“Qalmaqal hayasızlıqdır, qadın və kişiyə layiq olmayan bir hərəkətdir”
gundemxeber.az biznes-ledi Ruhi Əliyeva ilə müsahibəni təqdim edir:
- Azərbaycanda ilk dəfə müğənni kimi tanındız. Dörd ildir ki, profiliniz dəyişib. İndi biznes ledi və dəb ikonası kimi anılırsız. Sizi üçün hansı daha maraqlı idi?
- Müğənni olmaq çox gözəl bir şeydir. Ancaq sırf müğənni kimi fəaliyyət göstərmək üçün bu arenaya atılmadım. Bu sənətə hobbi kimi baxırdım, içimdə olan balaca bir istək idi. Bu işə peşəkarçasına yanaşsaydım, müğənnilik sənətini dərindən öyrənərdim. Bunların heç birini etmədim. Çünki mən müğənnilərə başqa cür baxırdım. Ancaq onları gəlib başqa cür gördüm. Sözsüz ki, bizim hörmətli müğənni və xanəndələrimiz var. Ancaq bu aləmdə çox hörmətsizliklər və üzlər gördüm. Düşündüm ki, mən Ruhinin bu insanların arasında yeri yoxdur. İnsanlar bir simada deyil, onların bir neçə sifəti var. İnandırım ki, 5 mərtəbəni çıxa-çıxa hər mərtəbədə bir cildə girirlər. Dedim ki, Ruhi, nə qədər gec deyil sən bu aləmdən çəkil.
Bir-biriləri hörmətdən salır, arxasıyla danışırlar. Mənim üçün çörək kəsmək, dostluq etmək müqəddəs bir şeydir. Amma bəzi şou-biznes nümayəndələrində müqəddəslik yoxdur. Çörək kəsdiyim insanlar iki gün sonra arxamca danışdılar. Bəlkə də şou aləmində başqa şeylər görsəydim həvəslənərdim, daha çox bu işə ciddi yanaşardım. Ora mənim üçün əlçatmaz idi, məyus oldum. Böyük-kiçik yerini bilməyənlər var. Yenədə deyirəm ki, bunu hər kəsə şamil etmək olmaz. Elə şeylər eşidib dəhşətə gəlirəm.
“Özünə hörmət edən hər bir xanımın mirvarisi olmalıdır”
Moda sahəsində də ğzümü daha çox görünürəm. Gəncə Texnologiya Üniversitetinin Tikiş texnologiyası fakültəsi üzrə təhsil almışam. Bu barədə məlumatım var. İndi isə Azərbaycan Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsində təhsil alıram. Fəaliyyətimi və bilgilərimi bir azda artıracam. Bu sahəni çox sevirəm. Eyni zamanda mən zinət əşyalarının satışı ilə məşğulam. Kiçik də olsa, bir butikim var. Orada elə zinət əşyaları var ki, öz istəyimlə düzəldilib. Gözəl bir zinət əşyası üzərində işləyirəm. 3 ildir ki, ərsəyə gətirmək üçün çalışıram. Demək olar ki, sırğa və boyunbağısı hazırdır. Üzük və qolbağı barəsində düşünürəm. Martın 8-də özümə hədiyyə etmək bartədə fikirləşirəm.
Fərqli daşlar, zümrüd və mirvarilərdən istifadə etmişəm. Mənə elə gəlir ki, özünə hörmət edən hər bir xanımın mirvarisi olmalıdır. Təbii ki, imkan daxilində... Mirvari qadınlığın rəmzidir, incədir. Mirvarini geyimə uyğun istifadə etməlisən. Qaşlar və rəngli daşların hamısını özüm seçmişəm. Bu qaşların vəhdəti gözəl olmalıdır. Bu yaxınlarda bir üzük düzəltmişdim, alova bənzədirdim. “Buta” formasında olan üzüyü rəngli daşlarla hazırladım. Elə bil üzük həqiqətən yanır. Butikə gələn kimi satıldı. Bu işlərimlə nəfəs alıram, canlanıram. Daş-qaşın içində ruhum sakitləşir, onlarla söhbət edirəm.
