Azərbaycan Mətbuat Şurası Ukraynanın “Mirotvorets” Tədqiqatlar Mərkəzinin öz saytında yerli və xarici jurnalistləri terrorizmə dəstəkdə ittiham etməsi və onların fərdi məlumatlarını açıqlaması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Ukraynanın “Mirotvorets” Tədqiqatlar Mərkəzi öz saytında davamlı olaraq yerli və xarici jurnalistləri “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalıq Respublikası” (LXR) adlanan quruluşlarla əməkdaşlıqda günahlandıraraq, onları terrorizmə dəstəkdə ittiham edir və fərdi məlumatlarını açıqlayır.
“Bu günə kimi dünyanın aparıcı KİV-inin nümayəndələri də daxil olmaqla, 5 minə yaxın jurnalist barədə informasiya açıqlanıb.
“Mirotvorets” hesab edir ki, həmin jurnalistlər “DXR” və “LXR” ərazisinə səfər etməklə, həmin quruluşlarda akkreditasiyadan keçməklə Ukraynanın ərazi bütövlüyünü təhdid edir, separatizmin və terrorçuluğun genişlənməsinə xidmət göstərirlər.
Bir müddət öncə mərkəz tərəfindən açıqlanmış yeni siyahıda müxtəlif ölkələrdən olan 293 nəfər jurnalistin, o cümlədən Azərbaycan KİV-ini təmsil edən 11 nəfərin adı və fərdi məlumatları əks etdirilib.
Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların fəaliyyətində Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək, qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar olunmayıb. O da müəyyən edilib ki, həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən “Mirotvorets” təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət göstərməsi amilini rəhbər tutub.
Mətbuat Şurası bəyan edir ki, “Mirotvorets” təşkilatının çoxlu sayda jurnalistin həyat və təhlükəsizliyini təhdid edən bu tipli fəaliyyəti beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsipinə tamamilə ziddir. Jurnalistin qanunlar çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq cəhdi yolverilməszdir və heç bir sağlam məntiqlə izah oluna bilməz.
Mətbuat Şurası jurnalistlərin həyatını təhlükə altına alan bu tipli fəaliyyətə son qoyulması tələbi ilə Ukrayna hakimiyyətinə və bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcək”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Azərbaycan KİV-ini təmsil edən 11 nəfər arasında APA-nın Rusiyadakı müxbiri Fərid Əkbərovun da adı var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?