Nizaməddin Quliyevin övladı Ramal Quliyev özü barəsində yazılanlara aydınlıq gətirdi: “Hər gün haqqımda min cür şər-böhtan yazırlar”
“Mən Müqayis Verdiyevi tanımıram, heç yerə qaçmamışam və bu yalan xəbərlərə son qoysunlar”
“Bu qədər də şər-böhtan olmaz. Hər şeyin bir həddi-hüdudu var. Mən başa düşmürəm ki, bu yalan məlumatlar kim və niyə yayır? Məndən nə istəyirlər? Əgər atama görədirsə onun gördüyü işlər barədə yazsınlar. Müsbətdirsə yaxşı yazsınlar, pisdirsə tənqid etsinlər. Bəs məndən niyə yazırlar başa düşmürəm. Kimə nə etmişəm? Hər gün haqqımda min cür şər-böhtan yazırlar”. Bu sözləri “Gündəm-xəbər” qəzetinə eksklüziv açıqlamasında Goranboyun icra başçısının oğlu Ramal Quliyev bildirdi. O, son günlər mətbuatda özü və icra başçısı olan atası Nizaməddin Quliyev barəsində yayılan xəbərlərə aydınlıq gətirdi və deyilənləri şayiə, şər-böhtan adlandırdı. R.Quliyev qəzetimizə qısa müsahibəsində qeyd etdi ki, əgər belə davam etsə məhkəməyə müraciət edəcək: “Hazırda Bakıdayam. İşləyirəm və heç bir yerə qaçmamışam. Heç bir problem də yoxdur. Heç kimin haqqını yeməmişəm. Yazıblar ki, guya atam məni xaricə qaçırdıb, pulları hansısa müğənniyə xərcləmişəm. Mənə qaranlıq qalıb ki, belə yalan xəbərləri haqqımda nə üçün yayırlar? Bir insafları olsun, Allah var başımız üstündə. Yazırlar ki, “Fəqan - Xidmət” MMC mənə məxsusdur. Tamamilə səhvdir. Mingəçevirdə bankda işləməyimdən yazırlar. Bəli orda işləmişəm, ancaq orda maxinasiyalara yol verdiyim barədə deyilənlər yalandır. Artıq dözümün də həddi var. Buna son qoysunlar. Mənim nə şirkətim var, nə də qanunsuzluq etmişəm. Müqayis Verdiyev adlı şəxsin mənim əməllərimi ört-basdır etməyə görə həbs edildiyini yazırlar. Heç mən o şəxsi də, onun oğlunu da tanımıram. Hər gün bir şər yazırlar. Əgər buna son qoyulmasa məhkəməyə müraciət edəcəyəm”. İcra başçısının oğlunun yazılanlara reaksiya verməsi və bu söz-söhbətlərə aydınlıq gətirməsi əslində hər iki tərəf üçün müsbət addım oldu. Həm artmaqda olan dezinformasiyalara son qoyulacaq, həm də ittiham olunan tərəf öz arqumentlərini gətirib haqlarını müdafiə edəcək. R.Quliyev onu da bildirdi ki, onun telefonu daim açıqdır və barəsində yayılan ittiham xarakterli xəbərlərə hər zaman münasibət bildirməyə hazırdır: “Mənə zəng edib soruşsunlar, dəqiqləşdirsinlər. Dəqiqləşdirmədən həqiqət olmayan məlumatlar yazmaq düzgün deyil”. Qeyd edək ki, mətbuatda Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlunun işini ört-basdır etmək üçün müavini vasitəsi ilə rayonda aksiya təşkil edərək, iş adamı olan atam Müqayis Verdiyevi həbs etdirməsi xəbəri yayılmışdı. İş adamının oğlu Anar Verdiyev məktubunda bildirmişdi ki, başçı oğlu Kapital Bankın Mingəçevir filialının rəhbəri işləyəndə 500 min manatlıq yeyinti faktına görə orada işdən çıxarılıb. Həmin vaxt atası onu yaranmış problemdən qurtara bilib. Tender məsələsində isə M.Verdiyevi rayona dəvət edərək, nəzərdə tutulan işlərin onlar tərəfindən həyata keçirilməsini istəyib. A.Verdiyev yazıb ki, onların üzərinə düşən işin xərcləri 256 min manat olub: “Ki, onun da 100 min manatı icra başçısı tərəfindən ödənildi və razılaşma əldə olundu ki, bütün işlər başa çatdıqdan sonra yerdə qalan 156 min manat da ödəniləcək. Amma işlər başa çatdıqdan sonra Nizaməddin Quliyev həmin pulu ödəməkdən imtina etdi. Atam pulun qalan qismini tələb etdikdə Nizaməddin Quliyev müavini Baxış Abdullayevə göstəriş verərək, onun əliylə rayonda etiraz aksiyası təşkil etdirdi. Baxış Abdullayev fəhlələri İcra Hakimiyyətinin binası qarşısına yığaraq, onların etiraz aksiyasını təşkil etmişdi. Bu əməli həyata keçirəndən sonra guya, Müqayis Verdiyevin rayonda iğtişaş törətmək istədiyinə dair yalan məlumatları yuxarı dairələrə çatdırdı. Ardından isə atamın həbsini təşkil etdirdi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?