ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia hazırda həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovla görüşmək istəyirmiş. Amma görüş baş tutmayıb. Məlumatı REAL hərəkatı Məclisinin sədri Erkin Qədirli verib. Erkin Qədirli bildirib: “Aprelin 17-də Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda müxalifət təmsilçiləri ilə görüşdü. Görüşdə REAL hərəkatının təmsilçisi kimi mən də iştirak edirdim. Tomas Melia dedi ki, həbsxanada İlqar Məmmədovla görüşməyə icazə almaq üçün Azərbaycan hökumətinə sorğu veriblər. Belə bir görüşün baş tutması üçün presedent də mövcuddur. Avropa Birliyinin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia bir neçə gün əvvəl həbsxanada İlqar Məmmədova baş çəkib. Amma hökumət Tomas Melianın İlqar Məmmədovla bağlı sorğusunu cavablandırmayıb. Nə mənfi, nə də müsbət reaksiya olub. Bu sorğu səfər başlamamışdan əvvəl verilmişdi”. Erkin Qədirli sorğunun cavabsız qoyulmasını Azərbaycan hökumətinin Tomas Melianın İlqar Məmmədovla görüşməsinə icazə verməməsi kimi qiymətləndirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?