Elə dəb də mənim sahəmə yaxındır. Birinci insan geyimini bilməli, daha sonra başqasına öyrətməlidir. Uşaqlıqdan öz paltarlarımı özüm seçirdim, geyimimdə dəyişiklik edirdim. Elə də davam elədi. Dəb ikonası məsələsinə gəldikdə isə ilk dəfə jurnalist Türkan Məmmədli bu adı mənə verdi, sizlər isə dəstəklədiz. Hər zaman demişəm ki, qələm əhli mənim dostumdur. Düzdür, mənim haqqımda xoşəgəlməz yazılar yazan da oldu. Yenə də onları günahlandırmırdım. Məni tanımayıb öz adamlarına inanıb yazı yazdılar. Ancaq sonra hər şey öz həllini tapdı. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Bəlkə də sizlər qədər çalışan, əziyyət çəkən insanlar yoxdur. Bir sözü bəzəmək hər insanın işi deyil. Savad və bacarıq lazımdır.
“Qalmaqal hayasızlıqdır, qadın və kişiyə layiq olmayan bir hərəkətdir”
- 10 ildir ki, Azərbaycan cəmiyyətində tanınırsız. Ancaq heç vaxt qalmaqallarla gündəmə gəlməmisiz. Mübahisələr və davalar olmur, yoxsa həmin qalmaqalları ictimailləşdirmirsiz?
- Qalmaqalı sevməyən xanımam. Həyatımda o qədər böyük hadisələr olub ki... Onlardan çox böyük qalmaqal yarada bilərdim, ancaq etmədim. Mənə elə gəlir ki, qalmaqal insanı hörmətdən və gözdən salır. İstifadə edəcəyim ifadəyə görə üzr istəyirəm. Qalmaqal hayasızlıqdır, qadın və kişiyə layiq olmayan bir hərəkətdir. Bəlkə də bu içində var, ancaq özünə hörmət edən daxilində belə şeyləri sıxmalıdır. İnsanam, özümdən çıxa bilərəm. Ancaq mən özümü adımı qorumaqdan zövq almışam. Şou-biznesdə mənim haqqımda çox şey danışırlar. İndiyənə kimi də danışmağa davam edirlər. Onların daxili elədir, ancaq üz-üzə gələndə salam verirlər. Hər şeyə gözəl gözlə baxmaq lazımdır. Onda insanın daxili rahat olur, gözəl və cavan qalır. “Toliki qalmaqallı görmək istəyirlər, onu cəmiyyətə elə təqdim edirlər”
- Ancaq qeyd edim ki, qalmaqallara imza atan, adı söz-söhbətlərdə hallanan Tolik ( Tarix Əliyev) sizə yaxın olan şou nümayəndələrindən biridir.
- Tolik qalmaqalsız bir insandır. Çox gözəl insan və dostdur. Tolikin mənfi bir neçə xüsusiyyəti var. Tez qızışır və tez partlayır. Hansısa müğənnilərin mətbuat katibləri zəng vurub ona nəsə deyir. Tolik isə məsələni bilmədən coşur, özünə gəlmir. Zəng vurur, mesaj yazır və üsyan edir. Deyirəm ki, həmin şəxsin sənin haqqında dediyini eşitmisən? Cavab verir ki, mənə belə dedilər.
Tolik mənim ad günündə elə addımlar atdı ki, onu sevməyə başladım. Gördüm ki, onun var-dövlət və pulda gözü yoxdur. Yanımda olan yeganə insanlardandır ki, məndən istifadə etməyib. Ad günümdə kim nə edibsə, qəpiyinə kimi mənə təqdim etdi. Bəlkə də belə insana ehtiyacım var idi. Hər zaman istifadə olunan insan düzgünlük axtarır.
Toliki qalmaqallı görmək istəyirlər, onu cəmiyyətə elə təqdim edirlər. Əsl Tolik elə deyil, başqa bir insandır. “İlhamə və Aygün xanımın yerində olsaydım bu qalmaqalı etməzdim”
-Yeri gəlmişdən 3 gündür mətbuatı İlhamə Quliyeva və Aygün Kazımova qalmaqalı zəbt edib. Qalmaqalsız bir xanım kimi bu məsələyə münasibətiniz necədi?
