qaytaracaqsa, o halda biz də sənin pullarını geri qaytaracağıq” deməklə, hər dəfə mənə başdansovdu cavablar verirlər.
Bu gün üzləşdiyi problemin həllinə nail ola bilməyən Adil Ağayev, hüquq-mühafizə orqanı əməkdaşlarına üz tutub bildirir ki, “məni minbir olayla üz-üzə qoyan, ayrı-ayrı banklardan 15 min manat pulu kreditə götürməyə vadar edən, Arif adlı şəxsin əməllərinə hüquqi qiymət verməyin artıq zamanı çatıb. Bu gün tam əminliklə başa düşürəm ki, 2013-cü ildən indiyə qədər məni get-gələ salan, “sənə mənzil alıb verəcəyəm” adı ilə məni aldadan bu şəxsin əməllərinə lazımi qiymət verilməzsə, yəqin ki, o, bundan sonra da minbir hoqqalara qol qoyacaq” deyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?