Bakının Novxanı çimərliyində, “Sarıqaya” massivində yerləşən məcburi köçkün düşərgələrində smartkart tipli işıq sayğaclarının quraşdırılması vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Bu barədə redaksiyamızı məlumatlandıran məcburi köçkünlərin sözlərinə görə, ortaya qoyduqları etirazın bir neçə səbəbi var ki, bunlardan biri göz önündəcə unudulmaqları, məmurlar tərəfindən saya salınmadıqları ilə bağlıdır.
Odlar yurdunun odsuz sakinləri
Məcburi köçkünlərin bildirdiyinə görə, 20 ildən çoxdur ki, bu ərazidə məskunlaşmaqlarına baxmayaraq, bir dəfə də olsun onların problemləri ilə səmimi şəkildə maraqlanan hər hansı məmur olmayıb. Məhz bu laqeydliyin nəticəsidir ki, odlar yurdunda odsuz qaldıqlarını bildirən vətəndaşlar baş verənlərə görə harınlamış dövlət məmurlarını ittiham edir: “Azərbaycan qədim dövrlərdən bugünə qədər odlar diyarı kimi təsvir edilir və əslində bütün dünyada da bizi məhz bu cür – odlar diyarı, enerji mənbəyi kimi tanıyırlar. Lakin təəssüflər olsun ki, odlar yurdunda – hidrokarbonat ehtiyatlarının üzərində qərarlaşan yüzlərlə köçkün ailəsi 20 ildən çoxdur ki, odsuz qalıb. Düz 20 ildən çoxdur ki, ərazinin qazlaşdırılması üçün əlqaədar qurumlar tərəfindən hər hansı addım atılmayıb. Nəticədə, istiliksiz qalan vətəndaşlar öz ehtiyaclarını ödəmək üçün müxtəlif üsullardan – odun sobalarından, işıq enerjisi ilə işləyən istilik cihazlrından və s. istifadə etmək məcburiyyəti qrşısında qalıblar. Baş verənlərin günahkarı isə tutduğu dövlət postundan vətəndaşların deyil, yaxınlarının probleminin həlli üçün istifadə edən bəzi məmurların laqeydliyi və özbaşınalıdır. Bu gün dünyanın aparıcı ölkələrinə qaz satan Azərbaycanda bizim timsalımızda yüzləılrə ailə qazsız qalıb ki, bu da öz karbohidrogen ehtiyatları ilə öyünən, özünü odlar yurdu elan edən bir ölkə üçün yumşaq desək rüsvayçılıqdır”.
Səfalət gətirən sayğaclar
Vətəndaşların sözlərinə görə, 20 ildən çoxdur ki, onların öldüsündən-qaldısından xəbər tutmayan məmurlar bugünlərdə qaçqınların son qəpik-quruşunu da əllərindən almaq üçün maraqlı bir üsula əl atıb. Belə ki, köçkünlərə elan edilib ki, onların istifadə etdiyi elektrik enerjisinə sayğac qoyulacaq və bundna sonra işlədilən enerjiyə görə ödəmələr həyata keçirəcəklər: “İşıq sayğaclarının quraşdırılacağı ilə bağlı səslənən fikirləri öncə qeyri-ciddi hesab etsək də, daha sonra bu istiqamətdə əməli addımların atılmasına şahid olduq. Bəlli oldu ki, vətəndaşlarını dəniz kənarında soyuq qış gecələrində donduran və bundan zərrə qədər də olsun narahatlıq duymayan məmurlar işıq sayğacları qoymaqla məcburi köçkünləri həyata bağlayan son vasitəni də aradan qaldırmağa çalışırlar. Çünki normal ağla və məntiqə malik hər bir kəs yaxşı bilir ki, qazın olmadığı, bütün ehtiyacların işıq enerjisi hesabına ödənildiyi bir şəraitdə elektrik enerjisinə sayğac qoymaq bütün ailələri səfalət və borca məhkum etmək deməkdir. Bu baş verərsə, əksər ailələr qazandıqları bütün pulu elektrik borcunun ödnəilməsinə sərf etmək məcburiyyətində qalacaqlar ki, bu da bəlli bir müddətdən sonra sosial partlayışla nəticələnəcək. Məhz bu səbəbdən də məcburi köçkünlər min bir əziyyətlə qazandıqları çörək pulunu enerji borcu adı ilə onlardan almağa çalışan məmurların ümumxalq etirazına səbəb olan addımına daha sərt şəkildə etiraz etməyi lazım bildi ”.