-Allah hər ikisinin köməyi olsun. Mən İlhamə və Aygün xanımın yerində olsaydım bu qalmaqalı etməzdim. Hər ikisinin Azərbaycanda yeri və statusu var. Mənə elə gəlir ki, bu statusu belə şeylərlə ləkələmək olmaz. Çox məyus oldum. Görün biz özümüzü necə tanıdırıq. Bəlkə də Aygün və İlhamə xanımı qızışdıran nələrsə var. Bu məsələni sakit şəkildə həll etmək olardı.
- Yaxın keçmişdə bir neçə TV layihələrinin rəhbəri, “Best model of Azerbaijan”ın təşkilatçısı olmusuz. Son zamanlar isə gözəllik müsabiqələrində tac qalmaqalları və dəb yarışmalarında ciddi proqblemlər yaranır. Hətta “Bu stil mənim” yarışmasının iştirakçıları onlara əxlaqsız təkilflər edildiyini bildirirlər...
- Belə verilişləri düzgün qurmayıblar. Daha doğrusu deyək ki, düzgün siyasət qurmurlar. Məsələn, mən dəb verilişi təşkil etmişəm, sən isə yaraşıqlı oğlan kimi proqramda iştirak edirsən. Qalib olursan və uduşda olan avtomobili sənə vermirəm. Qızlar belə iddia qaldırıblar ki, qalibə pul yox, mebel dəsti vermək fikrindədilər. Mən etdiyim layihələrdə heç bir qalmaqal olmayıb. İştirakçıların arxasında sonadək özüm olmuşam. İndiyənə kimi iştirakçılarla görüşürük, yazışırıq. Bizim yarışmada Aynur adlı gözəl qız var idi. O qalib olmamışdı, amma mən butikdən ona zinət əşyası hədiyyə etdim. Bir yarışmada Aynuru orda gördüm. O qədər xanımyana mənə yanaşdı, söhbət etdi. Bu mühiti yaratmaq lazımdı.
ATV kanalı bütün layihələrimin arxasında olub. Rəhbərlik bizə hər şeylə təmin edirdi. Bizdə də bir-iki qalmaqallı qız var idi. Onlar barəsində rəhbərliyə müraciət etdim, valideynlərini çağırdılar. Qeyd etdik ki, biz belə söz-söhbətlər istəmirik. Bununla da məsələ həllini tapdı. Bunlar uşaqdırlar... Mən olan yerdə problem olmur. Mən kiməm ki, yarışmama gələnləri təhqir edim. Geyim barəsində tənqid etmək olar. Gənclərin başından vurmaq yox, onlara öyrətmək lazımdır. Sənin övladın gələcəkdə gənc biri olacaq. Kimsə sənin övladını sən əzdiyin kimi əzsə xoşuna gələr? Türkiyədə çəkilişləri reallaşan veriliş barəsində ittihamları sizin saytda oxudum.
Mən ATV kanalını orada günhakar görmürəm, günahkar o layihəni Türkiyədə reallaşdıran insanlardır. Veriliş başlamamışdan qabaq Zaur və həyat yoldaşı Günayla görüşdük. Zaur dedi ki, məni orada görmək istəyir. O veriliş Türkiyədə çəkilirdi, bu səbəbdən münsif olmaq istəmədim. Həmçinin, layihə barədə xəbərim yox idi. Hər həftə övladlarımı nəzarətsiz qoyub verilişdə iştirak edə bilməzdim.
O verilişin çəkilişləri Bakıda olsaydı qatılardım. Onu da deyim ki, Bakıda çəkilişləri alınsaydı “Bu stil mənim” ətrafında belə söz-söhbətlər yaranmazdı. Türkiyə vətəndaşları bura gələndə çox gözəl qarşılayırıq. Layihəmə İvana Sərt, Hakan Akkaya qonaq gəlmişdi. Qonaqpərvərliyimizi göstərdik, hədiyyələr yağışına tutduq. Bizimkilər ora gedəndə sayılmır. Millət olaraq özümüz belə etmişik. Bir-birimizi sevməliyik, sevmiriksə hörmət etməliyik. Belə olan halda başqa millətlər bizi əzəcək.
