İcra başçısı tərəfindən 65 min dolları mənimsənilən Fəqan Nəsibov ailə üzvləri ilə Prezident Administrasiyasına yürüşə hazırlaşır
“Zərdabın icra başçısı Lütvəli Babayev hələ də pulumu qaytarmayıb. O düşünür ki, etdiyim şikayətlərə baxılmayacağını görüb, susacağam. Lakin bilməlidir ki, mən pulumu almayınca ondan əl çəkməyəcəm”. Bu sözləri sahibkar Fəqan Nəsibov deyib. Sahibkar bildirib ki, icra başçısı etdiyi əmələ görə hökuməti, özünün himayədarlarına da pis vəziyyətə qoyur: “Artıq Azərbaycanda hər kəs bilir ki, Lütvəli Babayev dələduzluq yolu ilə mənim 65 dollarımı mənimsəyib. Mən dəfələrlə ona müraciət etmişəm, bu məsələnin ictimailəşməsini istəmədiyimi bildirmişəm. Lakin nəticəsi olmayıb. Ona görə də məcbur qalıb mətbuata bu barədə danışmışam və hamı bir icra başçısının, prezidentin səlahiyyətli nümayəndəsinin əslində dələduz olmasından xəbər tutub. Lütvəli Babayev dərk etmir ki, o, bu əməlilə prezidenti də pis vəziyyətə qoyub. Axı Ilham Əliyevə ona etimad göstərib, böyük bir rayona icra başçısı təyin edib. O, dələduzluqla məşğuldur. Mən onun əməlləri barədə bütün müvafiq qurumlara müraciət etmişəm. Doğrudur, bu müraciətlərin nəticəsi olmayıb. Lakin mən ruhdan düşmürəm, mübarizəmi davam etdirirəm. Əminəm ki, haqq-ədalət yerini tutacaq”. Fəqan Nəsibov bildirib ki, o, yaxın günlərdə Lütvəli Babayevin dələduzluq əməli ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır: “Mətbuat konfransında birbaşa ölkə başçısına müraciət edəcəm. Əgər bu da nəticə verməsə ailəmlə Prezident Administrasiyasına yürüş edəcəm. Qoy məni qəbul edib dinləsinlər və bu məsələyə son qoyulsun. Mənin 65 min dollardan keçmək fikrim yoxdur. Bu mənim üçün böyük puldur və mən onu əziyyətlə qazanmışam. Ona görə də sona qədər haqqımı tələb etməkdə israrlıyam”. Xatırladaq ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən Fəqan Nəsibovun 65 min dollarını mənimsəyib. Sahibkarın sözlərinə görə, o zaman Mingəçevirdə trolleybus ləğv edilib. Lütfəli Babayev isə trolleybus xətlərini satmaq istəyib. Fəqan Nəsibov bu məsələ ilə bağlı icra başçısı ilə kabinetində görüşüb və sövdələşmə aparılıb. Sahibkar beh olaraq Lütfəli Babayevə əvvəlcə 30 min dollar verib. Daha sonra icra başçısı müxtəlif bəhanələrlə sahibkardan 35 min dollar alıb. Fəqan Nəsibov bir neçə ay gözlədikdən sonra icra başçısından səs-soraq gəlmədiyini görüb, yenidən onun qəbuluna gedib. Lakin Lütfəli Babayev onu qəbul etməyib. Sahibkar icra başçısının qardaşı Hacı Xanəli Babayevlə görüşərək məsələni ona danışıb. Hacı Xanəli Babayev Fəqan Nəsibovdan 20 gün vaxt istəyib. 20 gündən sonra Hacı Xanəli Babayev sahibkara deyib ki, qardaşı onu tanımır. Fəqan Nəsibov aldanıldığını başa düşərək bununla bağlı ölkə başçısı Ilham Əliyevdən tutmuş, Mingəçevirin hüquq-mühafizə orqanlarının rəhbərlərinə qədər hər kəsə müraciət edib. Lakin nəticə əldə olunmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?