Bir müddət əvvəl adı Elşad Abdullayevin açıqlamasında hallandırılan və mandat bazarlığı zamanı keçmiş rektordan fırıldaq yolu ilə alınan pulun bir hissəsinin Elşad Abdullayevə qaytarılması prosesində iştirakçı kimi hallandırılan təhsil nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovun vəzifəsini itirə biləcəyi haqda məlumatları hələ xeyli əvvəldən diqqətinizə çatdırmışdıq. Bununla bağlı qəzetimizə yeni informasiyalar ötürülüb. Elektron poçtumuza daxil olan xəbərdə belə vurğulanır ki, İlham Pirməmmədov həmin açıqlanan faktda adının hallandırılması təhsil naziri Misir Mərdanova yeni fürsətlər tanıdıb. Mənbənin söylədikləri: «Misir Mərdanov neçə müddətdir ki, səlahiyyətsizdir. Onun maliyyə işlərini İlham Pirməmmədov həyata keçirib. Elşad Abdullayevin İlham Pirməmmədov vasitəsilə pulunu geri alması da təsadüfi deyil. Ümumiyyətlə, özəl ali məktəblərdən aylıq haqqı məhz İlham Pirməmmədov yığıb və həmin pullar da təhsili nəzarəti altında saxlayan Ramiz Mehdiyevə bu yolla çatdırılıb». Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən artıq İlham Pirməmmədovun etimaddan düşdüyünü görən Misir Mərdanov «yuxarılara» məsələnin nə yerdə olduğunu izahlayan və yeni dönəm üçün bir sıra dəyişikliklərin həyata keçirilməsini vacib edən təkliflərini toplayaraq məktub halında «yuxarı orqanlara» ünvanlayıb: «Təbii ki, «Məni prezident administrasiyasında danladılar» deyən Misir Mərdanovun kimə müraciət etdiyini müəyyən etmək o qədər də çətin deyil». Mənbəmiz bildirdi ki, həmin təkliflər arasında özəl ali məktəblərdən aylıq «dolya»ların yığılmasının yeni üsulları da təklif edilib. Bu isə o deməkdir ki, əgər nazir aparat rəhbərini «göyərtədən kənarda» qoya biləcəksə, o zaman bununla həm də İlham Pirməmmədovun karyera taleyi də həll edilmiş olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?