Sabiq prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçi Bəy haqda Nemət Pənahlının işlətdiyi ifadələr cəmiyyətdə birmənalı qarçılanmamışdır. Son günlər bir çox tanınmış siyasətçilər və hərəkat nümayəndələri səslənən fikirlərə öz etirazlarını bildirmişlər. Onlardan biri də öz qeyri adi araşdırmaları ilə gündəmdə olan yazıçı Paşa Yaqubdur. O, Elçi Bəy haqda indiyədək heç yerdə səsləndirmədiyi, bugünədək gizli saxladığı bəzi sirli məqamları Moderator.az saytına açıqladı:
-Yazılarımı müntəzəm izləyənlərə məlumdur ki, məndə “elmi-lədun” adlanan batini bir elm vardır ki, onunla indiyədək dünyada və Azərbaycanda baş vermiş çox sirli hadisələrin üstünü açmışam (bu barədə son dövrlərdə saytınızda çox məqalələrim yayımlanıb). Azərbaycanda baş verən sirli hadisələrdən biri də Elçi Bəylə bağlıdır. Yəni, onun 40 mərasimində günorta vaxtı baş verən göy gurultusu ilə. Hamsı ki, o şiddətli gurultu orada iştirak edən bəlkə də yüz minlərlə insanı bütün mərasim boyu həyəcanlandırdı və bu gün də həmin adamların yadından çıxmayıb o həyəcan. Həmin həyəcanı başqa iştirakçılar kimi mən də yaşadım və təbii ki, həmin gün mən də başqaları kimi, o hadisənin sirrini bilmədim... Ta ki, batini elmi mənimsəyənə qədər. Hadisədən bir il sonra məni maraqlandıran bəzi sirlər kimi, bu sirrdən də agah oldum. Lakin, müxtəlif səbəblərdən indiyədək bu barədə yazmamışam. Bu gün nemətkimilərin Bəy haqqında hədyan danışdıqlarını görəndən sonra mən də bildiyim sirlərdən bəzilərini açmaq qərarına gəldim. Elmi-ladunla yüklənərkən, mənə agah oldu ki, Əbülfəz Bəyin 40 mərasiminin ildırımla müşayət olunması heç də təsadüf olmayıb (“Quran” məntiqinə görə heç bir hadisə təsadüfən baş vermir), xüsusi qanunauyğunluğa tabedir. Yəni, bu hadisə “Quran”ın 13-cü ("Göy Gurultusu") surəsinin 40-cı (!) ayəsi ilə əlaqədardır. Həmin ayədə deyilir:
"Onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də və ya ondan qabaq səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq Haqqı təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!" GÖY GURULTUSU surəsi, 40-cı ayə.
Elçi Bəyin 40 (!) mərasimindən bir il sonra mənə agah oldu ki, yuxarıdakı ayənin hökmü onun düşmənlərinə də şamil olunub! Və onun 40 (!) mərasimində də analoji hadisənin baş verməsi insanların diqqətini məhz bu ayəyə (13:40) cəlb etmək məqsədi daşıyırdı. Sonralar mən məqalələrimdə bu ayəyə diqqət yönəltsəm də, düzgün anlaşılmaz deyə bu barədə belə açıq yazmamışam. Amma son dövrlər (13-cü ildən başlayaraq) Azərbaycan ətrafında baş verən ildırım hadisələri (qatarları, insanları və buruqları ildırım vurması) və Əbülfəz Bəy haqqında söylənən təhqirlər, hədyanlar məni bu mətləbi açıq yazmağa vadar etdi.
