“Ərinə dedi ki, gərək ayağını sındırardıq, öldürməzdik”
Bakı Ağır Cinayətlər Məhkəməsində 69 yaşlı bacısını öldürməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və 25 yaşlı oğlu İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub. İclasda təqsirləndirilən şəxslər, mərhumun hüquqi varisi və şahidlər ifadə verib. Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
Ş.Xəlfəyev və İ.Xəlfəyev özlərini təqsirli bilmədiklərini deyiblər. Qətlə yetirilən Rəfiqə Ağayevanın qızı Seynal Ağayeva ifadə verib. O, qətldə həm də dayısının həyat yoldaşından şübhələndiyini bildirib: “Uzun zamandır anam dayım Şahbaz tərəfindən təzyiqlərə, hədə-qorxulara məruz qalırdı. Onu evdən çıxarmaq, evi onun əlindən almaq istəyirdilər. Tez-tez onu döyürdülər. Bunlara deyirdim ki, anamı incitməyin, qocadı, ölüb gedəcək. Şahbazın arvadı küsüb getmişdi, nə oldusa, o qayıdandan sonra oldu. Anamı öldürəndən sonra da Şahbazı tutub sonra buraxdılar. Gecə
Şahbazla arvadı Şəhla danışanda eşitdim Şəhla ərinə deyir ki, “gərək ayağını sındırardıq, öldürməzdik. Ara yerdə oğlum getdi”.
Bu zaman İslamın atasından belə söhbət olub-olmadığını soruşması onlar arasında mübahisəyə səbəb olub. İslam Xəlfəyev məhkəməyə ifadəsində bibisinin qətlindən xəbərsiz olduğunu deyib: “Mən o qədər aciz deyiləm ki, yaşlı qadını o şəkildə öldürüm. Bibimlə münasibətin elə də yaxşı olmasa da, bu işi mən eləməmişəm. Axşam evdə deyildim. Gecə evə gəldim. Səhər oyananda bundan xəbər tutduq. İlk ifadəmi təzyiq altında verdim. Dedilər ki, boynuna almasan, ananı da tutacağıq. Mənə işgəncə də verilib. Atam da döyülüb. Mən meyiti görəndə tanımadım. Heç kişi ya da qadın olduğunu bilmədim”.
Digər təqsirləndirilən Şahbaz Xəlfəyev hadisədən xəbəsiz olduğunu, bacısını qətlə yetirmədiyini deyib. Seynal Ağayevanın qızı Xəyalə də ifadə verərək nənəsinin torpaq üstündə tez-tez Şahbaz (mərhumun oğlu-red) tərəfindən döyüldüyünü deyib. Ş.Xəlfəyevin arvadı Şəhla ifadə verərək qətli oğlu İslamın yox, əri Şahbazın törətdiyini deyib.
Hakim bildirib ki, ekspert rəyində Şəhla Xəlfəyevin saçının mərhumun əlində olduğu qeyd edilib. Şəhla Xəlfəyeva bunu da ərinin etdiyini deyib: “Şahbaz darağın üstündən mənim saçlarımı götürüb, Rəfiqənin əlinə qoyub. Məndən qisas almaq üçün belə edib. Hadisə günü meyiti də Şahbaz görüb. Səhər çölə çıxanda qayıdıb gəldi ki, həyətdə meyit var. Mən də çıxdım, ayağını gördüm. Amma baxmadım. Qorxub içəri girdim. Kim olduğunu bilmədik. Sonra İslamın telefonundan
bibisi Rəfiqəyə zəng elədik. Telefon meyitin üstündə idi. Səs ordan gələndə bildik ki, ölən baldızımdır”.
Şahbaz Xəlfəyevin 7 yaşlı oğlu Bilal hadisə baş verən gün qardaşı İslamla birlikdə bibisigildə olduğunu deyib: “Axşam evə qayıtdıq, hadisədən səhər xəbər tutduq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?