“Millətim” qəzeti və eyni adlı saytın baş redaktoru Lalə Ramizqızı rəhbəri olduğu KİV-də “Göbələk kimi artan “qəhrəman”lara xitabən…” adlı müəllif yazısı ilə çıxış edib. Qeyd edək ki, məqalənin müəllifi olan xanım jurnalist Azərbaycan Milli Azadlıq Hərəkatının ən tanınmış simalarından biri olan Ramiz Tağıyevin qızıdır. Müəllif məqalədə konkret ad çəkməsə də, hansısa jurnalistin ünvanına sərt ittihamlar irəli sürüb. Xanım baş redaktorun iddiasına görə, həmin jurnalist ləğv olunmuş MTN-lə təkbaşına mübarizə apardığı adı ilə hazırda immitasiya ilə məşğul olur və özünə saxta divident qazandırır. Yazıda həmçinin qeyd olunur ki, MTN-nin həbsdə olan bandası və Eldar Mahmudovla ən güclü mübarizəni məhz Ramiz Tağıyev aparıb və buna görə iki dəfə şərlənərək həbs olunub. gundemxeber.az olaraq biz Lalə xanımla əlaqə saxlayıb işarə etdiyi juranlistin adının niyə açıqlamadığı ilə maraqlandıq. Baş redaktor bildirdi ki, Azərbaycanın media caməsi o qədər böyük deyil ki, kimdən söhbətin getdiyi bilinməsin: “Oxuyan adam həmin dəqiqə bilir ki, söhbət hansı yalançı qəhrəmandan gedir. Yazım hələ bitməyib. Ola bilər ki, növbəti yazıda həmin adamın adını və etdiyi əməlləri tam təfsilatı ilə açıqlayım”. gundemxeber.az Lalə Ramizqızının müəllifi olduğu məqaləni Milletim.info saytına istinadən təqdim edir:
” Göbələk kimi artan “qəhrəman”lara xitabən… Onları harda və kimlər “yetişdirir”?! Bir jürnalist bərk sinəsini döyüb, keçmiş MTN-in quldur dəstəsiylə təkbaşına mübarizə apardığı barədə söhbət açıb. Harada və nə zaman? Bax,buna aydınlıq verə bilməyib… Axı, istəsəydi belə, bunu edə bilməzdi. Bəli, o şəxs ki, cəmi bir şilləyə dözümsüzlük göstərib, bülbül kimi ötmüşdü. Həcc ziyarətindən tutmuş, kimlərlə nə yediyini, nələrdən danışdığını birnəfəsə söyləmişdi. Bunun təbii ki, bizlərə dəxli yox, hülqum özünün, çənə özünün. Çənəsini tuta bilməməsinə də cavabdeh özüdür… Amma, doğrudan-doğruya beləsinnən qorxulur. Necə ki, bu, “yagışdan sonra ortaya çıxmış göbələk kimi qəhrəman”dan indi qosqoca biriləri qorxmaq zorundadırlar. “Adam” yenə çənəsinə sahib çıxmaz, başlar “Tarixi-Nadiri” xırdalamağa. Zamanın da söz aparıb-gətirən binəva ,iqtidarın zırpı-zırpı məmurlarından aldığı “paçka”ları şıdırğı öz müxalifətçi başqanına çatdırmaqla başını girələyən biri indi elə “qəhrəman”a çevrilib ki, pafosla Eldar Mahmudovun cinayətkar bandasıyla təkbaşına mücadilə apardığını bəyan etməyə qədər böyüyə bilir.
