Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının inzibati binasının tikintisi zamanı ustalara əmək haqqı ödənilməyib. Buna görə də binanın tikintisində çalışan fəhlələr, ustalar narazılıq edir.
AzNews.az-a müraciət edən Vüsal Süleymanov da narazılar sırasındadır. Sözügedən binada plastik qapı-pəncərə ustası kimi işləyən Vüsala 5000 min manat borc qalıb.
Onun sözlərinə görə, tikintidə işləmək üçün ustaları Tərtər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və bələdiyyələrlə iş şöbəsinin o zamanki müdiri Elnur Abbaszadə dəvət edib. Borcun bir qismi ödənsə də, qalan hissəsi verilmir.
Şikayətçi bildirib ki, 19500 manatdan borcdan 14500-ü ödənib, 5 min manatlıq borc qalıb. Pulu almaq istəyəndə Elnur Abbaszadə hər dəfə müxtəlif vədlər verərək vaxt qazanıb: “Verdiyi yalan vədlərdən biri də Tərtərdə tikilən evimi sənədləşdirəcəyi ilə bağlı idi. Sonradan məlum oldu ki, verdiyi sənəd saxtadır. Hazırda evimi qanunsuz olduğu üçün sökmək istəyirlər”.
Vüsal Süleymanovun sözlərinə görə, Tərtər rayonunun keçmiş icra başçısı Ceyhun Cəfərov 2014-cü ildə Kürdəmir rayonuna icra başçısı təyin edildikdən sonra Elnur Abbaszadəyə də bu İcra Hakimiyyətində vəzifə verilib. O, Kürdəmir rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri təyin edilib. Bu təyinatdan sonra şikayətçi əmək haqqının verilməsini tələb etsə də, ona yenidən yalan vədlər verilib: “Mən Tərtərin Qapanlı kəndində düşmənlə üzbəüz yaşayıram. Zülmlə çörək pulu qazanıram. Məmurlar isə zəhmətimlə qazandığım pulu mənə verməkdən imtina edir, hər dəfə yalan vədlər verirlər”.
Vüsal Süleymanov Elnur Abbasovla telefon danışığının səs yazısını da redaksiyaya təqdim edib. Həmin yazıda tərəflər arasında borcla bağlı söhbət aparılır.
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Elnur Abbasovla əlaqə saxlayıb. O, heç kimə borcu olmadığını, həmin binanın tikintisi ilə İcra Hakimiyətinin deyil, hansısa tikinti şirkətinin məşğul olduğunu bildirib: “Mən Vüsalı yaxından tanıyıram. Ona hər dəfə deyirəm ki, nəsə problemin olsa mənə de. Vüsalın mənim barəmdə dedikləri sadəcə böhtandır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?