Vergilər Nazirliyi saxta tiraj şişirdilməsini etiraf etdi, şahidlər real tirajdan danışdı
Bu gün isə Şirin Cəfəri Çıxış edəcək vergi yoxlamasının saxta nəticələri ifşa olunacaq
Məlumat verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilib. Ötən dövr ərzində Gəncə şəhər Kəpəz rayon Məhkəməsində “Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəməsi üzrə üç proses keçirilib. Hakim Yaşar Həşimovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ş.Cəfəri dövlət tərəfindən ona ayrılan vəkil Yusif Hüseynovdan imtina etdiyini və Zaur Niftəliyevlə müqavilə bağladığını bildirib. Məhkəmə təklifə baxıb və vəkilin iştirakı ilə növbəti prosesin vaxtın müəyyən edib. Aprelin 18-də keçirilən sonuncu prosesdə “Gündəm Xəbər” qəzetinin fəaliyyətindəki nöqsanlarla əlaqədar yoxlama aparmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit təşkilatının məsul işçisi İmran Məmmədov dindirilmişdir. O, verdiyi ifadə də “Gündəm Xəbər” qəzetini 8000 tirajla çıxan “Azadlıq” və 5000 tirajla nəşr olunan “Yeni Müsavat” qəzetləri ilə eyniləşdirərək, “Gündəm Xəbər” qəzetinin fantastik rəqəmlərlə vergi ödəyicisindən yayındığını bildirmişdir. Vergi əməkdaşı İmran Nurməmmədovun ifadəsindən sonra sözügedən qəzetin çapında iştirak etmiş “E-Q” MMC-nin direktoru Akif Quliyev və “Futbol+Servis” mətbəəsinin direktoru Aslan Məmmədov məhkəmə tərəfindən şahid qismində dindirilmişdir. Onlar verdikləri ifadədə “Gündəm Xəbər” qəzetini əvvəllər həftədə bir dəfə, sonra iki dəfə, daha sonra hər gün nəşr etdikləri müddətdə tirajının 1700-2000 arasında olduğunu bildirmişlər. İttiham olunan qəzetin təsisçisi Şirin Cəfəri qəzet nəşiriyyatı direktorlarının ifadələrinin təsdiqi üçün hakimə lazımi sənədlər təqdim etmişdir. Hakim Yaşar Həşimov yazılı ifadə verən “Qaya” mətbuat yayımının sədri Hüseyn Əliyev, “Səma” MMC-nin baş mühasibi Qəzənfər Kazımov, “Qasid” ASC-nin sədr müavini Ağəli İsmayılovun da ifadələrini proses iştirakçılarına çatdırmışdır. Bu göstərilən ifadələrin vergilər nazirliyinin məsul işçisi İmran Nurməmmədovun ifadələri ilə uyğunsuzluq təşkil etdiyi proses iştirakçılarına tam aydın olmuşdur. Məhkəmə prosesində 9 nəfər şahiddən 3 nəfəri dindirilmiş, qalan şahidlərin üzürlü səbəbdən iştirak etmədikləri üçün və onların da dinrilməsini vacib sayan hakim Yaşar Həşimov Şirin Cəfəri haqqında başlanmış məhkəmə prosesini təxirə salaraq, növbəti məhkəməni 29 aprel 2013-cü il saat 11:00-a təyin etmişdir. Bu gün prosesdə “Gündəm Xəbər” qəzetinin təsisçisi, saxta vergi cəriməsi ilə ittiham olunan Şirin Cəfərinin geniş çıxışı gözlənilir. Şirin bəy komkret faktlarla vergi yoxlamasının nəticələrinin saxta və qərəzli olmasını sübut edəcək. Biz bu prosesi azad sözə basqı, mediaya təzyiq hesab edirik. Baş verənlər hakimiyyət üçün beynəlxalq aləmdə də nüfuz gətirməyəcək. Məqsəd “Gündəm Xəbər”in fəaliyyətinə maneçilik törətmək və bu cür addımlarla onun qapadılmasına çalışılmaqdır. Biz məruz qaldığımız ittihamlarla razılaşa bilmərik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?