Bu həm də vətəndaşın hakimiyyətə olan münasibətinin göstəricisidir MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun həbsi gündəmin əsas müzakirə mövzusuna çevrildi. Xüsusən də sosial şəbəkələrdə Akif Çovdarovun həbsi səs-küy yaratdı. Məsələ burasındadır ki, yazılanlar arasında müsbət heç nəyə rast gəlinmədi. Sanki, hamı bu həbsə sevinirdi. Insanların münasibəti “su dəstəsi su yolunda qırılar”, “nə əkərsən, onu da biçərsən”, “növbə o biri quldurlara da çatacaq”, “Allah bəlasın verdi” formasında ifadə olundu. Yəni heç kim “Allah qapısın açsın”, “Yaxşı adam idi” kimi şərhlər yazmadı. Əslində, bu mənzərə də aydın və ibrətamiz nümunə var. Həmişə mətbuat səhifələrində bu adamla bağlı mənfi informasiyalar gedib. Hər dəfə məlum olub ki, vəzifə çətiri altında qanunsuz əməllər törədiblər. Dünənə qədər kimlərsə Akif Çovdarova hörmətlə yanaşıbsa, bu onun tutduğu vəzifəyə görə olub. Bundan sonra heç kim onun qohumu olduğuna görə öyünə bilməyəcək. Yəni, hansısa siyasi məhbusun valideyni “mən oğlumla fəxr edirəm” deyir və hamı bunu alqışlayır. Amma pis nümunələrlə meydan sulayanlar haqqında müsbət fikirlər demək mümkün deyil. Ümumiyyətlə, generalların həbs olunması, nazirlərin “vurulması” cəmiyyətin bu insanlara nifrət etdiyini üzə çıxardı. Akif Çovdarovun həbsinə hamı sevinir. Əslində, bu həm də vətəndaşın hakimiyyətə olan münasibətidir. Adamlar hakimiyyət nümayəndələrinə yalnız tutduqları vəzifəyə görə, qorxduqlarına üçün hörmətlə yanaşırlar. Yəni, hakimiyyət komandası cəmiyyətdə simpatiya qazanmayıb, əksinə insanlar vəzifə sahiblərinə nifrətlə yanaşır. Təsəvvür edin ki, hətta Hitler haqqında, Mir Cəfər Bağırovla bağlı müsbət fikir sələndirənlər, onları öyənlər tapılır. Amma Akif Çovdarovların, Eldar Mahmudovların sıradan çıxarılmasına hamı haqq qazandırır. Bu hakimiyyət özü haqqında elə fikir formalaşdırıb ki, o qədər böyük miqyaslı qanunsuzluqlar törədib ki, vətəndaşı özündən o qədər uzaq salıb ki, cəmiyyətdə dərin nifrət formalaşıb. Bəli, bir gün hamı törətdiklərinin cəzasını alacaq. Heç bir rütbə, vəzifə, pul sona qədər insanı sığortalaya bilməz. Bütün məmurlar, insanlara zülm edən vəzifəlilər Akif Çovdarova qarşı sərgilənən münasibətdən dərs çıxarmalıdır. Ən önəmlisi isə bu ölkənin başında oturanlar başa düşməlidir ki, AzTv-nin təbliğatından fərqli olaraq, cəmiyyət bu hakimiyyəti qəbul etmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?