Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Neftçala rayon sakini, 1994-cü il təvəllüdlü Dabil Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Dabil Mustafayev 24 noyabr 2015-ci il tarixdə saat 14-30 radələrində sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi, atası Qalib Mustafayevə məxsus olan “VAZ-1043” markalı avtomobillə Neftçala rayonunun Qaçaqkənd kəndini Xəzər kəndi ilə birləşdirən asfalt yolunun Neftçala rayonunun Xolqarabucaq kəndinin mərkəzindən keçən hissəsində hərəkətdə olarkən sürət həddini aşıb.
Dabil Mustafayev idarə etdiyi avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub. Aysel Nəcəfova elə hadisə yerindəcə ölüb.
Dabil Mustafayev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dabil Mustafayev 6 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan Dabil Mustafayev və onun vəkili Kənan Əbdurəhmanov apelyasiya şikayəti verib. Onların şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Dabil Mustafayevin vəkili Kənan Əbdurəhmanov bildirib ki, müdafiə etdiyi şəxsin barəsində təyin edilmiş hökm ədalətsiz və qanunsuzdur. Vəkil bildirib ki, Dabil Mustafayev ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilib, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəyib: “Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək Dabil
Mustafayevə qarşı heç bir şikayət olmadığını, ona aşağı həddə cəza təyin edilməsini xahiş edib”.
Vəkil müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərara elan edib. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Dabil Mustafayevin cəzası 5 ilə endirilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?