Paytaxtda uşağını oğurlayaraq gizlədən atanı polis təhqiqatçısı ilə nə birləşdirir?
Bakı sakini Aynur Əsgərova 2012-ci ilin mayında Murad Əzimovla “şəriət nikahı” bağlayaraq ailə qurub. O, ər evinə köçəndən sonra dəhşətli işgəncələrə məruz qalıb. Aynur Əsgərova qayınanası Kəmalədən də işgəncə görüb. Murad Əzimov və anası Kəmalə hər gün gəlini döyüb, ona dəhşətli əziyyətlər veriblər. Ayrı-ayrı vaxtlarda bıçağı qaz sobasında qızdıraraq bədəninin müxtəlif yerlərinə dağ çəkib, günlərlə ac saxlayıb, mütəmadi nalayiq söyüşlər söyməklə onun şəxsiyyətini alçaldıblar.
Əri və qayınanasının işgəncələrinə dözməyən Aynur Əsgərova ata evinə qayıdıb. Bundan sonra o, Xətai rayon Polis İdarəsinə şikayət edib. Kəmalə Əzimova bütün günahları öz boynuna götürüb. O, gəlininə işgəncə verdiyini, oğlunun bundan xəbəri olmadığını deyib.
Kəmalə Əzimova barəsində Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Murad Əzimovla bağlı hər hansı tədbir görülməyib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Kəmalə Əzimovanın barəsində 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Zamində olan Kəmalə Əzimova barəsində həbs qəti imkan tədbiri seilib və məhkəmə zalından həbs edilib.
Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verərək, Kəmalə Əzimovanın cəzasının ağırlaşdırılmasını, Murad Əzimovun barəsində isə cinayət işinin başlanmasını istəyiblər. Amma Bakı Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti zərərçəkmiş tərəfin şikayətini təmin etməyib. Zərərçəkmiş tərəf Ali Məhkəməyə müraciət etsə də, onların kasasiya şikayəti də təmin edilməyib.
Bu günlərdə Aynur Əsgərova ilə keçmiş əri arasında yenidən mübahisəli məqam yaranıb. Mürad Əzimov azyaşlı övladı Əbəlfəzi anasını yanından oğurlayaraq qaçıb.
Aynur Əsgərova azyaşlı övladının keçmiş əri tərəfindən oğurlanması barədə hüquq-mühafizə orqanlarına, həmçinin də məhkəməyə müraciət edib. Saatlı Rayon Məhkəməsinin qərarı ilə həm Murad Əzimov, həm də Əbəlfəz Əsgərov axtarışa verilib. Yasamal Rayon Polis İdarəsininə həvalə edilsə də, polisdə işin düzgün araşdırılmaması ilə bağlı Aynur Əsgərovanın anası Pakizə Əsgərova daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Şikayətçi müraciətin bir nüsxəsini də redaksiyamıza göndərib.
Şikayətçi nazirə ünvanladığı şikayətində qeyd edib ki, Azərbaycan Konstitusiyasının 129-cu maddəsi Yasamal rayon Polis İdarəsinin polis əməkdaşı Pünhan Məmmədovun marağına tuş gəlib: “Satlı Rayon Məhkəməsi tərəfindən qətnamə əsasında verilmiş 1 iyul 2014-cü il tarixli icra sənədinə görə Əbülfəz Murad oğlu Əsgərov Murad Əzimovdan alınaraq, Aynur Əsgərovaya verilməlidir. Mən Aynur Əsgərovanın həm anasıyam və həm də onun qanuni nümayəndəsiyəm”.
Şikayətçinin sözlərinə görə, Xətai rayon İcra məmuru tərəfindən 7 yanvar 2015-ci il tarixində borclunun icradan yayındığına, məhkəmə qətnaməsini könüllü olaraq icra etməmək üçün yaşadığı Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, 37\6 saylı evdən qaçdığı nəzərə alınaraq, ona Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi barədə qərar çıxarılıb: “Lakin, bu günə kimi axtarışın heç bir nəticəsi olmayıb. Xətai rayon İcra şöbəsinin icra məmuruna ərizə ilə müraciət etdik. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsi rəhbər tutulmalı olduğunu və bu maddənin tələblərindən irəli gələn hal kimi Murad Əzimovun uşağı qaytarmalı olduğu nəzərə alınaraq, bu qanunun 27.2-ci maddəsinə əsasən uşağın axtarılması barədə də qərar qəbul edilməli olduğundan, Əbəlfəz Əsgərov barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi barədə qərar çıxarmasını xahiş etdik. İcra məmuru 22 oktyabr 2015-ci il tarixində “borclunun və ya onun əmlakının axtarılması haqqında” qərar verib. Həmin qərarda göstərilib ki, 21 oktyabr 2011-ci il tarixində Bakı şəhərində anadan olmuş və Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən Doğum Haqında Şəhadətnamə alan Əbəlfəz Əsgərov barəsində Azərbaycan Respublikası
üzrə axtarış elan edilsin. Bu qərarın icrası da tələbkarın yaşayış yeri üzrə Yasamal rayon Polis idarəsinə göndərilib”.
