Bu sözləri Femida.az-a açıqlamasında Azəri–Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov deyib.
Onun sözlərinə görə, Talışıstan tv-ni ermənilər maliyyələşdirir və birbaşa olaraq İrəvandan yayımlanır:
“Əvvəlcə qeyd edim ki, Talışıstan tv Ermənistanın paytaxtı İrəvan şəhərindən yayımlanır. Əgər bir media qurumunu ermənilər maliyələşdirirsə, deməli həmin qurum Azərbaycanın əleyhinə təbliğat aparacaq. Talışıstan tv-də mənim əleyhimə də dəfələrlə təhdidedici materiallar yayımlanıb. Həmin televiziyada separatçı fikirlər səsləndirən aparıcı Zabil Məhərrəmovu şəxsən tanıyıram. O, Masallı rayonunun Mahmudabad kəndindəndir. Mən vaxtilə ona dedim ki, gəlsin Azərbaycanda folklorumuzu, mədəniyyətmizi təbliğ edən televiziya açaq. O, bizimlə razılaşmadı və getdi Ermənistanda belə bir televiziya açdı. Bir talış kimi buna çox təəssüfləndim. Bir Zabilə görə bütün talışları qınamaq olmaz. Talışlar Azərbaycanı öz vətənləri sayırlar. Bütün talışlar və digər azsaylı etnoslar Azərbaycanın bütövlüyü naminə səfərbər olmalıdırlar. Biz türklərlə daima qardaş kimi yaşamışıq. Mən özüm və digər talışlar daima Zabil Məhərrəmov kimi şəxslərə qarşı səsimizi çıxarmışıq. Həmişə Azərbaycanın bütövlüyünü təbliğ etmişik”.
Mehdibəy Səfərov sonda qeyd etdi ki, Azərbaycanda talış folklorunu, mədəniyyətini təbliğ edən televiziya açılmalıdır:
“Bildirmək istəyirəm ki, Azərbaycanda azsaylı etnosların dilində fəaliyyət göstərən televiziyalar yaradılmalıdır. Bu televiziyalarda həmin etnosların folkloru, adət-ənənələri təbliğ olunmalıdır. Biz talışlar həmin televiziya vasitəsilə sözügedən separatçı kəsimlərə qarşı mübarizə aparıb Azərbaycanın ərazi bütövlüyünə, onun dövlətçiliyinə sadiqlik nümayiş etdirərik. Buna heç kəsin şübhəsi olmasın. Azərbaycan kimi multikultural ənənələrə sahib bir ölkədə belə bir televiziyanın açılması labüddür. Ümid edirik ki, yaxın vaxtlarda folklorumuzu, mədəniyyətimizi təbliğ edən həmin televiziya açılacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?