Nəqliyyat naziri Ziya Məmmədov və Qəbələdən seçilən deputat Fəttah Heydərovun düz çıxmayan körpü vədi
Aprelin 10-da Qəbələnin Tikanlı kəndində 50-dək sakin aksiya keçirib. Onlar kəndin yaxınlığından keçən Bum çayı üzərindən körpünün çəkilməsini, kənd yolunun düzəlməsini tələb ediblər. Kənd camaatı əvvəllər də eyni tələblə aksiya keçirdiklərini söyləyiblər. Onların dediyinə görə, Tikanlıya nə yanğınsöndürən, nə də təcili tibbi yardım maşını gəlir. Buna səbəb yolların bərbad olmasıdır. Sakinlərin dediklərinə görə, bir neçə il öncə Nəqliyyat naziri Ziya Məmmədov da, Qəbələdən seçilən deputat Fəttah Heydərov da körpünün tikiləcəyinə söz veriblər. Tikanlılar deyirlər ki, onlar rayon mərkəzinə getmək üçün Şəki yoluna çıxmaqla az qala 40 kilometr yol qət edirlər. Ancaq körpü çəkilsəydi, həm yolları qısalardı, həm də xərcləri azalardı. İcra hakimiyyətinin təmsilçisi və icra nümayəndəsi aksiya keçirilən yerdə olsalar da, həmin tələbə münasibət bildirməyiblər. Aksiya iştirakçıları növbəti dəfə tələblərini bildirmək üçün icra hakimiyyəti qarşısında toplaşacaqlarını deyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?