İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri iyunun 1-də Elgün İbrahimov vəzifəsindən azad edilib. gundemxeber.az xəbər verir ki, Elgün İbrahimov faktı aznews.az saytına təsdiqləyib. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib: “İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə əzirə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”. Məlumata görə, İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə “Yeni gün”ün keçmiş rəhbəri, tanınmış telejurnalist Rauf Rəcəbov gətirilib. Elgün İbrahimov sözügedən vəzifəyə 2015-ci ilin aprel ayında təyin edilmişdi. Onun təyinatına qədər isə xəbərlər departamentinin rəhbəri postu təxminən 1,5 il müddətində boş qalmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?