15 aprel etirazı və məmur təlaşı
Məcburi köçkünlərin sözlərinə görə, artıq AZENCO şirkətinin bəzi köçkün düşərgəsində sayğac quraşdırlmasına start verməsi dörd gün bundna öncə bütün vətəndaşları ayağa qalxmağa vadar edib: “İşıq sayğaclarının quraşdırlması məsələsi gündəmə gələndən sonra həm əraziyə gələn AZENCO şirkətinin əməkdaşlarına, həm də Laçın Rayon İcra Hakimiyyətinin təmsilçilərinə bildirdik ki, biz heç də elektrik sayğaclarının quraşdırılmasına qarşı deyilik. Sadəcə tələb edirik ki, işıq sayğacları qurdaşdırılmamışdan öncə mənzillərin qazlaşdırılması təmin edilsin. Lakin təəssüflər olsun ki, bizim bu tələbimizə əhəmiyyət verən olmadı. AZENCO şirkətinin bəzi qaçqın düşərgələrində sayğaclama əməliyyatına start verməsi isə 15 aprel 2013-cü il tarixində vətəndaşların kütləvi etirazına səbəb oldu. Əlqədar qurumların diqqətini cəlb etmək və üzləşdikləri haqsızlığı ictimaiyyətin, KİV orqanlarının diqqətinə çatdırmaq üçün Sumqayıt-Novxanı-Binəqədi yolunun Novxanı çimərliyi hissəsində, “Aquapark” istirahət mərkəzinin yaxınlığında yolu kəsən sakinlər bununla öz konstitusyon hüquqlarını tələb etdilər. Qısa müddətdən sonra əraziyə xeyli sayda polis əməkdaşı və dövlət yetkililəri gəldi ki, onlar problemin yoluna qoyulacağını, tələblərimizin yerinə yetiriləcəyini bildirdi. Baş verənlər göstərdi ki, bəzi məmurlar xalqa xidmət etmək, ölkə başçısının irad və təkliflərindən nəticə çıxartmaq niyyətində deyillər. Özgə vaxt vətəndaşı qəbul etmək üçün 5-10 dəqiqə vaxt sərf etməyən, bir dəfə də olsun vətəndaşların durumu ilə maraqlanmayan məmurların etiraz aksiyası zamanı əraziyə kütləvi axını göstərdi ki, vətəndaşlar problemlərinin həllində özləri maraqlı olmalı, xalqın çörəyini yeyən, amma xalqın probleminə can yandırmayan şəxsləri xalq üçün işləməyə özləri məcbur etməlidir”.
“Kərəm Həsənov bizi özü kimiləri ilə səhf salıb”
Hələlik problemin həlli istiqamətində əməli addımların müşahidə edilmədiyini bildirən vətəndaşlar Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da ünvanına ciddi ittihamlar səsləndirdi: “Məskunlaşdığımız ərazilər Dövlət Əmlak Komitəsinin balansında olsa da, sözügedən komitə bizim heç bir problemimizin həllinə yardım göstərmir. Əksinə, ərazidə hər hansı tikinti aparılmasına, məcburi köçkünlərin öz yaşayış şəraitini yaxşılaşdırmasına imkan verməyən komitə bununla da məcburi köçkünlər üçün əlavə problemlər yaratmaqdadır. Ərazidə smartkartların məhz Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova məxsus AZENCO şirkəti tərəfindən quraşdırılması da göstərdi ki, hörmətli Kərəm müəllim problemlərin həllində deyil, vətəndaşlardan pulların yığılmasında maraqllıdır. Şübhəsiz, uzun illərdir ki, əmlak komitəsinə rəhbərlik edən K.Həsənov yəqin hesab edir ki, məcburi köçkünlər 20 ildən çoxdur ki, qazsız yaşadıqları kimi, 20 il bundan sonra da dözümlülük nümayiş etdirib qazsız yaşaya bilərlər. Habelə, ola bilsin ki, K.Həsənov qaz əvəzinə işıq yandırmaq məcburiyyətində qalan məcburi köçkünlərin bunca enerji haqqını verməkdə hər hansı bir çətinlik çəkməyəcəyi də düşünür. Lakin biz əminliklə bildiririk ki, K.Həsənov bizi özü kimilərlə səhv salıb. K.Həsənovun nəzərinə çatdırırıq ki, biz sadə, zəhmətkeş insanlarıq və bizim gücümüz onun iddiaları, təsəvvürləri qədər böyük deyil”.
