İŞİD üzvü kimi tanınaraq həbs olunan Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Səbuhi Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Səbuhi Cəfərzadə 2014-cü ilin əvvəllərində Bakı şəhərində 28 may metrosunun yaxınlığında tanımadığı şəxsdən qanunsuz olaraq əldə etdiyi bir ədəd F-1 markalı döyüş sursatı olan əl qumbarası və həmin qumbaraya aid alışdırıcını yaşadığı Zərdab şəhəri, Azərbaycan küçəsi ev 105, mənzil 4 ünvanında qanunsuz olaraq saxlayıb.
26 iyun 2014-cü il tarixdə Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda əməliyyat keçirilib və silah-sursat aşkar olunub.
Səbuhi Cəfərzadənin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərdab rayon Məhkəməsinin hökmü ilə Səbuhi Cəfərzadə 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Səbuhi Cəfərzadə apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Səbuhi Cəfərzadə bildirib ki, barəsində olan hökmü qanunsuz və əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Heç bir cinayət törətməmişəm, evimdə silah saxlamamışam. İnanclı adamam, silahla davranmağı bacarmıram. Silahla hər hansı iş görmək istəmirəm. Polislər evimə silahı qoyublar və sonra da götürüblər ona görə ki, onlar səhvən məni radikal dinçi hesab ediblər. Əslində onun hər hansı dini cərəyana aidiyyətim yoxdur. Vaxtaşırı ibadət edirəm”.
Səbuhi Cəfərzadə daha sonra qeyd edib ki, birinci instansiya məhkəməsində hal şahidləri dindirilib: “Məlum olub ki, onlar evimdən silah çixmasını görməyiblər. Polislər özləri də silahın haradan tapılmasını ifadələrində konkret göstərə bilməyiblər”.
Səbuhi Cəfərzadə qeyd edib ki, evindən tapılmış qumbaranın ona məxsus olmayıb: “İstintaq zamanı həm fiziki təzyiq altında, həm də müstəntiqin silah saxlamasını etiraf edəcəyi halda vəziyyətinin yüngülləşəcəyini vəd etməsi ilə əlaqədar etiraf etmişəm”.
Dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?