Zərdab rayon icra başçısı Lütfəli Babayev dövlət başçısının adı ilə sahibkarı talayıb
Fərdi iş adamı Fəqan Nəsibov dünən RATİ-də keçirdiyi mətbuat konfransında Zərdab rayon icra başçısı Lütfəli Babayevi dələduzluqda ittiham edib. O, icra başçısını 65 min manat pulunu məminsəməkdə və qaytarmamaqda ittiham edib. L.Babayev F.Nəsibovdan adı çəkilən 65 min manatı 2007-ci ildə, hələ Mingəçevir şəhər icra başçısı olarkən alıb. Danışıqlara əsasən buna əvəz olaraq şəhərin sıradan çıxmış trolleybus xətlərinin dəmir metallarının alqı-satqısı F.Nəsibovla aparılmalı imiş. Həm də bu pulun 30 min manatı işlərin görülməsini yəqinləşdirmək üçün “beh” olaraq alınıb. Qalan 35 min manat isə 20 min, sonra 10 min, daha sonra isə 5 min manat olaraq verilib. L.Babayev F.Nəsibova bu pulların dövlət başçısı İlham Əliyevin rayona gəlməsi şərəfinə “Heydər parkı”nın və muzeyinin təmrinə xərclənəcəyini söyləyib. “Nə dövlət başçısı Mingəçevirə gəldi, nə də icra başçısının vəd etdiyi alqı-satqı baş tutdu”, - deyə F.Nəsibov qeyd edib. Durumun çətinləşdiyini görən F.Nəsibov baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına və dövlət rəhbərliyinə müraciətlər ünvanlayıb. L.Babayevin yaxınları onu sakitləşdirərək, pulunun qaytarılacağını bildiriblər. Amma L.Babayev pulu olduğu vaxt qaytaracağını deyib. 2009-cu ildə L.Babayev Zərdaba icra başçısı göndərilib. F.Nəsibov dövlət qurumlarına 100-lərlə müraciətlər ünvanlamasına baxmayaraq, hələ bir cavab belə almamasına diqqət çəkib. Ölkə mətbuatında bu haqda 10-larla məqalələr yazılmasına baxmayaraq, bir məmur belə bununla maraqlanmayıb. İş adamı etdiyi əmələ görə cəzadan kənarda qalan L.Babayevin təzyiqlərə əl atacağını deyib. F.Nəsibov haqqını tələb etmək üçün şəxsən prezindetə müraciət hazırladığını deyib. Bu məsələdə yaxın günlərdə hər-hansı müsbət dəyişiklik olmasa, yaxın günlərdə ailəsi və qohum-əqrəbası ilə birgə Prezident Administrasiyası önündə piket keçirməyi nəzərdə tutduğunu bildirib. Aksiya keçirilməsi üçün Bakı şəhər icra hakimiyyətinə müraciət hazırlanmaqda olduğu bildirilib. F.Nəsibov sona qədər mübarizə apararaq L.Babyevin mənimsədyi maliyyə vəsaitini almaqda qərarlı olduğunu bəyan edib.
Sorğu
Yeni dizaynımız necədir?