Son illər Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu layihələr sırasında 2009-cu ildən əsası qoyulan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, iyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Hazırda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi ərazidə ciddi hazırlıq işləri görülür. Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə küçə, park və bağlarda abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.
Əhalinin bu festivala olan marağını artırmaq üçün Bakı, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı və Gəncənin mərkəzi meydanlarına, park və küçələrinə xüsusi plakatlar quraşdırılıb, müxtəlif broşürlər paylanılıb. Bundan əlavə, festivalın keçiriləcəyi Heydər Əliyev Konqres Mərkəzinin böyük zalında, eləcə də qonaqların yerləşəcəyi beş ulduzlu "Qafqaz Resorte" və "Qafqaz Riverside" hotellərində hazırlıq işləri başa çatmaq üzrədir. Hazırda Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq hava altında keçiriləcək konsertlər üçün möhtəşəm səhnə quraşdırılır.
Qeyd edək ki, proqrama uyğun olaraq festivalın açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. İyulun 31-də Vyana Akademik Orkestrinin (bədii rəhbər - Martin Haselblok) çıxışı və İspaniyanın "Suite Española" şirkətinin təqdimatında flamenko konserti olacaq.
Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər. Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni bölüşəcək.
Avqustun 2-də mərhum diplomat Fuad İsmayılovun xatirəsinə musiqi proqramı və Kubanın "Gənc klassiklər" ansamblının konserti təqdim olunacaq.
Avqustun 3-4-də "Kiyev virtuozları" orkestri musiqisevərlər qarşısına çıxacaq. Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat dirijorluq edəcək. Avqustun 4-də, həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək.
Avqustun 5-də piano musiqisi axşamı təşkil olunacaq. Festival "Kiyev virtuozları" orkestrinin konserti ilə başa çatacaq.
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?