Azərbaycan Respublikası CM-nin 213.2.2-cı maddəsinə əsasən ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfəri barəsində Kəpəz rayon məhkəməsində 11 Aprel 2013-cü il saat 15:00 –da keçiriləcək məhkəmə prosesi təxirə salınaraq, 18 Aprel 2013-cü il tarixinə saat 11:00-a təyin edilmişdir. Məhkəmənin təxirə düşməsinə səbəb Şirin Cəfərinin Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimova ərizə ilə müraciəti olmuşdur. Təsisçi ərizədə bidirmişdir ki, “ Hörmətli Yaşar müəllim. Mənə qarşı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən AR CM-nin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülərək iş baxılması üçün məhkəməyə verilmişdir. 11 Aprel 2013-cü il tarixə saat 15:00-a işin məhkəmə baxışı təyin edilmişdir. Dövlət büdcəsi hesabına məhkəmədəki hüquqlarımın müdafiəsi vəkil Hüseynov Yusif Paşa ogluna həvalə edilmişdir. Məhkəmənin hazırlıq iclasında tərəfimdən bildirilmişdir ki, hüquqlarımın müdafiəsi özümün müqavilə bağladığım vəkil Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən həyata keçiriləcəkdir. AR CPM-nin 19.4.3 və 19.4.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsait olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. Üzürlü səbəblərə görə müdafiəçim Z. Niftəliyev 11 Aprel 2013-cü il tarixə 15:00-a təyin edilmiş məhkəmə iclasında iştirak etməyəcəkdir. Dövlət büdcəsi hesabına məhkəmədəki hüquqlarımın müdafiəsini həyata keçirən vəkil Hüseynov Yusif Paşa oğlunun xidmətindən imtina edirəm və bu imtinamın səbəbləri imkansızlıqla bağlı deyil. Göstərilənləri nəzərə alaraq xahiş olunur özümün seçdiyim müdafiəçimin vasitəsi ilə müdafiə olunmaq hüququmun təmin edilməsi məqsədi ilə məhkəmə iclasının vaxtını başqa vaxta keçirəsiniz.” Bundan əlavə, Ş.Cəfərinin müdafiəçisi Z. Niftəliyevin məhkəmədə hansı üzürlü səbəbdən iştirak etmədiyi və məhkəmə iclasının vaxtını başqa vaxta keçirilməsi haqqında yazdığı ərizəsi də məhkəməyə təqdim olunmuşdur. Beləliklə, müvafiq maddə ilə ittiham olunan Ş.Cəfərinin və onun numayəndəsi Z. Niftəliyevin xahişləri nəzərə alınaraq növbəti məhkəmə prosesi 18 Aprel 2013-cü il tarixinə saat 11:00-a təyin edilmişdir.
Sorğu
Yeni dizaynımız necədir?