“Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin sahibi Nizami İsgəndərovun iş adamı kimi çoxlu sayda qəribəliklərə malik olduğundan bəhs etmişdik. Bugünlərdə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə, iş adamının rəhbərlik etdiyi alqı-satqı mərkəzlərinə daha bir neçə qadağa gətirdiyini bildirib. Mənbənin məlumatına görə, bu dəfə N.İsgəndərovun zavalına gələn “Sumqayıt” Ticarət Mərkəzinin qızıl şöbəsində çalışan işçilər olub: “Bu kəs ticarət mərkəzinin qızıl şöbəsində çalışan bəzi xanımların ev şəraitində geyinmək üçün nəzərdə tutulan xüsusi səndəllərdən istifadə etməsi N.İsgəndərovun qəzəbinə səbəb olub. Qızıl satıcılarının məlum “səhvindən” sonra bu barədə onlara müvafiq xəbərdarlıq ünvanlayan iş adamı, bundan sonra işdə səndəl geyinən şəxslərin dərhal qovulacağını bildirib. N.İsgəndərovun məlum xəbərdarlığından sonra satıcıların hamısı ayaqlarındakı səndəli ayaqqabı ilə əvəz etməyə məcbur qalıb”.
Qalxın, məhkəmə gəlir!
Mənbənin bildirdiyinə görə, N.İsgəndərovun digər qəribəliklərindən biri də onu hətta uzaqdan-uzağa görən şəxslərdən belə ayaq üstə durmağı tələb etməsidir: “N.İsgəndərovun müxtəlif qəribəliklərindən biri də hər kəsi ona məcburən hörmət etməyə vadar etməsi ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, iş adamı onu uzaqdan görən və ya səsini eşidən hər kəsin ayaq üstə durmasını, yalnız o getdikdən, tamam gözdən itdikdən sonra oturmasını tələb edir. Şübhəsiz, iş adamının bu kimi tələbləri ticarət mərkəzinin icarədarları və satıcıları tərəfindən narazılıqla qarşılansa da, onların hamısı işdən qovulmamaq naminə N.İsgəndərovun bu tələbinə əməl edir, onu görən kimi eyniylə “qalxın, məhkəmə gəlir” xəbərdarlığı alan şəxslər kimi ayağa dururlar. İşin ən xoşagəlməz tələbi isə “Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərində çalışan hər kəsin yaş və cinsindən asılı olmayaraq bu xəbərdarlığın tələblərini yerinə yetirmək məcburiyyəti ilə bağlıdır. Ümumiyyətlə, bu gün adı çəkilən ticarət mərkəzlərində N.İsgəndərovun tətbiq etdiyi qaydalardan zərrə qədər də olsun kənara çıxmaq işdən qovulmaqla əvəz edilir”.
“Cavid” Ticarət Mərkəzi böyüyür, elə arendalar da
Bugünlərdə iş adamının “Cavid” Ticarət Mərkəzində arendatorların istifadəsinə verilən obyektləri önə doğru böyütməsi də mənbənin verdiyi xəbərlər sırasındadır: “Artıq bir neçə gündür ki, “Cavid” Ticarət Mərkəzindəki obyektlərin qabağa doğru genişləndirilməsi prosesi aparılır. N.İsgəndərovun təşəbbüsü ilə aparılan bu proses arendatorlar tərəfindən kəskin narazılıqla qarşılanıb. Buna səbəb böyüyən yerlərlə yanaşı arenda qiymətlərinin də artmasıdır. Bu gün “Cavid” Ticarət Mərkəzində çalışan şəxslər icarəyə götürdükləri obyektlərə görə 600-800 manat məbləğində arenda haqqı ödəyirlərsə, bundan sonra bu arenda qiymətinin min manat məbləğində müəyyənləşdiriləcəyi proqnozlaşdırılır. Bu isə, alış-verişin zəifliyi səbəbilə iflasa doğru gedən icarədarların biznesinin tam olaraq tənəzzül etməsi deməkdir. Lakin nə iş adamı, nə də onun köməkçiləri arendatorların üzləşdiyi və ya üzləşə biləcəyi problemlər haqqında deyil, arenda qiymətlərini necə, hansı şəkildə artıra biləcəkləri haqqında düşünürlər”.
Arendatorların hüquqları necə pozulur?
Mənbənin sözlərinə görə, ticarət mərkəzi daxilində baş verən proseslər arendatorların hüquqlarının pozulması ilə paralel müşahidə edilməkdədir: “Bu gün “Cavid” Ticarət Mərkəzində icarəyə verilən obyektlərin təktar genişləndirilməsi prosesi həyata keçirilir ki, bu barədə icarədarların heç birinin razılığı alınmayıb. Halbuki, belə bir addımdan öncə icarədarlarla söhbət aparılmalı, onların belə bir genişlənməyə razıl olub-olmadıqları müəyyənləşdirilməli idi. Çünki obyektlərin önə doğru genişləndirilməsi icarədarların fəaliyyətinə maneçilik törətməklə yanaşı, arenda qiymətlərinin artması ilə də sonuclanacaq ki, bu da arendatorlar üçün əlavə yük deməkdir. Çünki onlar bu obyektləri daha aşağı qiymətə icarəyə götürdükləri halda, məlum genişləndirmədən sonra 200-400 manat daha artıq haqq ödəməli olacaq. Məhz bu səbəbdən də icarədarlar baş verənlərin onların maraqlarına cavab vermədiyi fikrindədir. Lakin bununla belə, heç kəs öz işini itirməmək üçün bu narazılığı aşkar formada ortaya qoymur, proseslərin sonrakı inkişafını gözləyir. Bu inkişaf isə icarədarların iflasından başqa heç nə vəd etmir”.
Sorğu
Yeni dizaynımız necədir?