Azərbaycandan olan yəhudi oliqarxların və onların biznes-kompanyonu olan İlham Rəhimovun nəhəng ərzaq topdansatış bazarı Moskvada ikinci “Çerkizovsk” tolkuçkasına çevrilib.
REN TV telekanalı Moskvanın Kalujsk şosesinin kənarında yerləşən “Food City” topdansatış ərzaq bazasının ətrafını bürümüş zibillik, üfunət və çirkab barədə reportaj yayıb.
Reportajda deyilir ki, topdansatış bazasının özü də keçmiş zibilxana ərazisində yaradılıb, yaxınlıqda isə qəbiristanlıq yerləşir. Bu bazarın Telman İsmayılovun 2010-cu ildə Putinin əmri ilə bağlanan və dağıdılan “Çerkizovsk” bazarından fərqi yoxdur. Fərq yalnız ondadır ki, “Çerkizovsk”da pal-paltar satılırdısa, “Food City”də ərzaq və tərəvəz satılır.
Əslində “Food City”nin sahibləri - milyarderlər Qod Nisanov və Zarah İliyevin özləri də “Çerkizovsk”a yad deyil. Onlar vaxtilə T.İsmayılovun ortaqları idi. Hazırda isə onlar Moskvanın bütün topdansatış meyvə-tərəvəz və ərzaq bazarını əllərində cəmləşdiriblər.
Əgər Telman İsmayılov Moskvanın keçmiş meri Yuri Lujkovla dostluğunun sayəsində öz “çerkizon”unu inkişaf etdirmişdisə, Nisanov, İliyev və Rəhimovdan ibarət “möhtəşəm üçlük” indiki mer Sergey Sobyaninlə dil tapıblar.
Nəticədə Moskvada Pokrovsk topdansatış meyvə-tərəvəz bazasının və digər bazarların bağlanmasından sonra boşalan “müqəddəs yeri” onlar tutublar.
REN TV-nin çəkiliş qrupu “Food City”nin ərazisinə daxil ola bilməyib. Telekanalın maşını əraziyə yaxınlaşan kimi təhlükəsizlik xidməti onların qarşısını kəsib. Mühafizə rəisi deyib ki, “bütün ölkə boyu terror təhlükəsi olduğundan” çəkiliş qrupunu bazara buraxa bilməz.
Reportajda deyilir ki, bir neçə gün bundan əvvəl Moskva vilayətində saxta spirtli içkidən azı 4 nəfər ölüb. Araşdırma zamanı məlum olub ki, həmin saxta içkinin topdansatışı məhz azərbaycanlı oliqarxların bazasındadır.
Bazara hər gün dünyanın müxtəlif ölkələrindən meyvə-tərəvəz daşınır. Və bazar rəhbərliyi mal sahiblərini sertifikatla təchiz edir ki, sonradan onların məhsulları başqa bazarlarda, marketlərdə satıla bilsin.
Bazarın fəaliyyəti üzündən Kalujsk şosesində tıxaclar yaranır. Yol kənarında sıralanmış TIR-lardakı ərzağın üstünə maşınlardan çıxan zəhərli qazlar, yağış, palçıq çökür. Üstəlik bazarın üstündən yüksək gərginlikli elektrik xətləri keçdiyindən orada olmaq insan üçün təhlükəlidir. Yaxınlıqdan həmçinin yüksək təzyiqli qaz kəməri keçir.
Reportajda xatırladılır ki, Qod Nisanov və Zarah İliyev daşınmaz əmlak maqnatlarıdır, ancaq Telman İsmayılovdan fərqli olaraq öz pullarını sağa-sola səpələyib özlərini reklam etmək istəmirlər. Əsasən kölgədə qalmağa üstünlük verirlər.
Onların bazarı isə yaxınlıqda yaşayan sakinləri boğaza yığır, sakinlər müxtəlif instansiyalara çoxsaylı şikayətlər ünvanlasalar da hələ nəticəsi yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?