“Hakimiyyət bu əsassız hökmü ləğv etməli və mətbuat azadlığının vəziyyətinin pisləşməsinə son qoymalıdır”
“Sərhədsiz reportyorlar” və Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi Lənkəranda fəaliyyət göstərən Xeber44 islam saytının redaktoru Araz Quliyevin barəsində hökmü pisləyiblər. Aprelin 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi A.Quliyevi 8 il azadlıqdan məhrum edib. “Bu saytın ifadə etdiyi baxışlara rəğmən, aydındır ki, A.Quliyevin müdafiə hüquqları pozulub və hökm onun yazıları və siyasi baxışlarına görə qisasdır”, - təşkilatın məlumatında deyilir. Bundan əlavə, daha yeddi nəfər 3 ildən 7 ilədək azadlıqdan məhrum edilib. Onlar 2012-ci ilin sentyabrında musiqi festivalı zamanı qızların geyimlərinə etirazlarını bildiriblər. İslamçılar bunu rüsvayçılıq sayaraq tədbirin dayandırlmasını tələb ediblər. Jurnalistlərin Müdafiə Komitəsinin bəyanatında islamçılara qarşı ittihamların saxta olduğu bildirilib və Apellyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını ləğv etməyə çağırılıb. “Hakimiyyət bu əsassız hökmü ləğv etməli və mətbuat azadlığının vəziyyətinin pisləşməsinə son qoymalıdır”, - JMK-nın direktor müavini Robert Maxouni vurğulayıb. Bundan əvvəl JMK prezident İlham Əliyevə müraciət edərək müstəqil mətbuata təzyiqlərə son qoyulmasına çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?