Rusiyanın indiyədək barəsində indiyədək heç bir informasiya olmayan məxfi kəşfiyyat təyyarəsi Xəzər dənizinin üzərindən uçaraq Suriyadakı Hmeyim aviabazasına yerə enib.
Virtualaz.org xəbər verir ki, bu faktı rusiyalı aviasiya eksperləri üzə çıxarıblar. Təyyarələrin marşrutunu online rejimdə izləməyə imkan verərn Flightradar24 resursunun qeydə aldığı fakta görə məxfi təyyarə fevralın 15-də axşam Hmeyim aviabazasında yerə enib.
Tu-214P markalı təyyarənin Suriyaya göndərildiyi haqda “Strategiya və texnologiyaların analizi Mərkəzi”nin internet bloqunda məlumat verilib. “ Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus kompleks kəşfiyyat təyyarəsi Tu-214P (qeydiyyat nömrəsi RF-64514, zavod nömrəsi 42305014, seriya nömrəsi 514) Suriya ərəb respublikasında yerə enib”-məlumatda deyilir.
Flightradar24 təyyarənin Kazan aviasiya zavodunun aerodromundan havaya qalxdığını, Xəzər dənizinin üzərindən keçdiyini və Hmeyim aviabazasına endiyini qeydə alıb. Ekspertlər bu məxfi təyyarə barədə bəzi məlumatları da paylaşıblar. Bildirilir ki, RF-64514 bort nömrəli Tu-214P Rusiya Hava-Kosmik Qüvvələrinin sifarişi ilə Kazan aviasiya zavodunda yığılmış ikinci belə kəşfyyat təyyarəsidir. Təyyarə 2015-ci ilin sonlarında Hava Kosmik Qüvvələrinə təhvil verilib.
Təyyarənin üzərində iş 2002-ci ildən gedirmiş. İlk Tu-214P təyyarəsi 2009-cu ilin dekabrında Kazandan havaya qalxıb və indiyədək sınaq proqramını davam etdirir. Bundan əvvəl fevralın əvvəllərində Rusiyanın Hmeyim aviabazasına özünün ən yeni Su-35 təyyarələrini göndərmişdi.
Flightradar24 resursunun qeydə aldığı marşrutdan məlum olur ki, təyyarə Xəzər dənizi üzərindən Azərbaycan sahillərinə çox yaxın uçub. Lakin təyyarənin Azərbaycanın hava sahəsinə daxil olub-olmadığı məlum deyil. Xəzər dənizi üzərindən keçdikdən sonra təyyarə İran və İraqın hava sahəsindən keçib, daha sonra Suriyaya daxil olub. Xatırladaq ki, bundan əvvəl Rusiya bombardmançıları və qırıcıları da Suriyaya uçarkən Azərbaycanın hava məkanından istifadə etmişdi.
Təyyarənin Türkiyə və müttəfiqləri tərəfindən Suriyaya mümkün quru müdaxiləsi variantının müzakirə edildiyi bir vaxtda Suriyaya göndərilməsi təsadüfi deyil. Rusiya mənbələri xəbər verir ki, Tu-214P yeri məsafədən zondlamaq üçün çoxtezlikli aviasiya radilokasiya kompleksi ilə təchiz olunub. Bu kompleks təyyarəyə xüsusi imkan verir ki, istənilən hava şəraitində istənilən obyekti, hətta yerin altında olsa belə, qeydə alsın.
Təyyarənin göyərtəsinə yer səthinin dəniz, sahilyanı və materik zonalarının mənzərəsinə dair peyk naviqasiya sistemlərinin məlumatları əsasında dəqiq koordinatlarla təchiz olunmuş informasiya daxil olur. Daha sonra həmin informasiyalar rabitə xətti ilə yerüstü idarəetmə məntəqəsinə ötürülür, orada informasiyalar qeydə alınır, işlənilir və rəqəmsal xəritə əlavə olunmaqla yer səthinin vəziyyətinin parametrlərinin və kateqoriyalarının təsvirləri formasında verilir.
Bu kompleksin 9-12 min metr hündürlükdə aktiv rejimdə görmə məsafəsi 250 kilometr, passiv rejimdə isə 400 kilometrdir. Beləliklə, Tu-214P təyyarəsi Hmeyim aviabazasında dislokasiya olunmuş vəziyyətdə Türkiyənin Suriya ilə sərhədboyu regionlarında baş verənlərin hamısını, o cümlədən qoşunların və hərbi texnikanın hərəkətini yüksək dəqiqliklə qeydə ala biləcək. Əgər təyyarə Suriya üzərində kəşfiyyat uçuşları keçirsə və sərhəd boyu uçsa həmin kompleks imkan verəcək ki, Türkiyə ərazisinin dərinliklərində də baş verənləri qeydə alsın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?