Bir nəfəri öldürən, bir nəfəri isə yaralayan sürücü həbsxanaya göndərildi
Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Siyəzən rayon sakini, 1987-ci il təvəllüdlü Mərahim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Mərahim Məmmədov 17 may 2015-ci il tarixdə, təxminən saat 16.30-da idarə etdiyi “PAZ 672” markalı avtobus ilə Siyəzən şəhəri, H.Əliyev küçəsi ilə Şabran şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub. O, həmin vaxt piyadalar Prüzə Əliyevanı və Nilufər Əliyevanı vurub.
Nəticədə Nilufər Əliyeva aldığı çoxsaylı xəsarətlərə görə hadisə yerində ölüb, Prüzə Əliyeva isə sağlamlığına az ağır zərər vurmaya aid olan bədən xəsarətləri alıb.
Qeyd edək ki, yol qəzasını törədən Mərahim Məmmədov ”Siyəzən-Broyler” ASC-də sürücü vəzifəsində işləyib. Yol qəzası törədən zaman idarə etdiyi avtomobildə ”Siyəzən-Broyler” ASC-yə məxsusdur.
Mərahim Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.
Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Mərahim Məmmədov 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə belə qərara alıb ki, Mərahim Məmmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Mərahim Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin Mərahim Məmmədovun vəkili Şahin Abasov da apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Tərəflərin şikayəti hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Tərəflərin şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Baş Prokurorluğun apelyasiya protesti təmin edilib və Mərahim Məmmədovun cəzası artırılaraq 5 il 6 ay müəyyən edilib. Məhkəmənin qərarı ilə Mərahim Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaq. Mərahim Məmmədovun vəkilinin şikayəti təmin edilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?