Bu gün “kürd milləti” sözünü eşidən zaman kürdlərin ancaq PKK-çı və terrorçu olduğu barədəki düşüncənin haradan gəldiyini bilmirəm. Belə bir yanaşmanın nə dərəcədə obyektiv olduğunu deyə bilmərəm. Bunu qiymətləndirmək çox çətindir. Bütün dünyada mono millətdən təşkil olunmuş, monoetnik dövlət kimi ancaq Ermənistanı göstərmək olar”.
Bu sözləri əslən Kəlbəcər rayonundan olan keçmiş deputat Şahlar Əsgərov deyib.
“Mən güman etmirəm ki, qubadlılı, laçınlı, kəlbəcərlinin cəmiyyətdə, dövlətdə rolu astaralı, cəlilabadlı, lənkəranlının rolundan azdır. Bunu da mən görmürəm. Çünki hər bir millət dövlətin ictimai-siyasi, mədəni və idarəçilik sahələrində bu və ya digər səviyyədə təmsil olunmalıdır. İdarəçilikdə tərəfbazlıq, yerlibazlıq, bölgəbazlıq çox qüsurlu haldır. Gərək dövlətin idarə olunmasında nə millətinə, nə də kişi və yaxud qadın olmasına görə fərq qoyulsun, professional keyfiyyətlər önə çəkilməlidir”,-deyə Şahlar Əsgərov bildirib.
Eks-deputat hesab edir ki, insanların vəzifəyə yeribazlıq, qohumbazlıq prinsiplərinə əsasən təyin olunması ciddi problemdir:
“Neçə illərdir biz bunları müşahidə edirik. Bəzən insanlar hansısa vəzifələrə təyin edilərkən yerlibazlıq əsas götürülür. Belə addımların atılması səhv yanaşmadır. Vəzifəyə o kəs getməlidir ki, bütün prosesləri düzgün həll etməyə çalışsın və bacara bilsin. Məsələn, bu yaxınlarda əslən suriyalı olan Aida Hadzialiç adlı bir cavan qız İsveçin təhsil naziri təyin olundu. Çünki həmin gənc qız orada 20 il yaşayıb və çalışıb. O insan artıq bu proseslərin içindən bir daha keçəcək. Yəqin ki, həmin qız təhsil və idarəçilik sahəsində müəyyən mənada püxtələşdiyinə, perspektivli olduğuna görə o vəzifəyə təyin edilib”.
Şahlar Əsgərov deyir ki, Azərbaycanda hər yüz kürdə düşən vəzifəli şəxsin sayı hər yüz talışa düşən vəzifəli şəxsin sayından azdır ya çoxdur, dəqiq deyə bilməz.
“Hər yüz ləzgiyə düşən vəzifəli adamın sayı hər yüz kürdə düşən vəzifəli adamın sayından artıqdır, yaxud azdır. Biz bu gün bunları dəqiq deyə bilmərik. Çünki bunların sayını dəqiq bilmək çox çətin məsələdir. Gərək ortada hansısa tədqiqat olsun”.
Eks-deputat kürd mənşəli şəxslərin vəzifədə olmasında danışarkən əlavə edib:
“Kürd mənşəli insanlar Azərbaycan hakimiyyətində hər zaman olub. Kadr təmsilçiyində yeganə prinsip profesionallıq olmalıdır. Burada millət, irq, din, yaş, dərisinin rəngi rol oynamamıldır. Bizim bu gün təhsilimizdə narazılığın yaranmasına səbəb olan vicdan mənşəli adam 20 il bundan qabaq səviyyəni o həddə çatdırardı ki, profesionallıq qorunub saxlanılardı”.
Şahlar Əsgərovun sözlərinə görə, peşəkar olan, amma etnik və milli azlığı təmsil etdiyinə görə hər hansı bir şəxs layiq olduğu vəzifəyə təyinat ala bilmirsə, bu çox ciddi narazılıq yaradır:
“Biz bu gün məsələlərə, problemlərə profesionallıq prinsiplərinə görə yanaşmalıyıq. Əgər hər hansı etnik və milli azlığın nümayəndəsi sözün həqiqi mənasında hansısa sahədə peşəkar və professionaldırsa, amma onun yerinə ondan qat-qat savadsız, naşı, bölgəsinə, yerinə görə seçilən adam təyin olunursa, əlbəttə narazıçılıq yaranacaq. Peşəkarlıq yerlibazlıqdan əvvəldə gəlməlidir. Belə hallar milli-enik azlıqlarda narazılıq yaradır”.(Modern.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?