"Məzun evi" Sosial Müəssisəsində baş tutan toy mərasimi qalmaqala səbəb olub.
BAKU.WS-ə müraciət edən təşkilatçısı Nigar Bayramlı mərasimi özünün təşkil etdiyini bildirib. Xanim deyir ki, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də "Məzun evi" Sosial Müəssisəsi mərasiminin təşkilində iştirak etməyib:
"Bütün təşkilatçılığı mən özüm etmişəm. Mən və dostlarım birgə həftələrdi bu mərasimi təşkil etmək üçün əziyyət çəkmişik. Şirkətlərlə danışıb gənclərin evlənməsi üçün lazım olan bütün zəruri işləri görmüşük. Çox şükür ki, mərasim də uğurla baş tutub. Ancaq təəssüf ki, indi bizim əziyyətimiz qiymətləndirilmir və yayılan məlumatlarda toy mərasimi nazirlik və müəssisənin adına çıxılır",- deyə Nigar Bayramlı əlavə edib.
Nigar Bayramlının Facebook profilində də onun həftələrdir gördüyü işlərlə bağlı şəkillər və məlumat paylaşılıb. Bu fakt özü də xanımın iddiasını təsdiq edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, adı çəkilən xanımın təşkilatçılığı ilə bağlı nazirliyə heç bir məlumat daxil olmayıb. Nazirlikdən bildirilir ki, bu anlaşılmazlığa səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsinin direktorudur: "Çünki bizə göndərilən məlumatda təşkilatçılarla bağlı hər hansı bir informasiya olmayıb. Əgər olsaydı, məmnuniyyətlə həmin adı məlumata daxil edərdik", - deyə ƏƏSMN-dən əlavə ediblər.
Xatırladaq ki, Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi"ndə mənzillə təmin edilən kimsəsiz gənc üçün toy mərasimi təşkil olunub. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən Nuranə Cabbarova ilə bu təbəqədən olan digər gənc Ənvər Pənahinin toy mərasimi təşkil edilib. Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib. Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq vardır. Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk etmiş gənclərdən biridir. Bundan sonra o da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə "Məzun evi"ndə yaşayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?