'ABŞ və Rusiya XİN rəhbərlərinin görüş və danışıqları yalnız diplomatiya üçündür, bu telefon zənglərində heç nə həll olunmur''
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Conn Keri ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya XİN yayıb.
Məlumata görə, aprelin 4-də Sergey Lavrovla Con Kerri arasında telefon danışığı olub. Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə ediblər və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar.
Bundan başqa, ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.
Lavrov və Kerri müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.
Dünən ABŞ vitse-prezidenti Co Byaden də Ermənistan və Azərbaycan prezidentləriylə telefonla əlaqə saxlayıb.
Bəyanatda səsləndirilən fikirləri Meydan TV-yə şərh edən siyasi şərhçi Hikmət Hacızadə güman edir ki, Moskva və Vaşinqton “xarici oyunçular” dedikdə Türkiyə və İranı nəzərdə tutur: "Hazırda bu prosesdə oyunçular İran, Rusiya, Türkiyə və Qərbdir. Geniş götürdükdə, gedişatda Türkiyə və İran da oynayır".
Hikmət Hacızadə
Hikmət Hacızadənin fikrincə, ABŞ və Rusiya XİN rəhbərlərinin görüş və danışıqları yalnız diplomatiya üçündür, bu telefon zənglərində, təmaslarda heç nə həll olunmur: "Hazırda Vaşinqton Suriya və Ukrayna məsələləri ilə məşğul olduğundan Cənubi Qafqaza o qədər də vaxt ayıra bilmir. Hər şey Rusiyadan asılıdır. Rusiyanın davranışı çox müəmmalıdır, nədənsə, Moskva çox aktiv deyil. Birincisi, Kremldən ciddi zənglər eşidilmir və "barmaq silkələməsi" görünmür. İkincisi, Rusiya hərbi mütəxəssislərinin erməni ordusuna dəstəyini görmürük. Üçüncüsü, televiziyalarında aqressiv yox, səfeh çıxışlar görürük. Nəsə burda bir oyun var. Rusiyada mətbuat idarəolunan olduğundan əmr verə bilərlər, ancaq belə etsələr, o zaman hamıya oyun aydın olacaq".
Siyasi şərhçi güman edir ki, Azərbaycan hərbi əməliyyatlarda Kremlin xeyir-duasını alıb: "Bu da bir variantdır. Bəlkə Rusiyanın Azərbaycandan müttəfiqlik istəyi olub, Bakı da cavab verib ki, Ermənistan ordusunu Qarabağdan çıxart. Moskva ermənilərin onu eşitmədiyini deyəndə, Bakı "mən Qarabağda hərbi əməliyyatlara başlayıram, sən hansısa mərhələdə müdaxilə etmə" – təklifi verib. Bəli, mən əsgərlərimin uğuruna sevinirəm, amma böyük narahatlıq da var. Əgər dediklərim düzdürsə, savaşdan sonra Azərbaycan Rusiyaya nəsə ödəməlidir".
Sorğu
Yeni dizaynımız necədir?