Biləsuvar RİH başçısının tələbi belədir: “10 və 50 faiz mənimdir...”
“Biləsuvar rayonunda yerli bələdiyyələr icra başçısının yeni, qeyri-adi və qeyri-qanuni tələbi ilə üzləşiblər. Belə ki, rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Biləsuvardakı 23 bələdiyyənin hamısının rəhbərliyini öz şəxsi mənafeyi naminə sıxışdırır”.
Bu məlumatı virtualaz.org saytının redaksiyasına müraciət edən bələdiyyə üzvlərinin bir qrupu verib. Bələdiyyə qurumlarında çalışan şikayətçilərin sözlərinə görə, bu sıxma-boğma da bələdiyyələrdə qanunsuz yoxlamaların başlaması ilə nəticələnib.
“Rayon icra hakimiyyətinin rəhbərliyi bələdiyyələrin ucdantutma hamısının yoxlanılmasına dair göstəriş verib. Bu isə qanuna ziddir. Çünki bələdiyyələri yalnız Ədliyyə Nazirliyinin müvafiq qurumları yoxlaya bilər. İcra strukturları məsələn, seçki prosesinə necə müdaxilə edə bilməzlərsə, bələdiyyələrin də fəaliyyətinə o qaydada müdaxilə edə bilməzlər. Qanunlar bunu yasaq edir. Amma Biləsuvarın icra başçısı qanunun bu qadağa və tələblərinə məhəl qoymur. O, öz müavini Rafael Quliyevə göstəriş verib ki, bütün bələdiyyələrə yoxlama göndərsin. Yoxlamalar oktyabrın sonlarında - 10 gündən yuxarıdır başlayıb. Yoxlamalarda bir məqsəd var - bələdiyyələrə xərac kəsmək. İcra başçısının müavini bələdiyyə sədrlərindən tələb edir ki, bu quruma ayrılan illik dotasiyanın 50, bələdiyyələrin rüsumlardan gələn illik ümumi mədaxilinin isə 10 faizi rayon rəhbərliyinə verilməlidir” - deyə şikayətçilər bildirir.
Onların sözlərinə görə, rəhbərlik bu qanunsuz yoxlamalara etiraz edən bələdiyyə sədrlərini və üzvlərini cəzalandırmaqla da hədələyib: “Deyirlər ki, əgər bu yoxlama məsələsi mətbuata çıxsa, özünüzdən küsün. Bu yoxlamalara və 10 və 50 faiz tələbinə etiraz etsə, işdən qovulacaq, barəsində cinayət işi açılacaq”.
Şikayətçilərin bu iddiası ilə bağlı Biləsuvar RİH başçısının müavini Rafael Quliyevlə əlaqə saxladıq. O isə virtualaz.org saytına açıqlamasında bu məlumatı əvvəlcə təkzib edərək rayon bələdiyyələrində belə bir yoxlamanın aparılmadığını dedi. Sonra da həddən artıq maraqlı bir sual verdi və onu bir neçə dəfə təkrarladı: “Sizə bu məlumatı kim verib?”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?