Azərbaycana qarşı aparılan haqsız fars siyasətinə etiraz əlaməti olaraq, facebook səhifəsində öz münasibətini bildirən Oktay Gülalıyevin fikirlərini “Gündəm Xəbər” olaraq çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq. İranın dini lideri Xamneyinə məxsus olduğu bildirilən Televiziya kanalında türklərin təhqir olunmasına etiraz əlaməti olaraq bir neçə gündür soydaşlarımız Azərbaycanın güneyində etiraz aksiyaları keçirir. On minlərlə insanın qatıldığı etiraz aksiyalarında " Haray, haray mən türkəm", "Azərbaycan əyilməz, türkün beli bükülməz", "Azərbaycan var olsun, istəməyən kor olsun" və s. kimi milli şüarlar səslənir. Qeyd edək ki, fars televiziyalarında türklərin təhqir olunması birinci dəfə deyil, bu hal dəfələrlə təkrarlanıb. Təbii ki, biz ölkəmizin Güneyində yaşayan bacı və qardaşlarımızın haqq səsinə səs verib onlara hər formada dəstəyimizi ifadə etməliyik və edirik də. Amma acınacaqlı hal odur ki, Qüzey Azərbaycan dövlətini dünyada mövcud olan 50 milyon azərbaycanlının dövləti, prezidenti isə həm də onların prezidenti hesab edənlərdən rəsmi və ya qeyri- rəsmi şəkildə hər hansı səs- soraq çıxmır. Eləcə də soydaşlarımızın etiraz səsindən diksinən bəzi "siyasətçilər" bu dirənişdən uzağa gedən yanlış nəticələr çıxaraq Azərbaycanın birləşməsini ölkəmiz üçün növbəti fəlakət kimi qələmə verməyə çalışırlar. Milli mənəvi dəyərlərdən, dövlətçilik anlayışından uzaq olan bu yanaşmalar dolayısı ilə həm də soydaşlarımızın haqq səsinə etiraz, fars şovinizminə isə dəstək deməkdir. Amma kimsə zamanı qabaqlamağa və münəccimlik etməyə tələsməsinlər. Zamanı gələndə Azərbaycan xalqı öz sözünü deyəcək. Unutmayaq ki, Azərbaycan dünyanın bölünmüş xalqlarından biridir. Bütün bölünmüş xalqlar gec- tez öz bütövlüyünə və birliyinə nail olur. O cümlədən Azərbaycan da bu tarixi yolu inşallah keçəcək. O gün uzaqda deyil. İndiki anda biz Azərbaycanın güneyində öz milli mənəvi dəyərlərin müdafiəsinə qalxan bacı və qardaşlarımızı müdafiə etməli, onların tələblərinə qatılmalıyıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?