Yeni hesablama qaydasına görə Bakıda mərkəzə yaxın ərazidə məsələn, 100 m2 evi hətta bağışlasan da gərək 2 250 manat vergi verəsən.
Azərbaycanda ev satışından vergi tutulması qaydaları dəyişir. Bundan sonra evin neçəyə satılmasının vergi hesablanmasına aidiyyatı olmayacaq. Vergi satılan evin sahəsinə görə tutulacaq.
Vergi Məcəlləsinə nəzərdə tutulan bu düzəlişi prezident də imzalasa, yeni hesablama qaydası 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni dəyişikliyə görə kimsə öz evində azı 5 il yaşayıbsa, o həmin evi satanda gəlir vergisindən azad olunacaq. Qalan hallarda evi satan gərək gəlir vergisi də versin.
Vergilərin yeni hesablanma qaydası isə aşağıdakı kimidir:
Yeni qaydalarda göstərilir ki, mənzilin hər m2-ə görə 15 manat vergi hesablansın. Ancaq bu məbləğ baza rəqəmi sayılır. Yəni Bakının zonaları və regionlar üzrə fərqli hesablama var.
Nazirlər Kabinetinin qərarı ilə verginin tutulması məqsədilə Bakı şəhərinin ərazisi şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmsal var və vergi hesablananda bu əmsallardan istifadə olunacaq. Vergi üzrə əmsallar 0,7-dən 1,5-dək dəyişir. Şəhərin mərkəzi hissələrinə aid əmsallar daha böyükdür.
Vergi zonalar üzrə əmsallara görə hesablanacaq
Fins.az əmsallar üzrə Bakı şəhərinin zonalarına müvafiq qiymət cədvəli hazırlayıb. Cədvəldə göstərilir ki, məsələn, Bakının mərkəzində – 1-ci zonada əmlak satılarkən onun 1 m2-dən tutulan vergini hesablamaq üçün 15 manat baza rəqəmi 1,5 əmsalına vurulacaq. Nəticədə hər m2-ə görə 22,5 manat vergi ödəniləcək. 2-ci zonada bu rəqəm hər m2-ə görə 21 manat olacaq, və s.
Bakının kənarlarında isə əksinə, verginin dərəcəsi azalacaq. Mənzilin 1 m2-i üçün vergi hesablananda 15 manat məbləğ 0,7 əmsalına vurulacaq. Yəni hər kvadratmetrdən tutulan vergi 10,5 manat təşkil edəcək.
Bakının ayrı-ayrı zonalarında mənzil satışından tutulacaq vergilərin hesablama qaydası:
Zonalar
Əmsallar
1 m2-ə vergi
1-ci zona
1,5
22,5 manat
2-ci zona
1,4
21,0 manat
3-cü zona
1,3
19,5 manat
4-cü zona
1,2
18,0 manat
5-ci zona
1,1
16,5 manat
6-cı zona
1,0
15,0 manat
7-ci zona
0,95
14,25 manat
8-ci zona
0,90
13,5 manat
9- cü zona
0,85
12,75 manat
10- cü zona
0,80
12,0 manat
11-ci zona
0,75
11,25 manat
12-ci zona
0,70
10,5 manat
Azərbaycanda mənzil satışı ilə bağlı Vergi Məcəlləsində əvvəlcədən nəzərdə tutulsa da, bu vergi bu ilin əvvəlindən tətbiq olunmağa başlamışdı. Ancaq bu zaman ev və mənzillər satılanda evin satış qiyməti ilə vaxtilə alındığı qiymət müqayisə olunur və yaranan qiymət fərqindən vergi tutulurdu.
Yeni qayda daşınmaz əmlak bazarına necə təsir edəcək
“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, yeni qayda daşınmaz əmlak bazarının inkişafına kömək edəcək: “Köhnə qayda mürəkkəb idi, həm hesablanması mürəkkəb idi, həm də vergisi yüksək olurdu, bu da Vergilər Nazirliyi ilə vətəndaş arasında məhkəmə çəkişməsinə gətirib çıxarırdı”.
Nüsrət İbrahimovun sözlərinə görə, əvvəlki vergi hesablanması evlərin və mənzillərin qiymətinə təsir edirdi: “15-25 min vergi hesablanırdı, bu zaman da ya vətəndaş mənzili satmaq fikrindən daşınırdı, ya da həmin məbləği evinin üstünə gəlirdi. Ancaq indi ümumi məbləğin 1- 1,5 faizini təşkil edəcək ki, bu da o qədər böyük məbləğ deyil”.
Ekspert inanır ki, yeni dəyişiklik daşınmaz əmlak bazarında qiymətləri stabil saxlayacaq. O deyir ki, yeni tikililər üçün m2-ə 45 manat təklif edilib: “Bu məbləğ də zonalar üzrə əmsallara vurulacaq. Hesab edirəm ki, əvvəllər qüvvədə olan vergi qaydalarından daha təkmildir”.
Dəyişən nəsə olacaqsa, bu da pisə doğru olacaq
İqtisadçı ekspert Rəşad Həsənov isə yeni qaydaların daşınmaz əmlak bazarında nəyisə dəyişməyəcəyini güman edir. Belə ki, onun fikrincə, onsuz da indi daşınmaz əmlak bazarında durğunluq olduğundan, dəyişiklik ancaq pisə doğru olacaq. Müsahibimiz deyir ki, vergi tətbiqi vətəndaşları qeyri-rəsmi sövdələşməyə apara bilər:
“Notariusda alqı-satqı rəsmiləşdirildiyi üçün, demək, satış zamanı məcburən vergi tutulacaq. Bu isə ev alqı-satqısi ilə məşğul olan maklerlərin öz fəaliyyətlərini dayandırması ilə nəticələnə bilər. Çünki alqı-satqı zamanı onların əlavə vergi xərcləri yarana bilər. Artıq mənzili ucuz alıb baha satmaq imkanı geridə qaldı, indi daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb”.
Rəşad Həsənov ona da diqqət çəkir ki, xüsusilə Bakıda sənədsiz evlər də var. Onun sözlərinə görə, artıq müştərilər sənədsiz ev almağa bir o qədər də maraq göstərməsə belə, yenə də həmin evlər bazarın təklifi kimi çıxış edir.
Bəs, bu zaman vergi necə tutulacaq, bu sual açıq qalır.
İstehsalat olmayan yerdə...
“Neft Araşdırmaları Mərkəzinin” rəhbəri İlham Şaban isə Facebook sosial şəbəkəsindəki hesabında satılan mənzillərin yeni qayda ilə vergiyə cəlb olunmasına belə reaksiya verib:
“Finlandiya öz vətəndaşlarına şərtsiz gəlir verməyi planlaşdırır, yəni vergi tutulmayan hər ay birdəfəlik gəlir – bunun həcminə baxın- 550 avrodan başlayacaq və 800 avroya kimi...
Azərbaycanda isə...2016-cı il yanvarın 1-dən mənzillərin satışına görə hər 1 m2-ə görə Bakının mərkəzində 20-22,5 manat, 10-cu dairədə isə 12 manat miqdarında vergi tutulacaq. Yəni 100 kv metrlik mənzil satırsansa, qiymətindən asılı olmayaraq (istəyirsən, lap bağışla) 2 250 manat vergi ver.
Bu, şəhərin mərkəzinə aiddir, ordan uzaqlaşdıqca azalacaq, ancaq çox yox. Çünki istehsalat olmayan yerdə hökumət büdcəni adminstrativ metodlarla doldurmaq zorunda qalır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?