Rayon rəhbərliyində təmsil olunan bir qrup Biləsuvarı necə talan edir?
Biləsuvar rayon Xırmandalı kənd sakini, II qrup hərbi xidmət əlili Mustafayev Maqsud Tarverdi oğlu tərəfindən redaksiyamıza məktub daxil olub. Müəlif öz yazısında rayon rəhbərliyinin qanunsuz əməllərindən şikayət edir. M.Mustafayev qeyd edir ki, Biləsuvardakı qanunsuzluqların başında icra başçısının birinci müavini Akif Kazımov, rayon İHB-nın Aqrar Məsələlər üzrə müavini Rafael Quluyev və rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayev dayanırlar: “İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov rayonun Dövlət Ehtiyat Fonduna aid olan torpaqlarına qənim kəsilərək, burada çoxlu sayda balıq vətəqələri yaratmaqla qaz vurub qazan doldurur. O, bu iyrənc əməlini yüksək gərginlikli elektrik xətlərinin altında həyata keçirir. Akif Kazımovun maliyyə dəstəyi ilə onun qohum-əqrəbaları rayonun Böyük və Kiçik Çərçilli, Babaş, Nərgiz və İran İslam Respublikası ilə sərhəd ərazidə yerləşən Neytral adlanan torpaqlarında qanunsuz olaraq iş görür, pul qazanırlar. Bu çirkli pulların böyük bir hissəsi isə şefin, yəni Akif Kazımovun ciblərinə axır”. Sikayətçi bildirir ki, qanunsuz əməllərinə görə Rafael Quluyev də Akif Kazımovdan geri qalmır: “O da böyük əkin sahələrini əhalidən ucuz qiymətə icarəyə götürərək və Dövlət Ehtiyat Fonduna aid olan torpaqları mənimsəyərək, «sahibkarlıq fəaliyyəti» ilə məşğul olur. Rafael müəllim Dövlət Ehtiyat Fonduna aid torpaqları iri rüşvət müqabilində imkanlı sahibkarlara satmaqla da yaxşı pul qazanır. Əhaliyə dotasiya şəklində ayrılan maliyyə vəsaiti də əkilməyən şoran torpaqların saxta şəkildə sənədləşdirilməsi yolu ilə mənimsənilir. Torpaqları münbitləşdirmək üçün əhaliyə verilməli olan mineral gübrələr «qara bazar»a çıxarılır və yaxud dəyərindən baha qiymətə böyük torpaq sahiblərinə satılır”. Maqsud Mustafayev qeyd edir ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayev 11 ildən artıqdır bu idarəyə rəhbərlik edir: “Bilirsiniz ki, Billəsuvar Aran rayonudur və buradakı torpaqların böyük əksəriyyəti mexaniki yolla suvarılır. Burada da kef düşür Ədalət Babayevə. Ə.Babayev işləməyən motorların hesabına da külli-miqdarda yanacaq silə bilir. Üstəgəl yağışlı və qarlı günlərdə də guya, Biləsuvardakı motorlar işləyir və əkin sahələrini su ilə təmin edir. Əslində isə bunun hamısı pul tələsidir. Suvarma Sistemləri İdarəsinə yanacaq və sürtkü materialları gətirən maşınlar müəyyən olunmuş yerdə Ədalət müəllimin yaxın qohumu Nizami Rəsulovun iştirakı ilə «sağına gəlir». Daha sonra yanacağı ucuz qiymətə yanacaqdoldurma məntəqələrinə satırlar. İdarənin işləməyən, domkrat üstündə olan maşınları da guya işləyir, reysə çıxır və bu maşınların adına da yanacaq silinir. Rayonun Şor kanalları və xəndəkləri də Suvarma Sistemləri İdarəsinin hesabına qazılmalıdır. Bu kanallar isə illərlə qazılmadığı halda sənədlərdə qazılmış kimi göstərilir. Yuxarıda qeyd etdiyimiz «əməliyyatlar»dan qazandığı pullar da Ədalət Babayevin gözünü doydurmur. O, idarəyə məxsus elektrodu, fəhlə paltar və ayaqqabılarını da bazara çıxararaq satdırır. Hətta bu insafsızlar fəhlələrin maaş kartlarına da əl uzadırlar. Bu yaxınlaradək fəhlələrin maaş kartları Kadrlar Şöbəsinin müdiri Kazım İbişovun seyfində idi. Mənim qəzetdə dərc olunan ifşaedici məqaləmdən sonra sahibləri nəhayət ki, maaş kartlarının üzünü görə bildilər. Amma nə faydası… Onsuz da maaşı bankomatdan çıxartdıqdan sonra fəhlələr onun üçdə birini müdir Ə.Babayevə təqdim etmək üçün Kadrlar Şöbəsinin müdiri Kazım İbişova verirlər. Necə deyərlər, onlar yağışdan çıxıb yağmura düşüblər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?