Bir məqamı da açıqlamaq istəyirəm: yuxarıdakı ayənin hökmünün Elçi Bəyin düşmənlərinə də şamil olunması haqda mənə məlum olanda, onun düşmənlərini də gördüm: üç təbəqədən ibarət böyük bir kütlə idi (sayı-hesabı bilinmirdi). Onlar hamısı Bəyə qarşı üsyana qalxmışdılar. Ən qabaqdakı təbəqə Elçi bəyin yaxın ətrafına daxil olan adamlar idi ki, onlar üsyançıların başında dururdular (onların içində əlində boş kaset tutan da vardı ki, dolu kimi qələmə verirdi). Onlardan sonrakı təbəqə sadə xalq kütləsi idi ki, haqqı-nahaqdan ayıra bilməyərək küyə gedirdilər. Ən axırda isə, az sayda vəzifəli hökumət nümayəndələri vardı ki, özlərini biruzə vermədən qarşıdakı iki təbəqəni əslində onlar idarə edirdilər.
Bir məqamı da qeyd etməyim vacibdir ki, Elçi Bəy Yerə haqqı, ədaləti təbliğ etmək missiyası ilə gəlmiş böyük şəxsiyyət idi və ona qarşı millətin üsyana qalxması, təhqir edərək, olmazın həqarət yağdırması Rəbbimi qəzəbləndirdiyindən, millətin zülümdə qalmasına qərar vermişdir!
“Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin əhalisi Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə sakinlərinin etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab onları zülm etdikləri üçün yaxaladı”. “Quran”, 16:112-113. Bir məsələni də diqqətinizə çatdırım ki, Elçi Bəyin Allah dərgahında hörmət qazanmasına səbəb onun pak niyyətli şəxs olmasıdır. Bildiyimiz kimi, əməllər niyyətə görə qəbul olunur. Bəyin niyyəti xalqa xidmət etmək idi. Vəzifə bu yolda bir vasitə idi. Onun məqsədinə nail olmaması və Bakıdan getməsi heç də zəifliyi, qorxaqlığı ilə əlaqədar deyildi. Sadəcə dövrə, zamana görə niyyətinə çata bilmədi. Azərbaycan xalqının düşmənləri həddən ziyadə güclü idi və onlar bu xalqa demokratiya verilməsini mümkünsüz hesab edirdilər ki, xalq və dövlət güclənməsin. Fikir verdinizmi, həmin vaxt Rusiya silahın götürüb, İran “Quranı” qoltuğuna vurub üsyançıların pişvazına çıxırdılar. Bunlarla yanaşı, Azərbaycanın sərvətlərini müftə yolla talamağı qarşısına məqsəd qoymuş güclü dövlətlər də (hansı ki, bizim avam xalqımız bu gün də o dövlətləri “demokratiyanın beşiyi” hesab edirlər) Elçi Bəyin devrilməsində maraqlı idilər və üsyançılara açıq-aşkar dəstək verdikləri göz önündə idi. Təəssüflər olsun ki, qardaş dediyimiz Türkiyənin mafiyoz rəhbərliyi də Azərbaycanda haqqın-ədalətin deyil, mafiyanın bərqərar olmasını daha üstün tutdu. Belə güclü düşmənlərin hücumda olduğu bir şəraitdə Əbülfəz Bəy xidmət vasitəsi kimi baxdığı vəzifəni kiməsə (o şəxsə ki, həmin vəzifədən ancaq xalqa xidmət vasitəsi kimi istifadə edəcəyinə söz vermişdi!) ötürməkdən başqa çıxış yolu qalmadı.
Sonradan kimsə vəzifədən digər məqsədlər üçün istifadə etdisə və xalqa xidmət etmədisə, üstəlik xalq da onu illər uzunu sevdi və dəstəklədisə (!) burada Elçi Bəy niyə söyülməlidir? Ən yaxşısı odur ki, millətimiz başına gələnlərdən ibrət alsın, yaşadığı zülm və işgəncəni HAQQ ETDİYİNİ (!) dərk etsin və tövbə etsin! Bir daha haqqa qarşı üsyan etməyəcəyinə Allah qarşısında söz versin. Bəlkə onda Allah bu millətin günahından keçə. "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (zalımların cəzalanacağı haqda hökmlərin bütün dövrlrə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" Quran, 21:37
Sorğu
Yeni dizaynımız necədir?