Günahkar ATV deyil, bu layihə kanalın deyil. Mən layihələrimdə ATV-nin dəstəyini görmüşəm. Bu cür biabırçılıqlar, ancaq kənarda ola bilər. Çəkilişlər burada reallaşsaydı belə problemlər yaranmayacaqdı. Türklər bizi nə sayacaq? Ancaq hörmətsizlik edirlər, bizdən böyük hörmət görürlər. Biz özümüzü sevməliyik. “Best model of Azerbaijan” müsabiqəsini isə sponsorsuz təşkil etmişdim. Azərbaycanın adına bu addımı atdım. Yarışma zamanı bir neçə tanınmış model iştirakçıları var idi. Əvvəllər başqa yarışmalarda iştirak ediblər. Kimlərəsə zənglər edib birincilik uğrunda 10-15 min təklif etmişdilər. Bizim qalibimiz Esmira oldu. Esmira çox kasıb və tərbiyəli bir ailənin qızı idi.
“Günay sözlərində türk sözlərindən istifadə edə bilər, ancaq sırf türk dilində danışmağının tərəfdarı deyiləm”
-“Bu stil mənim”də münsif Günay Musayevanın Türkiyə tükcəsində danışmağı etiraza səbəb olur. Hətta bir neçə aparıcı Günayın Tovuz ləhcəsini gizlətmək üçün türk dilində danışdığını iddia edir. Bir Tovuzlu kimi məsələyə münasibətiniz necədi?
- Günay sözlərində türk sözlərindən istifadə edə bilər, ancaq sırf türk dilində danışmağının tərəfdarı deyiləm. Tovuzda doğulubsa, təbii ki, bu ləhcədə danışacaq. Həmin aparıcıların özləri haralıdır? Rayonları bölmək düzgün deyil. Mən bilən Günay Tovuz ləhcəsində danışmır. Ləhcə ilə danışmaq biabırçılıqdı? Ləhcəni ortaya atmasınlar. Tovuzda doğulmaq, bunu danmaq tərbiyəsizlikdir. Mən fəxr edirəm ki, Tovuzda doğulmuşam, boya-başa çatmışam. Biz neçə ildir ki, sərhəd bölgəsindəyik. Əlibəyli kəndində qadınlar həyat yoldaşlarıyla birgə səngərdədirlər. Sizə bir məsələni danışım. Allah rəhmət etsin,atam dövlət işində çalışırdı. Gəlib dedi ki, qadın və uşaqları Kür çayına tərəf aparacağıq. Şayiələr yayılmışdı ki, o vaxt Tovuz rayonunu veriblər. Atam dedi ki, ermənilər rayona girsə arvad-uşağı çaya atacağıq. Yəni, onu demək istəyirəm ki, bizim bölgədə belə qeyrətli insanlar var.
- Yeni layihə və veriliş yaratmaq niyyətindəsiz?
- Bir layihə üzərində çalışıram. Uşaqlar böyüyüb, artıq 4 yaşları var. Onlarla məşğul oluram.
- Oğlanlarınız Məhəmməd və Həsən necədi? Nə işlə məşğuldurlar?
- Bir neçə idman növüylə həftənin 3 günü məşğul olurlar. Onu da deyim ki, çox narahat bir anayam. Təbii ki, onların yanında dayələri olur, ancaq hər yerdə özüm nəzarət edirəm. Hələ çox kiçikdilər, özlərini müdafiə edə bilmirlər. Özlərini müdafiə edənə kimi hər saniyə gözlərim üstündə olacaq. Hadisə bir anlıq baş verir.
“Məhəmməd və Həsən müəyyən saat ərzində qonaq otağında ola bilərlər”
- Əkizlərinizə indidən müəyyən qadağalar qoyursuz?
- Çox qadağalar qoyuram. Məsələn, mənim otağıma onlar icazəsiz girə bilməz, nəyisə götürməzlər. Uşaqlara pulla oynamağı qadağan etmişəm. Özlərinin balaca kassaları var, hərdən qəpik verirəm içinə atırlar. Amma uşaqların pulla oynamağından heç xoşum gəlmir. Harasa məndən icazəsiz gedə bilməzlər. Sərt qadağalar qoymuram. Məhəmməd və Həsən müəyyən saat ərzində qonaq otağında ola bilərlər. Otaqda heç bir şeyə əl atmırlar. Yeməkdə müəyyən qadağalar qoymuşam. Balıq olan günü ət bişirilməyə icazə vermirəm. Uşaqlara şirin yemək məhsullarını qadağan etmişəm. Ancaq üzüm qurusu , axşamlar, ancaq 10 qram şokolat yeyə bilərlər. Yeməklər barəsində sərt qadağalarım var. Uşaqdılar, piylənmə ola bilər, mədələrində müəyyən problemlər yaranar.
