Ştrasser çarpışmadan çəkilməyəcəyini bildirir. Bu isə bizim hamımızın – Azərbaycanı sevənlərin çarpışmasıdır!
AŞ PA-ın indiki qış sessiyasından gözləntilərimiz böyük idi. Bunun iki başlıca nədəni vardı. Birinci, AŞ PA-ın son illərdə keçirilən sesiyalarında dönə-dönə Əliyevlər hakimiyətinə “son xəbərdarlıq” edilmişdi: demokratik reformalara başlayın, insan hüquqlarını pozma praktikasına son qoyun. 2007-ci il sessiyalarının birində Səməd Seyidov dəstəsinin uzun-uzadı yalvarışlarından, eləcə də İngiltərə, Rusiya, Türkiyə deputatlarının gərgin çalışmalarından sonra “2008-ci il prezident seçkisini demokratik geçirmək ümidi ilə” Əliyevlər hakimiyətini bağışlamış, ona daha bir dədboyu vermiş, güzəştə getmişdilər. O çağlar AŞ PA-dakı əliyevçi hakimiyət yandaşlarının iki başlıca arqumenti vardı: hakimiyət demokratikləşmə yolunda ilk addımını atıb, müxalifətə mitinq üçün yer ayırıb, müxalifət bunu bəyənib (Ukrayna dairəsini yadınıza salın, hakimiyət onda AŞ PA-nın gözlənilən sərt qərarını sovuşdurmaq üçün “Ukrayna dairəsindən” yararlandı. – X.B.); “Azərbaycan demokratiyası hələ gəncdir, onun suçlarından keçmək olar”. O çağlar İ.Əliyev də indi açıq-aydın görünən böyük bir yalanla çıxış etmişdi: “Azərbaycan 2008-ci ildən qapılarını demokratiyaya açacaq”. 2008-ci il prezident seçkisi necə keçirildi, bəllidir. 2008-ci ildən Azərbaycan, daha doğrusu, əliyevçi rejim antidemokratiya yolunda daha inamla irəliləməyə başladı. Niyə? Bir yandan demokratik dünyanı dişlərinə vurmuş, onun boş damarını tutmağı öyrənmış, o biri yandan Ailənin özü üçün “uğurlu neft-qaz strategiyasından” güclənmişdilər. İkinci, indiki qış sessiyasından böyük gözləntimiz, son illər, başlıcası da 2012-ci ildə Avropada geniş yayılmış antiəliyevçi görsənişlərlə bağlı idi. Bəlli olduğu kimi, rejim Avrovijin adı altında özünə simpatiya kampaniyası aparmaq istəyirdi, ancaq Leyla Yunus başda olmaqla bir sıra satılmamış insan hüquqları savçılarının, eləcə də demokratik gəncliyin çalışmalarının sonucu olaraq Avropanı antiəliyevçi kampaniya bürüdü. Bildiyimiz kimi, bu böyük kampaniyanın önündə Almaniya massmediası gedirdi. O çağadək əliyevçi hakimiyətlə bağlı passiv yanaşma sərgiləyən Britaniya massmediası da aktivləşdi. Ortaya AŞ PA deputatlarını ələ almaqla bağlı “kürü diplomatiyası” faktı çıxarıldı. AŞ PA qabaqca bu faktı danmağa çalışsa da, sonra bir sıra demokratik qurumların FAKTİKİ dirənişi qarşısında geri çəkilməli oldu. Qabaqca “fakt göstərin” deyə “kürü diplomatiyasını” yalana çıxarmağa çalışan bir sıra AŞ PA yetkililəri sonradan “bu var, belələri tapılıb cəzalandırılacaq” dedilər. Bütün bunlar bizdə böyük gözləntilərə inam yaradırdı. Qarşıda prezident seçkisi dururdu. Qarşıda rejim üçün olduqca çətin prezident seçkisi dururkən Britaniya parlamentinə bağlı vergi qurumu TƏK ofşor zonadakı 48 milyard dollarlıq oğurluğunun üstünü açdı. Bunu oğru, korrupsioner Əliyevlər hakimiyətinə arxadan vurulan zərbə saymaq olardı. Axı, onlar uzun illərdən bəri Rusiya ilə yanaşı bir də ingilis gücünə arxalanmışdılar. Elə buna görə də Azərbaycan neftindən ən böyük payı bp-yə ayırmışdılar. Bu acığa, bir də “siyasi yanlışını” düzəltsin deyə, bp-yə 8 milyardlıq təpinmə olundu. Sonra arada görüş oldu. bp bağışlandı. Görünür, bp-i prezident seçkisi qabağı üzərinə yeni siyasi öhdəlik götürdü. S.Seyidova açılan 12 milyon manatlıq cinayət işi, İ.Əliyevin özünün bir sıra turneləri, diplomatik korpusun pullu çalışmaları... bütün bunlardan sonrakı AŞ PA səsvermələri. Sonuc ortadadır: Rusiya, Türkiyə deputatları bütünlüklə, Britaniyadan 8, Fransadan 7, İspaniyadan 9, İtaliyadan 9, Portuqaliyadan 4, Yunanıstandan 4, Ukraynadan 6, Polşadan 5, Çexiyadan 5, Slovakiyadan 4 deputat korrupsiya-diktatura rejiminə, Almaniyanın 14 deputatından 11-i demokratiyaya səs verib. Ştrasser çarpışmadan çəkilməyəcəyini bildirir. Bu isə bizim hamımızın – Azərbaycanı sevənlərin çarpışmasıdır!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?