Məhkəmə ağır qəzada təqsirli bilinən sürücüyə bəraət verdi
Ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Qəbələ rayon sakini, 1967-ci il təvəllüdlü Şahin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Şahin Hüseynov Qəbələ rаyоnu, Həzrə kəndində anadan olub və “Qəbələ Аqrоkоmplеks” MMC-də sürücü işləyib. O, 8 oktyabr 2014-cü il tarixdə, saat17.50 radələrində idarə etdiyi “MACK GU 813E” markalı 90-JR-270 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən Bakı-QazaxGürcüstan sərhəd yolunun Ucar rayonu ərazisindən keçən 248-ci kilometrliyində yol hərəkəti qaydasını pozub.
Şahin Hüseynov idarə etdiyi avtomobilin sürət həddini aşaraq Ceyhun Baxışovun idarə etdiyi “VAZ-21154” markalı 90-BK-795 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə Ceyhun Baxışov, onun sərnişini– Səbuhi Mirzəməmmədov, həyat yoldaşı Mirzəmmədova, azyaşlı övladları Yusif Mirzəməmmədov, Ayşə Mirzəməmmədova vəfat edib.
Eyni zamanda Şahin Hüseynov “Aqro Kompleks Qəbələ” MMC-yə məxsus “MACK GU 813E” markalı 90-JR-270 dövlət qeydiyyat nişanlı yük avtomobilinə 11.151 manat 89 qəpik, mərhum sürücü Ceyhun Baxışova məxsus “VAZ-21154” markalı 90-BK-795 dövlət qeydiyyat nişanlı avtomobilə 5.200 manat maddi zərər vurub.
İstintaq orqanı Şahin Hüseynovu Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Hüseynov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Hüseynov apelyasiya şikayəti verib. O, günühsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Şahin Hüseynov özünü Cinayət Məcəlləsinin 263.3-cü mаddəsi ilə təqsirli bilməyib.O, ifadəsində göstərib ki, 8 oktyabr 2014-cü il tarixdə saat 17-50 radələrində idarə etdiyi “MASK GU 813 E” markalı yük avtomobili ilə İmişli rayonundan Qəbələ rayonuna
11 ton 50 kq çəkidə soye yemi apararkən Ucar rayonundan keçərkən əks istiqamətdən çoxlu sayda avtomobilin gəldiyi vəziyyətdə həmin avtomaşınlar arasından bir avtomobilin qəflətən sağa tərəf dönmə əməliyyatı apararaq onun yoluna çıxıb: “Həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyim avtomobilə tormoz verdim və sükanı sağa çəkdim. Lakin idarə etdiyim avtomobilin qabaq sol tərəfi həmin avtomobilin sol yan tərəfindən dəyərək toqquşdu. Toqquşmadan sonra idarə etdiyim
avtomobil həmin “VAZ 21154” markalı avtomobili bir neçə metr sürütləyərək apardı və yolun sağ tərəfinə aşdı. Həmin avtomobili 15 metr məsafədən gördüm. Hadisənin
qarşısını almaq üçün bütün tədbirləri görsəm də, məsafə az olduğundan toqquşmanın qarşısını ala bilmədim. Hesab edirəm ki, həmin hadisənin qarşısını almaq üçün heç bir texniki imkanım olmayıb. Buna görə də mənə bəraət verilməsini xahiş edirəm”.
Şahin Hüseynovun vəkili İslam İsmayılov bildirib ki, məlum olduğu kimi “MASK GU 813 E” markalı yük avtomobili “Aqro Kompleks Qəbələ” MMC-yə məxsusdur: “Həmin MMC tərəfindən tabeçiliyində olan avtomobillərin sürətləri GPS-
Avtoqraf proqramı vasitəsi ilə anbaan izlənilir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş “Aqro Kompleks Qəbələ” MMC-nin 16 may 2015-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş 4 ədəd fotodan görünür ki, “Aqro
Kompleks Qəbələ” MMC-yə məxsus, Hüseynov Şahin Tufan oğlunun idarə etdiyi “MASK GU 813 E” markalı yük avtomobilinin qəza zamanı sürəti anbaan GPS-Avtoqraf
proqramında əks edilib. Həmin avtomobilin təhlükənin yarandığı 8 oktyabr 2014-cü il tarixdə saat 17:40:39-da sürəti dəqiq olaraq saatda 77,8 km/saat olub. Ona görə “MASK GU 813 E” markalı yük avtomobilinin sürücüsü Hüseynov Şahin Tufan oğlunun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin tələblərinə uyğunsuzluq olması barədə məhkəmə yol nəqliyyat
ekspertizasının 4 dekabr 2014-cü il tarixli rəyi ilə razılaşmaq olmaz”.
Vəkil qeyd edib ki, müdafiə etdiyi Şahin Hüseynova verilmiş ittiham birinci instansiya məhkəməsində sübuta yetirilməyib: “Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual
qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır”.
İslam İsmayılovun sözlərinə görə, Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı
zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır: “Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət
hökmü çıxarmalıdır. Həmin məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan
təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir”.
Dövlət ittihsamçısı Elnar Hüseynov apelyasiya şikayətinin təmin
edilməməsini istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi barədə qərara elan edib və Şahin Hüseynovun barəsində yeni hpkm çıxarılıb.
Yeni hökmə əsasən Şahin Hüseynovun yol nəqliyyat hadisəsinin törədilməsində günhakar olması sübuta yetirilməyib. Məhkəmə Şahin Hüseynovun əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlib. Onun barəsində bəraət hökmü çıxarılıb.
Məhkəmə Şahin Hüseynovun barəsində seçilmiş həbs qəti imkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?