gundemxeber.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasi məhbuslarla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, Azərbaycanda siyasi məhbus məsələsi hər zaman aktualdır və beynəlxalq təşkilatlar, hökumətlər, o cümlədən yerli və xarici mətbuat tərəfindən daim gündəmdə saxlanılır. O da vurğulanır ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbus olduğunu qəbul etməsə də, həbs olunanların, barələrində məhkəmə qərarı çıxarılan həmin şəxslərin konkret cinayət əməlinə görə həbs olunduğu bildirilsə də, fakt budur ki, ölkədə bu kateqoriya daxil olan məhbus problemi müzakirə mövzusudur və problem daim gündəmdən düşməyərək, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir:
“Bununla bərabər qeyd etməliyik ki, beynəlxalq aləmdə siyasi məhbuslar kimi qəbul edilən şəxslər hal-hazırda nə ictimai asayişə, nə dövlətçiliyə, nə də ölkənin sabitliyinə təhlükə törədirlər. Onlar ölkədə uzun müddət davam edən müxalifət-iqtidar qarşıdurmasının, iqtidarla müxalifət arasında qarşılıqlı etimadsızlığın, o cümlədən müxalifət cərgəsində uzun müddət normal rəhbərliyin olmamasının faktiki qurbanlarıdır”.
Daha sonra müraciətdə bildirilir ki, Azərbaycan Xaq Cəbhəsi Partiyasının 8 dekabr tarixində Beynəlxalq İnsan Hüquqları gününə həsr edilmiş dəyirmi masasında yekdilliklə ölkənin 2016-cı ilə siyasi məhbuslarsız daxil olmasının vacibliyi vurğulanıb:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası hər zaman Azərbaycan dövlətçiliyinin yanında olub. Tolerantlıq, humanistlik, insan hüquqlarına dəyər bu təşkilatın təməl prinsiplərindəndir. Partiya olaraq bizim üçün vacib olan əsas amal və məqsəd dövlətçilik ənənələrinin qorunması, ölkədə daxili siyasi anlaşma mühitinin və vətəndaş həmrəyliyinin formalaşmasıdır. Bu gün Siz Azərbaycan dövlətinin prezidenti olaraq dövlətin və dövlətçiliyin qarantısınız. Azərbaycanda siyasi sabitliyin qorunması və həmrəyliyin formalaşması yollarından biri də bu kateqoriya məhbuslara qarşı humanist addım atılmasından keçir. Bu prinsiplərdən çıxış edərək məhbusların 2016-cı ilin ilk gününü öz ailələri və yaxınları ilə keçirmələri üçün onları əfv edilməsi ən böyük humanizm olardı. İstəyirik ki, Azərbaycan beynəlxalq arenada demokratik, insan hüquqlarına maksimum dəyər verən dövlət kimi nüfuz qazansın, tanınsın. Siz də bunu istəyirsiniz”.
Müraciətdə siyasi məhbusların azadlığa buraxılmalarının dövlət üçün vacibliyi vurğulanıb:
“Cənab prezident! Bu gün müxtəlif səbəblərdən azadlıqdan məhrum edilən və müxtəlif beynəlxalq təşkilatlarda bu və ya digər səbəblərə görə siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmaları üçün müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirik. Hesab edirik ki, bu, Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq arenada imicinin güclənməsi prosesini sürətləndirəcək. Həmçinin bu addım ölkə daxilində, cəmiyyətdə dövlət və hakimiyyətə inamı, qarşılıqlı etimadı gücləndirəcəkdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?