İslamçıların hüquqlarını Müdafiə Komitəsi dindarların azadlığa buraxılmasını tələb edir
İslamçıların hüquqlarını Müdafiə Komitəsi iki ilahiyyatçı - Azər Cəbiyevin və Fəxri İsmayılovun, həmçinin dindarlar Zaur İsgəndərov, Anar Bayramlı, Araz İsmayılov, İlqar Musayevin əfv edilməsini müsbət qiymətləndirib. Bununla yanaşı Komitə İslam partiyasının lideri Mövsüm Səmədovun və partiyanın fəalları Ruhulla Axundovun, Fəramiz Abbasovun, Firdovsi Məmmədrzayevin və Dəyanət Səmədovun həbsdə saxlandığını xatırladıb. Komitə hesab edir ki, onlar uydurma ittihamla uzun müddətə həbs olunublar. Komitənin rəhbəri Natiq Kərimov bildirib ki, yanvarda Ali Məhkəmə kassasiya şikayətinə baxacaq. Bu, AŞPA-nın yanvar sessiyası ərəfəsində günahsız yerə məhkum olunanlarla bağlı ədalətin bərpa olunması və Azərbaycanda siyasi məhbuslar məsələsinin bağlanması üçün yaxşı imkandır. Əgər onlar qərarla azad edilməsələr, islamçıların işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılacaq. N.Kərimovun sözlərinə görə, vəkil Anar Qasımlı müvafiq şikayəti hazırlayacaq. Bundan əlavə, Strasburqda yardım göstərməyə hazır olan xarici vəkillərlə ilkin olaraq məsləhətləşmələr aparılacaq. N.Kərimovun fikrincə, islamçılar M.Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını və mənəvi dəyərlərə hörmət edilməməsini tənqid etdiyinə görə həbs olunublar. O güman edir ki, hakimiyyət Azərbaycanda islam dininin artan təsirindən ehtiyatlanaraq islamçılara qarşı repressiyalar həyata keçirir. Bununla yanaşı Komitə üç dindarın - Elmar Səmədov, Ağəli Yəhyayev və Seynur Hüseynovun azadlığa buraxılmasını tələb edib. Onlar 2010-cu il fevralın 13-də Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə keçirilən yürüş zamanı həbs olunublar. Öncə polis aksiyaya maneçilik törətməyib, lakin sonradan onu dağıtmağa başlayıb. Sözügedən şəxslər ictimai asayişin pozulması və polisə müqavimət ittihamı ilə 4,5 il müddətinə həbs olunublar. Komitə digər islamçılar barəsində də məlumatları sistemləşdirmək və vicdan azadlığını müdafiəyə, ifadə azadlığı hüququnu reallaşdırmağa görə məhkum olunanları müdafiə etmək niyyətindədir. Qeyd olunub ki, son iki ildə ən azı yüz dindar həbs edilib. Komitə KİV, vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək, sosial şəbəkələrin imkanlarından istifadə etmək niyyətindədir. İslam Partiyası sədrinin birinci müavini Rövşən Əhmədlinin fikrincə, 2013-cü ildə prezident seçkiləri ərəfəsində islamçılara qarşı repressiyaların artacağını gözləmək olar, odur ki, preventiv müdafiə tədbirləri görüləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?