“Hakimiyyət prezident seçkilərilə bağlı çirkin siyasi məqsədlər güdür”
REAL Hərəkatı Avropa Şurasının Bakıda səfərdə olan bir qrup səfirinin hərəkatın rəhbəri, prezidentliyə namizəd İlqar Məmmədovla görüşünə icazə verilməməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Avropa Şurasının bir qrup səfirdən ibarət nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinə hazırlıqların ilkin dəyərləndirilməsi məqsədilə aprelin 10-12-də Bakıda rəsmi səfərdə olub. Avropa Şurasından gələn nümayəndə heyəti prezidentliyə namizədimiz, hazırda qanunsuz olaraq həbsdə saxlanılan İlqar Məmmədovla görüş istəsə də, ölkə rəhbərliyi buna imkan vermədi. Bu hal bir daha təsdiq edir ki, İlqar Məmmədovu həbs etməklə hakimiyyət prezident seçkilərilə bağlı çirkin siyasi məqsədlər güdür. Yuxarıda qeyd olunan görüş baş tutsaydı, İlqar Məmmədov ilk növbədə namizədliyinin qeydiyyatı məsələsini qaldıracaqdı. Onun artıq 3-cü aydır qanunsuz olaraq həbsdə saxlanılması imza toplama kampaniyasının hazırlıqlarına mənfi təsir göstərəcək. REAL Hərəkatı hesab edir ki, İlqar Məmmədovun azadlığa buraxılmasıyla yanaşı, hakimiyyət imza toplama kampaniyasını iki ay müddətinə qədər artırmalıdır. İlqar Məmmədov görüşdə həmçinin hakimiyyətin inhisara aldığı televiziya və radio məkanında prezidentliyə bütün namizədlərin və müxalif yönümlü təşkilatların fəaliyyətini müntəzəm şəkildə işıqlandırılması tələbini səsləndirəcəkdi. Əsasən bu iki tələbi Avropa Şurası nümayəndə heyətinin, Azərbaycan rəhbərliyinin və geniş ictimaiyyətin diqqətinə bu bəyanatla çatdırırıq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?