Bu “qəhrəman”ı kim yetişdirir belə? Yoxsa qanqster -indi, özünü xəstəliyə vurub,azadlığa qovuşmaq üçün özünü tülkülüyə vurmuş MTN-şik Akif Çovdarovun xiyar-pomidor yetişdirən istixanalarından kənarda “göbələk qəhrəmanlar” yetişdirən “parnik”lər mövcuddur?! Azadlığa qovuşan kimi dünya turuna çıxmagı bacaran “qəhrəman”ı belə qüdrətli edənlər əcəba hansı qüdrət sahibləridir?! Sözüm yox, pul onların, gəzən ayaqlar da “göbələk qəhrəmanın”. Ancaq, etirazımı bildirmək də mənim hüququmdur. Eşidin “göbələklər” və onlardan qəhrəman yaratmağa girişən pullu əmi-dayılar! Bu ölkədə Eldar Mahmudovun cinayətkar dəstəsiylə, onların qılınclarının dal-qabağı kəsən zaman mərdi-mərdanə vuruşan bir komanda var idi- “Millətim”in ağır sınaqlardan daima üzüağ çıxmış komandası! İnkar edə bilməzsiniz! İstəsəniz belə, bu mümkün deyil! Arxivimiz inkaredilməz şahidimizdi. İndi, “qəhrəman” olub, dastanlar yazmaq istəyən “göbələk”lər, sözüm sizədir, çıxarın ortalığa qeyd etdiyiniz yazılarınızı! Yoxdur, axı!
Dəfələrlə məhkəmələrə çəkildik. Fərəməz Novruzoğlu, Sərdar Əlibəyli, Ramiz Tağıyev həbs edildi, geri çəkilmədik. Meydanda demək olar ki, tək qaldıq, yenə qorxunc cinayətkar dəstəyə boyun əymədik. Atam Ramiz Tağıyev dəfələrlə sərt cəzalandırılsa da, hətta həbsxanada qələmi əlindən buraxmadı.Təqiblər, təzyiqlər nəticəsində ürək xəstəliyi tapdım.Yalnız dəyərli insanların yardımı nəticəsində ürəyimdən əməliyyat olunub, həyata qovuşa bildim. “Millətim” bütün bunlara baxmayaraq bir an dayanmadı. Bu azmış kimi, MTN-nin öyrədilmiş məşhur çuğulu xəstə halıma baxmayaraq məni məhkəməyə çəkdi. MTN-nin əlaltısına çevrilmiş mətbuat baş verənlərə tam biganə qalıb, qısa məlumat yaymağa cəsarət etmədi. Ağlamadıq, sızlamadıq, amansız basqılara əyilmədən haqq davamızdan bir an belə çəkilmədik. Yaşı tamam olmamış körpəmlə 10 ay məhkəmə qarşısında duruş gətirdim.Tanrının böyüklüyünə inanıb, ümidimizi üzmədik. Ədalətin qələbə çalacağı günü hər an gözlədik. O anı yaşamaq nəsibimiz oldu. Gecə-gündüz təqiblərindən, başımıza dirənmiş silahlardan qurtulduq. Yazdıqlarımız sətirbəsətir, nöqtə-vergülünə qədər təsdiqini tapdı. Biz heç yalan yazmadıq ki… Bizi düşmən hesab edənlərə də tribuna verdik, çətin günlərində hətta “göbələk”ləri də müdafiə etdik. Qarşılığını görmədən, ummadan…
Bu gün MTN çuğulları yenə qrantlar, mükafatlar almaqdadır. Biz isə bütün məhrumiyyətlərə baxmadan haqq bildiyimiz yolun davamındayıq. Hələ deyiləcək çox sözümüz var. Hələlik isə “göbələyə” üzümü tuturam; sussan yaxşıdı… Eldar Mahmudovun həbs etdirdikləri sırasında həmin cəzaya layiq olan, bəlkə də yeganə şəxssən! Daima çirkin oyunların içində olmusan! Təəssüf ki, bu gün yenə çirkin missiyanı davam etdirməkdəsən. İşin “inkassator”luq etməkdir. Kimdən kimə daşıyırsan o da bəlli… Hələlik bir atalar məsələni xatırlatmaqla kifayətlənirəm “itə sahibinə görə hörmət edərlər”. Bu qədər… Düşünürəm ki,qeyd etdiklərimdən nəticə çıxarıb, bir daha MTN-nin cinayətkar dəstəsiylə mübarizə apardığından söhbət açıb, bizim haqqımıza girmək cəsarətində bulunmayacaqsan! Kimsədən də təşəkkür və qeyri nə isə umacağımız yoxdur! Haqqımıza girməyin, yetər!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?