Pakizə Əsgərova əlavə edib ki, Murad Əzimov barədə verilmiş qərarın icrası Yasamal rayon Polisinin polis əməkdaşı Pünhan Məmmədova tapşırılıb: “Muradın yerini müəyyən edə bilmirik deyə bəhanə edən Pünhan Məmmədovun əsil simasi da məhz bu qərarın icrasının tələbi zamanı açıldı. Uşağın yaşadığı ünvan Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi 37\6 saylı villa olduğu ona bildirildi. 12 noyabr 2015-ci il tarixində, saat 15 radələrində mən, qızım Aynur və qızımın digər nümayəndəsi Yasamal rayon Polisinin əməkdaşı Pünhan Məmmədovla həmin ünvana getdik. Pünhan Məmmədov bizə bildirdi ki, siz kənarda durun, sizi görsələr qapı açmazlar. Biz gedən zaman villanın ikinci mərtəbəsinin pəncərəsi açıq idi. İçəridə işıq da yanırdı. Qapı döyüləndə pəncərəni bağladılar və işığı söndürdülər. Saat 18 radələrinə kimi Pünhan Məmmədov qapını döydü. Lakin açan olmadı. Polis geyimində olan Pünhan Məmmədov ətrafa qonşuların yığışdığını görərək, kiməsə zəng etdi. Birazdan axtarışda olan Muradın Qubad adlı qardaşı gəldi. Səndemə Qubad Pünhan Məmmədovu yaxşı tanıyırdı. Onunla çox mehriban görüşdü və hasarın aşağı tərəfinə onunla getdilər. Nə danışdılarsa, Pünhan Məmmədov və nümayəndə içəri girdilər. Birazdan çıxdılar. Və nümayəndə İcra Məmuruna zəng edərək uşağın evdə olduğunu və bizim də burda olduğumuzu bildirdi. Mən Pünhan Məmmədovdan uşağı görməsini soruşdum. Pünhan Məmmədov bildirdi ki, onunla kişi kimi əl verib görüşdüm, papağımı da onun başına qoydum. 15-20 dəqiqəyə İcra məmurları gəldilər. Onlar gələnə kimi Pünhan Məmmədov bizə dedi ki, burdan uzaqlaşaq elə bilsinlər getmişik. Uşağı qaçırmasınlar.Mən 102 xidmətinə zəng edək, sahə müvəkkilini çağırın dedim. Pünhan Məmmədov bildirdi ki, əgər harasa zəng etsəniz, mən gedəcəyəm. Bu zaman Qubad ona telefonunu uzadaraq, danışın dedi. Zəng edən Pünhan Məmmədovun dediyinə görə Tolik ləqəbli Firudin adlı şəxs idi. Onunla danışdıqdan sonra bizə bildirdi ki, Tolik ikinci günü Muradı təhvil verəcəyəm dedi. Biz polis əməkdaşına dedik ki, o sizi aldadır. Pünhan isə dedi ki, məni aldada bilməz. Biz-bir-birimizin nəslini tanıyırıq. İcra məmurları gəldi. Pünhan
Məmmədov bizə və nümayəndəyə bildirdi ki, siz gəlməyin, bir hadisə törəyər. Biz də uzaqda gözlədik. İcra məmurları və Pünhan Məmmədov təkrar evə daxil oldular və aparılan axtarış nəticəsində uşaq yoxa çıxarıldı. Bu birmənalı Pünhan Məmmədovun marağının nəticəsi idi. Necə ola bilər ki, polis əməkdaşı axtarış üçün gəldiyi adamla əllə görüşür, papağını da başına qoyur və sonra bizi- tələbkarı yalanları ilə ərazidən uzaqlaşdırır və icra məmurları gələndə axtarışda olan yoxa çıxır. Həmin villadan hasar elə hündürdür ki, quş da uça bilməz. Uşaq və evdə ki, gəlin yoxa çıxdılar?”.
Pakizə Əsgərova daha sonra qeyd edib: “Ən dözülməzi polis məmuru qızına qarşı işgəncə verərək, onu dağladığına görə Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 133-cü maddəsilə məhkum olunmuş Kəmalə Əzimovanın qucağında axtarılan uşaq Ələfəzi oynatmış və papağını onun başına qoymuşdur. Görünür sətraltı ifadə ilə onlara qandırıb ki, başınızı götürüb, burdan tez qaçın, uşaq ələ keçməsin, icra məmurları gəlir. Elə düçündüyümüz kimi də edildi. Sonda mən Pünhan Məmmədova “indi nə olacaq”, - deyə sual etdim. Pünhan Məmmədov bildirdi ki, heç nə olmayacaqdır”.
Şikayətçinin bildirdiyinə görə, Azərbaycan Dövlətinin adında çıxarılan qətnamənin icrasına şəxsi maraqlarından mane olan Yasamal rayon Polis əməkdaşının əməlləri birbaşa qanunsuz əməldir: “Düşürəm ki, əks tərəfin vəkili kimi təqdim olunan, əslində isə nə orderi, nə də ki, etibarnaməsi olmayan Pünhan Məmmədovun dediyi Tolik ləqəbli Firudinlə birgə maraqlarına dövlətin maraqları polis əməkdaşı Pünhan Məmmədov tərəfindən qurban verilməsi yolverilməzdir. Görünür Pünhan Məmmədov Konstitusiyanı pozanda, qanunları şəxsi maraqlarına qurban verəndə heç də bunun sonu olacağını düşünməyib”.
Pakizə Əsgərova müraciətinin sonunda daxili işlər nazirindən xahiş edib ki, Yasamal rayon Polisinin əməkdaşı Pünhan Məmmədovun qanunları ayaqları altına atmasına, aşkar şəkildə axtarışda olan adamın qaçırılmasını təşkil etdiyinə və qızımın bu hadisədən sarsıntı keçirməsini nəzərə alaraq barəsində qanuna müvafiq tədbir görülməsinə, hər iki axtarışın Yasamal rayonundan götürülərək Xətai rayonuna verilməsinə göstəriş versin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?