12 fevral müşavirəsində prezident məmurları dəbdəli həyatdan uzaq olmağa da səslədi və hətta özünün 50 illik yubileyini Ağcabədidə qaçqın ailələri ilə birgə keçirməsini də örnak kimi çəkdi. Təbii ki, burada dövlət başçısının əslində kef-damağa maraq göstərən və bu yöndə böyük pulları xərcləyən məmurlara net siqnal ötürdüyü də məlum idi. Azərbaycan məmurlarının isə təkcə dəbdəbəli toy və yeyib-içmək məclislərinə yox, həm də əyləncəyə, qumara bolluca pul xərcləmələri faktdır ki, bu barədə yerli mətbuatda da yetərincə yazılıb və biz də oxucuların marağına səbəb olmasından yana, dia.az saytının ilginc faktları özündə əks etdirən apardığı araşdırmanı diqqətinizə çatdırırıq. Araşdırmalarımız nəticəsində müəyyən edə bildik ki, əslində mərhum Heydər Əliyevin dövründə qadağan olmuş kazinolar hələ də Bakıda fəaliyyət göstərir. Bu barədə həmin kazinoların birində ofisiant işləyən Bakı sakini çox maraqlı olaylardan danışdı. «Mənim işlədiyim kazino, əslində restoran kimi fəaliyyət göstərir» deyən həmsöhbətimiz vurğuladı ki, amma gecələr çox nüfuzlu dövlət adamları, tanınmış iş adamları, məmur övladları və digər zəngin təbəqə nümayəndələri onların restoranlarında qumar oynayırlar: «Şəxsən bir neçə nazirin qumar oynadığını görmüşəm. Və deyim ki, onların arasında qumarın xəstələri də var». Onu da bildirək ki, bəzi məmurların adları redaksiyamıza açıqlansa da, onların kimlikləri barədə məlumatların yayılması qarşılığında haqsız məhkəmə təhdidinə məruz qalma ehtimalının yüksək olması səbəbindən bu barəə heç bir bilgi vermirik. Lakin bu vaxta qədər artıq adı qumar aludəçisi kimi hallandırılmış bəziləri ilə bağlı informasiyanı diqqətinizə çatdırırıq. Dəmiryolu idarəsinin işçilərindən biri redaksiyamızın əməkdaşlarına bildirib ki, hazırda nəqliyyat naziri postunu tutan Ziya Məmmədov sözügedən idarədə rəhbər olarkən idarənin rəhbər işçiləri ilə tez-tez poker oynayarmış: «Ziya müəllim əksər hallarda udurdu və udduğu pulu geri qaytarmaq niyyətindən uzaq bir adamdır». Onu da bildirək ki, bəzi məmurların adları da futbol qumarının aludəçisi kimi hallandırılır. Onların arasında ən populyarı isə gənclər və idman naziri Azad Rəhimovdur. Hətta bəzi məlumatlarda Azad Rəhimovun bu günlərdə külli miqdarda pul uduzduğu da qeyd olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?