Kanalizasi suları ilə yuyunan qaçqın düşərgəsi
Məcburi köçkünlərin məskunlaşdığı ərazidə kanalizasiya probleminin da mövcud olduğunu bildirən vətəndaşlar məlum problemin “İnşaatçılar” düşərgəsində özünü daha qabarıq büruzə verdiyini qeyd etdi: “Məskunlaşdığımız ərazidə bir çox problem mövcuddur ki, bunlardn da biri kanalizasiya borularının sıradan çıxması ilə bağlıdır. Sovet dönəmində çəkilən və istifadə müddətini başa vuran bu boruların sıradan çıxması üfunətli suların birbaşa küçə və həyətlərə axmasına səbəb olmaqdadır. Məlum problemin köklü həlli üçün ərazidəki kanalizasiya borularının tam olaraq yenilənməsi lazımdır ki, bu da məcburi köçkünlərin qüvvəsi xaricindədir. Bununla bağlı KİV-ə, əlaqədar qurumlara dəfələrlə məlumat verilsə də, bu problemin də həllinə səy göstərən tapılmayıb. Görünən odur ki, məmurlarımız hər hansı problemi yoluna qoymaqdansa, bizi problemlərlə yaşamağa öyrətməyi daha məqbul hesab edirlər”.
“Prezidentə də, polisə də minnətdarıq, amma…”
Məcburi köçkünlərin sözlərinə görə, onların irəli sürdüyü tələblər sırf sosial xarakterlidir və siyasətlə hər hansı formada əlaqəsi yoxdur: “Bizim bir neçə gündür ki, qaldırdığımız tələblər, səsləndirdiyimiz iddialar sırf sosial xarakterlidir və odur ki, bu tələblərin az və ya çox dərəcədə siyasətlə əlaqələndirilməsi doğru sayıla bilməz Biz ölkə başçısından da, onun yürütdüyü siyasətdən də razıyıq. Habelə, etiraz aksiyası zamanı əraziyə gələn polis əməkdaşlarına nümunəvi davranışına görə də öz minnətdarlığımızı bildiririk. Lakin bunu da vurğulayırıq ki, bu gün öz işinin öhdəsindən gələ bilməyən bəzi məmurlar öz hərəkətsizlikləri, laqeydlikləri ilə sadə vətəndaşları təxribata çəkmək istəyir. Onlar problemlərimizin həllinə deyil, daha da kritikləşməsinə səbəb olan addımlar atmaqla prezident seçkilərinə bir neçə ay qalmış xalq-hakimiyyət qarşıdurmasına rəvac vermək istəyirlər. Hər halda bu gün baş verənləri başqa cür izah etmək mümkün deyil. Odur ki, biz ölkə başçısına müraciət edərək onunla həmrəy olduğumuzu bildirir, habelə bəyan edirik ki, bundan sonra da onun xalqın sosial rifahının yaxşılaşması istiqamətində yürütdüyü siyasəti dəstəkləyəcəyik. Həmçinin, əminik ki, ölkə başçısı da bizim hüquqlarımızın bərpasına kömək edəcək, bizim problemlərimizin həllinə yardımçı olacaqdır”.
Sorğu
Yeni dizaynımız necədir?