- Dəbli xanım kimi övladlarınızın geyiminə qarışırsız?
- Həsən özünü çox sevir. Yay aylarında Həsənə dayəsi idman şalvarı və üzərinə düyməli köynək geyindirmək istəyirdi. Həsənin qışqırıq səsini eşidib otağa getdim. Həsən deyir ki, ana bu köynək idman şalvarı ilə uyğunlaşmır axı? Dayə mənə idman şalvarı ilə köynək geyindirir. Deyirəm ki, bu yaşda bunu bilir. Sual verdim ki, bəs nə geyinmək istəyirsən? Həsən qısaqol köynəyi götürüb ki, onu geyinmək istəyir. Cavab verirəm ki, sən düz seçim etmisən. Həsən geyinən, özünə baxan uşaqdır. Ağzında yemək olanda silir, paltarı ləkələnən də dəyişir. Məhəmməd isə bir qədər rahat uşaqdır. Belə şeylər məni sevindirir.
- Sizə hansı daha çox bənzəyir?
- İkisi də atalarına oxşayır. Mən fəxr ediəm ki, ağıl və dünya görüşü cəhətdən atasına bənzəyirlər. Oğlan uşaqları atalarına oxşasalar yaxşıdır. Qızım olsa mənə bəzəyər.
- Bu barədə düşünürsüz? Qız övladı istəmirsiz?
- Yox, iki oğlan anasıyam. Əslində, həmişə oğlan anası olmaq istəmişəm.
- Məhəmməd və Həsəni mətbuata niyə çıxarmırsız? Gizlətməyinizin səbəbi nədir?
-Gizli saxlamıram. Uşaqları reklam edənlərdən xoşum gəlmir. Bəlkə övladlarım gələcəkdə bununla bağlı mənə iradlarını bildirdilər. Deyərlər ki, məni niyə tanıtmısan? Bəlkə onlar rahat gəzmək, tanınmamaq istəyirlər. Elə yerlər olur ki, övladlarımla özüm getmirəm. İstəmirəm ki, onlar narahat olsunlar. Məhəmməd və Həsəni mediadan gizlətmirəm, sadəcə olaraq onları qoruyuram.
“Diş çəkdirmək, saç kəsdirmək, rənglətmək üçün xaricə gedirdilər”
- Dolların yerindən oynaması, neftin qiymətinin düşməsi biznesinizə təsir göstərdi?
-Biz aldığımız məhsulların hamısı xaricdən gəlir. Müşətrilərimiz arasında narazıçılıq edənlər də olur. Deyirlər ki, əvvəl daha ucuz idi. İşçilərimiz başa salır ki, bunun hamısı dollarla əlaqədardır. Bütün dünyada baş verən problemdir, iqtisadi böhrandır. Mənə elə gəlir ki, söz-söhbət etməyə ehtiyac yoxdur. Ümid edirik ki, neft bahalaşacaq. Bununla da belə problemlər aradan qaldırılacaq.
- Vergilər Nazirliyi şou-biznes nümayəndələrinə qarşı sərt addımlar atdı, əksəriyyətini dəstəklədi. Siz də bu nazirliyin bu addımını dəstəkləyənlər sırasındasız. Necə etmək lazımdır ki, bu sistem doğru və şəffaf işləsin.
- Mənim bir neçə tədbirimdə müğənni dostlarımız ödənişsiz oxuyublar. Məsələn, övladlarımın ad günündə heç bir tanınmış ulduz pul almadı. İndi toylar yoxdu, gəlir azalıb. İnsanları da incitmək olmaz. Mənə elə gəlir ki, insanlar incidiləndə söz-söhbətlər daha da artır. Müğənninin biri toyu 5 min, digərini isə 3 minə oxuya bilər.
Mənim fikrimcə, toy sahibi şadlıq evlərinə müraciət etməli, istədiyi müğənniləri onlardan tələb etməlidirlər. Şadlıq evlərin rəhbərləri müğənnilərlə danışmalı, daha sonra rəsmi vergi verilməlidir. Bu məslənin qanun-qayadaya salınması qaçılmazdır, gec-tez olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?