Maarif Qurbanov: “Rövşən Rzayevin atdığı addımlar, hər kəsdə böyük ümid hissinin baş qaldırmasına səbəb olur”
Bir neçə gün bundan əvvəl “Gündəm Xəbər” qəzetinin redaksiyasına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, keçid-1850, A/yat-18, ev-5A ünvanda qeydiyyatda olan, faktiki olaraq Sabunçu rayonu, Əmir Bağırov küçəsində yaşayan Qurbanov Maarif Əşrəf oğlu tərəfindən növbəti müraciəti daxil olub. O, yazmış olduğu müraciətində qeyd edir ki, “mən 1983-cü ildən 1991-ci ilə kimi 1 saylı Evtikmə Kombinatında fəhlə işləmişəm. Belə bir səbəb üzündən də, 19 fevral 1997-ci il tarixdə mənə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi M.Hadiniski-101, bina-14, blok-3, mən-70 ünvanda №039819 saylı orderlə üçotaqlı mənzil verildi. Onu da vurğulayım ki, order mənə 1997-ci ildə verilsə də, qeyd olunan ünvanda inşa olunan binada tikinti işləri 1992-ci ildə başa çatdırılmışdı. Hal-hazırda bizim ailə üzvləri 7 (yeddi) nəfərdən ibarətdir və hələ bir neçə il bundan əvvəl, iki oğul övladım Vətən qarşısında həqiqi hərbi xidmətini uğurla başa vuraraq geri qayıtmışlar. Bu gün ailəlikcə Bakı şəhəri, Hövsan qəsəbəsi keçid-1850, A/Yat-18, ev-5A ünvanda qeydiyyatda olsaq da, hal-hazırda Sabunçu rayonu, Əmir Bağırov küçəsində lazımi şəraiti olmayan, darısqal bir evdə yaşayırıq. Buna da səbəb, 19 fevral 1997-ci il tarixdə 1 saylı Evtikmə Kombinatı tərəfindən mənə verilmiş mənzilimin, 1993-cü ildə Zəngilan rayonundan qaçqın düşən Babayev Baba Qurban oğlugilin ailə üzvləri tərəfindən zəbt olunmasıdır. Əldə etdiyimiz şifahi məlumatlara görə, Baba Babayevin ailə üzvləri bir qədər imkanlı olduqlarından, onların şəhərin müxtəlif ünvanlarında, o cümlədən Abşeron rayonu Saray qəsəbəsində yaşayış evləri var. Yəni, onların yaşamalarına digər ünvanlarda lazımi şərait olsa da, təəssüflər olsun ki, Babayev soyadlı şəxslər halal zəhmətimin müqabilində mənə verilmiş mənzilimi bu gün də boşaltmırlar. Boşaltmalarını tələb etdikdə isə, mənə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Hətta, şifahi məlumatlar da əldə etmişik ki, onlar digər ünvanlarda sahib olduqları mənzillərini kirayəyə veriblər. Amma maddi imkansızlıq ucbatından, bu gün mən bir ata olaraq 1990-cı il təvəllüdlü oğul övladımı evləndirə bilmirəm. Çünki, onu evləndirib digər ünvanda yeni mənzillə təmin etmək imkanım yoxdur. Özüm uzun illərdir ki, işsizəm və 1961-ci il təvəllüdlü olduğumdan müəyyən yaş həddinə çatmışam, səhhətimdə ciddi problemlərim əmələ gəlib. Üz-üzə qaldığımız problemlərlə bağlı bu günə kimi bir neçə dəfə sabiq Komitə sədrinə və ayrı-ayrı vəzifə sahiblərinə müraciətlər etmişəm. Hər dəfə etdiyim müraciətlərimə başdansovdu cavablar verməklə, bir növ məni “yola veriblər”. Amma, indi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni ab-havanın əmələ gəlməsi haqda məlumatlar eşidirəm. Çünki, ölkə rəhbərimiz cənab İlham Əliyev indiki dövrdə olduqca strateji əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Rzayevi təyin etməsi, sanki hər kəsdə böyük ümid hissinin baş qaldırmasına da səbəb olub.
Bu gün mən də böyük ümid hissi ilə yaşayıram. Çünki, adı çəkilən quruma Rövşən müəllim sədr təyin olunan kimi, 1994-cü ildən bu günə kimi üz-üzə qaldığımız problemin həlli ilə bağlı ona müraciətimi ünvanladım. Düzdür, hələlik mənə müraciətimin çatması haqda cavab verilib. Buna baxmayaraq, mən o hala da inanıram ki, cənab Rövşən müəllim ünvanladığım müraciətdə qeyd etdiyim problemin həlli yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını verəcək”.
Bəli, biz də bir redaksiya olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaşananlar haqda müəyyən məlumatları eşitmişdik. Yəni, Əli Həsənovun adı çəkilən quruma rəhbərlik etdiyi illər ərzində, qaçqın və məcburi köçkünlərə məxsus çoxsaylı problemlərin əmələ gəlməsi, süründürməçilik hallarının baş verməsi və digər qanunsuzluqların varlığı haqda məlumatları eşitdikcə təəssüf hissi keçirirdik. Bugünkü ab-havanın varlığı isə, bizim də problemlərin ədalətli həlli yöndə ümidlərimizi artırmaqdadır. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?